Nicat Ərtürk: «Müqəddəs dəyərləri heç bir xəzinə ilə müqayisə etmək olmaz»

Nicat Ərtürk: «Müqəddəs dəyərləri heç bir xəzinə ilə müqayisə etmək olmaz»

Söz və qələm əhli hər zaman kütlə arasında xüsüsi rol oynayır. Onların düşüncələri və yanaşma tərzi çoxlarından fərqlənir. Şairlər öz hisslərini misralara, yazıçılar isə məqalələrə çevirə bilir. Oxucu isə onların düşüncələri ilə tanış olub, hadisələrə münasibət bildirir. Özünəməxsus düşüncələrini misralara köçürən gənc şairlərdən biri də Nicat Ərtürkdür. Onun yaradıcılığında vətən, torpaq və millət kimi müqəddəs anlamlar əsas rol oynayır. Nicat müəllimlə söhbət zamanı biz bir daha bunun şahidi olduq. Şeirdən az danışsaq da, baş vermiş son hadisələri onun baxış bucağı ilə müzakirə etdik. Nicat Ərtürklə müsahibəni «Olimpiyadunyası.com» və «Olimpnews.az» saytının oxucularına təqdim edirik.    

 

- Nicat müəllim, əvvəlcə oxucularımıza özünüz barədə qısa məlumat verərdiniz.

 

-  Mən Nicat Qasımzadə (Ərtürk) 1982-ci ildə Naxçıvanın MR-ın Sədərək rayonunun Sədərək kəndində dünyaya göz açmışam. Sədərək 1 saylı məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Regionlararası Akademiyanın iqtisadiyyat fakültəsinin məzunu olmuşam. Ali təhsilli iqtisadçıyam. Eyni zamanda yaradıcılıqla məşğul oluram. «Zirvələrin fatehi 70» və «Səsləyir Zəngəzur, Qarabağ bizi» adlı kitabların müəllifiyəm. Ailəliyəm. Ayşən və Aycan adlı iki övladım var.

 

- Bu gün ən çox bəhs olunan mövzulardan biri də pandemiyadır. İstərdik sizinlə də bu barədə bəzi məqamlara toxunaq.  

 

- Bəli. Pandemiya əsas müzakirə obyektlərindən biridir. COVİD-19 pandemiyası bütün bəşəriyyət üçün bir bəla sayılır. Planetin hər bir sakini bu dəhşətli virusla mübarizə aparır. Bütün dünyanı bürüyən koronavirus ölkəmizdən də yan keçmədi. Məhz ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımları nəticəsində ölkəmiz bu bəla ilə mübarizədə digər ölkələrə nisbətən az itki verdi. Ölkə vətəndaşları dövlətin tələblərini yerinə yetirməklə, «biz birlikdə güclüyük» şüarını rəhbər tutdular. Budur xalqın ölkə başçısına inamı.  

COVİD-19 pandemiyası insanlıq üçün bir sınaq idi. Fiziki və mənəvi cəhətdən güclü olan insanlar gözə görünməz virusa təslim olmadılar. Amma hələ heçnə bitməyib. Son dərəcə ehtiyatlı olmalıyıq. Sosial məsafəni qoruyub və zəruri tələbləri yerinə yetirməliyik. 

 

- Karantin dövründə biz nə əldə etdik?

 

- Hər bir çətinliyi mənəvi və psixoloji cəhətdən dəf etmək mümkündür. Daxili aləmin zənginliyi bunun üçün əsas silahdır. Panedmiyanın müsbət tərəfləri də az olmadı. Biz ailə dəyərlərinin nə qədər müqəddəs olduğunu hiss etdik. «Evdəqal» çağırışından sonra ailəmizə və doğmalarımıza daha çox vaxt ayıra bildik. Karantin dövründə övladlarımızın təhsili ilə daha yaxından maraqlandıq. Evdəkilərin çəkdiyi zəhməti daha yaxından hiss etdik. Halbuki, pandemiyadan əvvəl iş qrafikimizin gərgin olması ilə biz bütün bunları kənardan izləyirdik. Bir daha qeyd edim ki, pandemiya bizə mənəvi dəyərlərin zənginliyini və müqəddəsliyini bir daha xatırlatdı. Bu, bir fürsət idi. Çoxdandır ki, belə bir istirahət etməmişdik. Mövcud vəziyyətdən yararlanıb, yaradıcılıqla da məşğul oldum. Hiss etdim ki, yaradıcı insan yalnız sakit və rahat bir şəraitdə düşüncələrini kağız üzərinə köçürə bilər. 

 

- Virus bizi doğmalarımıza mənəvi cəhətdən yaxınlaşdırdı. Bu fikirlə razılaşırsınız?  

 

- Virus və pandemiya bəşər cəmiyyəti üçün yad bir nüans deyil. Hər əsrdə insanlar belə bir xəstəliklə üz-üzə qalıb. Böyük itkilər bahasına da olsa, yer üzünün əşrəfi virusa boyun əyməyib. Sosial məsəfə və yaxın insanlarla təmasdan uzaq olmaq tələbi bizi biri-birimizdən müvəqqəti olaraq ayırıb. Amma biz indii hər şeyin qədrini yaxşı bilirik. İllər boyu baş çəkmədiyimiz və telefonla danışdığımız yaxınların isanların həsrətini çəkirik. Bunu bizə virus xatırlatdı. Doğrudan da, müqəddəs dəyərləri heç bir xəzinə ilə müqayisə etmək olmaz. 

- Şairlər üçün hər zaman əsas mövzulardan biri Qarabağ sayılır. Sizin «Səsləyir Zəngəzur, Qarabağ bizi» kitabınız bu mövzuya həsr olunub. 

 

- Qarabağ bizim yaralı yerimizdir. Biz doğma yurd-yuvamızın və ərazi bütövlüyümüzün qorunması üçün minlərlə şəhid qurban vermişik. Onların ruhu qarşısında daim baş əyirik. Erməni xisləti və mənfur düşmən anlamı hər zaman aktual olaraq qalır. Tarixi və kökü olmayan bir toplu bu gün dilbər güşələrimizdə torpaq iddiası ilə çıxış edirlər. Tarixən ermənilər bizim düşmənimiz olub. Bu hər zaman belə də davam etməlidir. Gələcək nəsillərə biz bu gün bunları aşılamalıyıq. Bir vətəndaş kimi, əminəm ki, itirilən torpaqlarımızı yaxın müddətdə geri qaytaracağıq. Bizim güclü Ali Baş komandanımız və cəsur ordumuz var. Qəhrəman və mərd millətimiz hər zaman dövlətin yanındadır. İllərdən boyu düşmənlərin ərazi iddiasına layiqincə cavab verən xalqımız Qarabağı da unutmur, onu Azərbaycanın tərkib hissəsi kimi tanıyır.  Mən «Azərbaycan» şeirimdə bu məqamlara toxuna bilmişəm.

 

 

Zaman zaman parçalandı,

Doğma yurdum Azərbaycan,

Millətimə gor qazıldı, 

Sinəndə Can Azərbaycan!

 

Təbrizim düşüb aralı,

Kərkükün qəlbi yaralı,

Qarabağ başı qaralı,

Tüğyan elər Azərbaycan,

 

Gözəl Göyçə gölü indi,

Yad əlində qan ağlayır,

Qərbi Azərbaycanımı,

Murdar düşmən tapdayır,

 

Gürcü çaldı Borçalını,

Rusa bənd oldu Dərbənd,

Mosul, Mərənd bir tərəfə,

Qarabağ da yeni bir dərd,

 

 

Talan olur Azərbaycan,

Güllü-Gülüstanlı məkan,

Parçalanıb hissə-hissə,

Viran olur Azərbaycan. 

 

- Uşaqları milli-vətənpərvərlik ruhunda böyüdə bilirikmi?

 

- Bu gün gənc nəsilin milli-vətənpərvərlik ruhunda böyüməsi vacib şərtdir. Lakin televiziya kanallarında hərbi vətənpərvərlik ruhunda verilişlər çox azdır. Milli qəhrəmanlarımızla bağlı heç bir sosial çarx, verilişə rast gəlmək olmur. Bu nüansa çox ciddi fikir verməliyik. Televiziyalardan fərqli olaraq sosial şəbəkələrdə vəziyyət tam əksinədir. Bu bizi sevindirir. Görünür dövrün tələbi bu cürdür. Sosial şəbəkələrdə 7-8 yaşlı uşaqların hərbi geyimdə vətənə və qəhrəmanlara aid şeir deməsi, gözəl hisslərdir. Həmin uşaqlar bizim gələcəyimizdir. 

 

- İdmana necə, marağınız var? Övladlarınızı bu istiqamətə yönəldə bilmisinizmi?

 

- Mən gənc yaşlarımda idmanla məşğul olmuşam. Naxçıvanda karate-do idman növünün sirlərinə yiyələnmişəm. İranda keçirilən yarışlarda iştirak etmişəm. İdman çox gözəl bir məşğuliyyətdir. İnsana fiziki güclə yanaşı, mənəvi zənginlik bəxş edir. Qızım Ayşən 8 yaşında olarkən akrobatika ilə məşğul olub. Yaşıdları arasında Azərbaycan birinciliyinin qalibidir. İstərdim ki, hər bir ailə idmanla məşğul olan uşaqların sayı çox olsun. İdman doğrudan da sağlamlığın rəhnidir. Mən sonda, «Olimpiya dünyası»sı qəzetinin rəhbərliyinə və kollektivinə bu şərəfli işində uğurlar diləyirəm. Təşəkkür edirəm ki, belə bir günlərdə mənimlə əlaqə saxlayıb, bu yazını ərsəyə gətirdiniz. Çox sağolun!

 

Anar Əhmədov