Meksikanın Puebla şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Yarışın üçüncü günü millimiz üçün uğurlu olub. Belə ki, qadınlardan ibarət yığmanın üzvü Fəridə Əzizova (67 kq) bürünc medala sahib çıxıb. İdmançımız ilk döyüşdə rəqibi Fanal Lalrempuiinə (WTF) 4:0 hesabı ilə qalib gəlib. Növbəti döyüşünü serbiyalı Perisic Dojanaya qarşı keçirən taekvondoçumuz 2:2 hesablı bərabərlikdən sonra rəqibini "qızıl” xalla məğlub edib. Çinli idmançı Gvo Tun Fei üzərində 3:0 hesablı qələbədən sonra Fəridə yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə döyüşçümüz Çuanq Çia Çia (Tayvan) ilə gərgin keçən döyüşdən məğlub ayrılıb - 5:8. Bununla da Fəridə Əzizova dünya çempionatında qadınlar arasında bürünc medala sahib çıxıb. Xatırladaq ki, idmançımız 2009-cu ildə yeniyetmələr arasında Xorvatiyada keçirilən Avropa çempionatının bürünc mükafatçısı, 2012-ci ildə Misirdə gənclər arasında təşkil olunan dünya çempionatının, 2013-cü ildə Moldovanın Kişinyov şəhərində 16-21 yaşlılar arasında keçirilən Avropa çempionatının qalibi olub.