Nuru Paşa: «BİZ BURA ÖLMƏYƏ GƏLDİK, DÖNMƏYƏ YOX»…

Nuru Paşa: «BİZ BURA ÖLMƏYƏ GƏLDİK, DÖNMƏYƏ YOX»…

1917-ci ilin sonlarında Qafqaz cəbhəsində və Cənubi Qafqazdakı hadisələr haqqında aldığı məlumatlardan sonra Ənvər paşada Rusiyanın müsəlman xalqlarına, o cümlədən Azərbaycan türklərinə konkret hərbi-siyasi kömək göstərmək meyli gücləndi. Ənvər paşa ilk vaxtlar qardaşı Nuru paşanın rəhbərliyi ilə Tehranda xüsusi bir qurum yaratmaq və həmin qurum vasitəsilə Azərbaycan, Dağıstan, Türküstan və hətta Əfqanıstanda cərəyan edən proseslərə fəal təsir göstərmək niyyətində idi. Bu planı bütünlüklə reallaşdıra bilməsə də, Qafqaz İslam Ordusunun yaradılması ilə Azərbaycan və Dağıstandakı Milli azadlıq hərəkatını dəstəkləməyə müvəffəq oldu. Ənvər paşa Qafqaz İslam Ordusu adı altında türk zabitlərinin rəhbərliyi və iştirakı ilə Azərbaycanda üç piyada diviziyadan ibarət hərbi korpus yaradılmasını planlaşdırırdı. 1918-ci ilin əvvəllərində Nağı Şeyxzamanlının başçılığı altında Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüşdükdən sonra Ənvər paşa qəti olaraq, Azərbaycan türklərinə hərbi yardım göstərmək qərarına gəldi. Həmin qərarın uğurla həyata keçirilməsinə, Azərbaycan türklərinin böyük ümid bəslədiyi hərbi yardımın vaxtında və yetərincə çatdırılmasına qətiyyətlə girişən Ənvər paşa bu mühüm və çətin vəzifəni yerinə yetirəcək zabitlərin seçilməsinə də xüsusi diqqət yetirirdi. Qəbul olunmuş qərara əsasən, Azərbaycana göndəriləcək zabitlərin rütbəsi bir pilə artırılmalı və onlara ikiqat əmək haqqı verilməli idi.

Ənvər paşa Qafqaz İslam Ordusuna kimin başçılıq edəcəyinə də böyük əhəmiyyət verirdi. Bu vəzifəyə başqa namizədlərin də olmasına bxmayaraq, Ənvər paşa Qafqaz İslam Ordusu komandanı vəzifəsini qardaşı Nuru paşaya etibar etmişdi. Qafqaz İslam Ordusunun struktur baxımından tabe olduğu Şərq ordular qrupunun komandanı vəzifəsinə isə Ənvər paşanın yaxın qohumu Xəlil paşa təyin edildi. Bununla o, Azərbaycan türklərinə hərbi yardım göstərilməsini özünün daha çox etibar etdiyi yaxın qohumlarına həvalə etdi. 1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkil olunması və onun qarşısında duran vəzifələrə dair təlimnaməni təsdiqlədi. Bu təlimnamədə Qafqaz İslam Ordusunun təşkili prinsipləri və onun qarşısında duran vəzifələr konkret olaraq müəyyənləşdirildi.

Nuru paşa 1918-ci il martın 2-ci yarısında 20 nəfərlik bir heyətlə Azərbaycana doğru hərəkətə başladı. Martın 25-də onun heyəti Mosul şəhərinə çatdı. Aprelin əvvəllərində Nuru paşa öz heyəti ilə birlikdə Mosul-Təbriz-Naxçıvan-Qarabağ-Yevlax-Gəncə yolu ilə Azərbaycana doğru istiqamət götürdü. 1918-ci il mayın 24-də Yevlaxda, mayın 25-də isə Gəncədə Nuru paşanın qarşılanması mərasimi keçirildi. O, Azərbaycandakı hərbi-siyasi vəziyyətlə tanış olduqdan sonra bolşevik-daşnak qüvvələrinin müqavimətini qırmaq üçün, qısa müddət ərzində, Milli hərbi struktur formalaşdırılmasının qeyri-mümkün olması qənaətinə gəldi. Bu barədə o, 3-cü ordu komandanı Vehib paşaya təcili məlumat göndərdi və dövlət orqanları qarşısında Azərbaycana türk hərbi qüvvələrinin göndərilməsi barədə məsələ qaldırılmasını xahiş etdi. 1918-ci il iyunun 4-də Batumda iki dövlət arasında imzalanan müqavilədən sonra Nuru paşanın vəsatəti əsasında 5-ci Qafqaz firqəsi Azərbacana göndərildi. Nuru paşa türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusunun komandanı olmaqla bərabər, Azərbaycan hökumətinin qərarı əsasında Milli hərbi hissələrin formalaşdırılmasına rəhbərliyi də öz üzərinə götürdü. Onun qarşısında Bakı Sovetinə tabe olan bolşevik-daşnak hərbi qüvvələrinə, erməni silahlı dəstələrinə qarşı mübarizəni təşkil etmək, Azərbaycanın Milli hərbi hissələrinin formalaşdırılmasına nail olmaq, Qafqaz İslam Ordusunun komandanlığı altında olan qüvvələrin təchizat və təminat məsələlərini həll etmək kimi mürəkkəb vəzifələr dururdu. İncə və çevik hərbi duyuma malik olan Nuru paşa ona həvalə olunmuş hərbi vəzifələrin öhdəsindən bacarıqla gəldi. Azərbaycan hökumətinin və xalqın dəstəyi ilə onun komandanlığı altında olan hərbi qüvvələr qısa vaxt ərzində Gəncədən Bakıya qədər uğurlu döyüş yolu keçdilər.

Döyüşlərin getdiyi müddətdə Nuru paşa Əlahiddə Azərbaycan korpusunun komandiri Əliağa Şıxlinski ilə birlikdə üç dəfə birbaşa cəbhə xəttində olmuşdu – 1918-ci il iyunun 18-də Qaraməryəm cəbhəsində, iyulun 5-də Ağsu cəbhəsində, sentyabrın 10-da isə Bakı cəbhəsində olan Nuru paşanın qüvvələrin yenidən səfərbərliyə alınmasında, döyüş planlarının taktiki baxımdan təkmilləşirilməsində böyük rolu oldu.

Bakının azad olunması (1918) üçün keçirilən həlledici hücumun planı Nuru paşa tərəfindən hazırlanmışdı. Şəhərin azad edilməsindən sonra Cümhuriyyət Hökumətinin başçısı Fətəli xan Xoyski öz minnətdarlığını və təbrikini Nuru paşaya bu sözlərlə bildirmişdi: «…Komandanız altında bulunan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətin, zati-həmiyyəti-pərvəranələrizə və dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm».

Qarabağın erməni silahlı dəstələrindən təmizlənməsinə başlamazdan əvvəl də – 1918-ci il oktyabrın 1-də Nuru paşa Ağdama gəldi, döyüşlərə hazırlaşan türk-Azərbaycan hərbi qüvvələrinin vəziyyəti ilə yaxından tanış oldu.

Ənvər paşa türk ordusunda kifayət qədər yüksək vəzifələrdə olan alman zabitlərinin diqqətini Bakını azad etmək əməliyyatından yayındırmaq üçün, rəsmi olaraq, 1918-ci il avqustun 4-də 3-cü ordu komandanına göndərdiyi məktubunda yazırdı: «Nuru paşaya çatdırılması lazımdır: əmri qəti edirəm ki, Bakıya heç bir surətlə tərəfimizdən dücari-təərrüz (hücum) olmayacaqdır. Bundan başqa hansı çətə (silahlı dəstə) olursa-olsun və haradan gəlirsə-gəlsinlər Bakıya qarşı heç kimsənin irəliləməsi haqda təkmili-nüfuzunuzu istemal etməlisiniz…». Bununla alman hərbçilərini duyuq düşməyə qoymayan Ənvər paşa eyni zamanda, Nuru paşanın yanına şəxsi nümayəndəsini göndərib tələb etdi ki, rəsmi məktublara fikir verməsin və Bakının azad olunmasını teziklə başa çatdırsın. Bundan əlavə, Ənvər paşa Bakının azad olunması əməliyyatını qələbə ilə başa çatdırmaq üçün 15-ci türk diviziyasının da Azərbaycana göndərilməsinə nail oldu.

Ənvər paşanın Bakının azad edilməsinə nə qədər böyük önəm verdiyi onun Nuru paşaya göndərdiyi teleqramdan da aydın görünür: «Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərininin zəbti xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edirəm».

Bakı azad edidikdən sonra Ənvər paşa onun mühafizəsinin gücləndirilməsinə də xüsusi əhəmiyyət verirdi. 1918-ci il oktyabrın 1-də Nuru paşaya məktubunda o, Bakının dənizdən mühafizəsinin gücləndirilməsini tələb etdi. Bu məsələnin həlli və bütünlükdə Azərbaycan Milli hərbi qüvvələrinin möhkəmləndirilməsi üçün, Ənvər paşanın əmri ilə 1918-ci il oktyabrın əvvəllərində Azərbaycana çoxlu silah və sursat göndərildi. Türk hərbi qüvvələri Azərbaycanı tərk etmiəyə məcbur olduqda, Osmanlı dövlətinin Qafqaz siyasətinin əsas təşəbbüskarlarından biri olan Ənvər paşa Nuru paşanın diqqətini Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə yönəltməyə çalışırdı. O, 1918-ci il oktyabrın 15-də Nuru paşaya ünvanladığı məktubunda yazırdı: «Düşmənlərlə… sülh yapmaq məcburiyyətinə gəldim. …Bizim vəziyyətdə Azərbaycanın istiqlalını təmin qayət mühümdür».

Birinci dünya müharibəsinin nəticələrinə əsasən, Osmanlı hökuməti istefa vermək məcburiyyətində qaldıqda, Ənvər paşa Azərbaycana gəlmək və ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət göstərmək niyyətində idi. O, 1918-ci il oktyabrın 23-də Xəlil paşaya göndərdiyi məktubda yazırdı: «Ümumi vəziyyətin sülhə getməmizi icab etdiyini yazmışdım. Bu vəziyyətdə Azərbaycanın təşəkkülünü təmin etməyi mühüm bir vəzifə bilirəm. Əvvəla, oranın təşkilatının ikmalı üçün Adam, silah, cəbbəxana ilə həmən yardım edilsin. Buradan ora 700 min lirə göndərirəm. …Başladığımız üçün çəkilmək üzrəyüz. Mən işsiz indi sıxılacağımdan bəlkə Azərbaycana indilik səyahət üçün, bilaxərə də orada bir həyat əsəri görərsəm, büsbütün qalmaq üçün hərəkəti düşünürəm».

Mudros barışığının (1918) şərtlərinə əsasən türk hərbi qüvvələri bölgəni tərk etməyə məcbur olduqda, Nuru paşa Azərbaycanda qalıb fəaliyyətini davam etdirmək istəyirdi. Ancaq ingilis hərbi komandanlığı buna imkan vermədi. Azərbaycanı tərk etməli olan Nuru paşa 1918-ci il noyabrın sonlarında Gəncəyə gəldi.. Noyabrın 29-da Gəncə bələdiyəsində Nuru paşanın və onun xidmət yoldaşlarının yola salınması ilə bağlı ziyafət verildi. Nuru paşa bu ziyafətdə çıxış edib, türkçülük və turançılıqla bağlı geniş nitq söylədi. Nuru paşa demişdir: «Biz bura ölməyə gəldik, dönməyə yox.»

Nuru paşa Batum-Artvin-Ərdəhan-Qars-Ərzurum-Trabzon yolu ilə İstanbula qayıtdı. İnglislər tərəfindən təqibə məruz qalan Nuru paşa Hərbi Nazirliyin polisləri tərəfindən həbs edilib ingilislərə təhvil verildi. O, Batum həbsxanasına gətirildi. İngilislər onlara qarşı vuruşduğuna və Azərbaycanda göstərdiyi hərbi şücaətlərinə görə Nuru paşanın edamına qərar verdilər. Azərbaycan mili azadlıq hərəkatının fəalları Nuru paşanın rəsmi yolla azad edilməsinin mümkün olmadığını biləndə Batum həbsxanasına silahlı basqın təşkil edilməsini qərarlaşdırdılar. Bunun üçün Batuma xüsusi dəstə göndərildi. 1919-cu ilin yayında həmin dəstə Batum həbsxanasına basqın etdi. Əməliyyat zamanı itki verilsə də Nuru paşanı azad etmək mümkün oldu. O, Artvin-Sarıqamış yolu ilə Ərzuruma gəlsə də, bir müddət sonra Bakıya qayıtdı. 1920-ci ilin aprelində Sovet qüvvələrinin Azərbaycana təcavüzü ərəfəsində Nuru paşa Dağıstan ərazisində fəaliyyət göstərir, yerli Milli müqavimət qüvvələrinin yaradılmasına çalışırdı..Sonra yenidən Azərbaycana dönən Nuru paşa 1920-ci ilin iyununda Qarabağda bolşevik rejiminə qarşı alovnanan xalq üsyanının rəhbərlərindən biri oldu. Üsyan yatırıldıqdan sonra isə Nuru paşa Türkiyəyə döndü.

Hərbi xidmətdən ayrılandan sonra Nuru paşa İstanbulda dəmir-tökmə fabriki açdı. Bir sıra digər məhsullarla bərabər, bu fabrikdə hərbi təyinatlı məhsuların da istehsalı mənimsənildi. 1949-cu il martın 2-də fabrikdə naməlum səbəblər üzündən baş vermiş partlayış nəticəsində həlak oldu.

Müttəfiqlər tərəfindən məğlub edilmiş Osmanlı dövləti üçün təslim olan Mudros barışığı (1918) imzalanandan sonra Ənvər paşanın da həyatına təhlukə yarandı. Belə olduqda o, 1918-ci il noyabrın 8-də hökumətin bir neçə üzvü ilə birlikdə Azərbaycana gəlmək üçün gizlicə Türkiyəni tərk etmək məcburiyyətində qaldı. Alman gəmisi ilə Krıma gələn Ənvər paşa Şimali Qafqazda hərbi şəraitin kəskinləşməsi üzündən Azərbaycana gələ bilmədi və Moskvaya getdi. Ənvər paşa burada «İslam ihtilal cəmiyyətləri ittifaqı»nı yaratdı. Bu cəmiyyətin nümayəndəsi kimi Azərbaycana gəldi və 1920-ci il sentyabrın 1-7-də Bakıda keçirilən Şərq xalqlarının qurultayında iştirak etdi. Qurultayda iştirak edən türk kommunistlərinin tələbi ilə onun çıxışına imkan verilmədikdə, Zinovyevin təklifi ilə Ənvər paşanın çıxışının mətni bolşevik tərəfindən oxundu.

Lakin bolşevik hökuməti ilə əməkdaşlığın onun əqidəsinə zidd olduğunu anlayan Ənvər paşa 1922-ci ildə yenidən Bakıya gəldi və buradan Türküstana keçdi. Türküstanda sovet-bolşevik işğalçılarına qarşı azadlıq mübarizəsinə qoşuldu. Ənvər paşa 1922-ci il avqustun 4-də indiki Tacikstan ərazisində, Abi-Dərya çayı kənarında bolşevik qüvvələrinə qarşı döyüşdə şəhid oldu. XX əsrin 90-cı illərində onun cənazəsinin qalıqları İstanbula gətirilərək, burada torpağa tapşırıldı.