Azərbaycan gəncliyi vətənpərvər ruhda tərbiyə olunur

Azərbaycan gəncliyi vətənpərvər ruhda tərbiyə olunur

Vətənpərvərlik mövzusu dövlətimizin apardığı gənclər siyasətinin ana xəttini təşkil edir. Bu siyasət vətənin istiqlalı, torpaqların uğrunda apardığı mübarizədə gənc nəsilə yardım edir, onların əsil vətənpərvər insan, vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Azərbaycan dövlətinin vətənpərvərlik sahəsində həyata keçirdiyi tədbirlər ölkəmizin gənc nəslini vətəni sevməyə, torpağımızın hər qarışı uğrunda mübarizə aparmağa səsləyir.
Vətən bizim yaşadığımız kənddən,şəhərdən qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan çəmənlərdən, yamyaşıl meşələrdən, bulaqlardan, çoşqun çaylardan, mavi göllərdən başlanır. Vətən müqəddəsdir, ülvidir. Onun dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.
Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən,onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən.
"Vətən” kəlməsi dərin məna daşıyan bir sözdür. Onun məzmunu, qayəsi də yüksək və hikmətlidir. Biz ana dedikdə vətəni, vətən dedikdə anamızı düşünürük. Çünki vətən də bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi vətən müqəddəsliyi, vətən ucalığıdır. Vətənimizin gözəllikləri şairlərimizin, yazıçılarımızın əsərlərində geniş əksini tapıb. Bəstəkarlarımız vətənimizin füsunkarlığına musiqi bəstələyiblər, mahnılar qoşublar.
Vətən sevgisi, vətənpərvərlik əbədi bir qəlb alovudur ki, o, heç vaxt sönmür, gücünü itirmir. Elə buna görədir ki,insan bu sevgiyə köklənəndə sanki dünyanın bütün gücü onun qoluna toplanır, o, öz gücünü vətənin azadlığına, müstəqilliyinə yönəldir. Bu gün Azərbaycanın gənc nəsli ana ocağına, ata yurduna -bu müqəddəs torpağa bağlıdır. Vətənimizin hər bir qarışı gənclərimiz üçün doğmadır. Bu doğmalıq vətənpərvərlikdən qidalanır.
İnsan qəlbinin ən böyük nəğməsi və
tən nəğməsidir. Sonsuz əngəlliklərə, doğma torpağa dikilmiş gözlər, hələ beşikdə çırpınan balaca körpələrimizin ürək qəlbləri ancaq bu nəğməni zümzümə edir. Vətən nəgməsini hərə bir cür oxuyur. Onu döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə də oxuyanlar olub. Həsrət dolu bayatılarımız da vətən sevgisini özündə əks etdirir. Anaların beşik başında oxuduğu laylalar körpələrə vətən sevgisi aşılayır.
Hər bir vətəndaşın müqəddəs borcu vətənə, onun çiçəklənməsinə xidmət etmək, vətənin hər qarış torpağına sinəsini sipər edib onu qorumaqdır. Xüsusən indiki vaxtda, vətən torpaqlarının 20 faizinin yağı tapdağı altında olduğu bir zamanda vətən bizdən daha böyük hünərlər gözləyir. Orta məktəblərdə təhsil alan hər bir gənc azərbaycanlı bu gün vətən borcunu oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda xidmət etməklə, iqtisadiyyatın və mədəniyyətin inkişafına yardım göstərməklə ödəyəcək. Unutmaq olmaz ki, vətəni qorumaq, onu inkişaf etdirmək və çiçəkləndirmək hər bir Azərbaycan vətəndaşının şərəf işi, vətəndaşlıq borcudur.


Hər bir insan öz əməyi ilə, öz əməli ilə vətənpərvər ola bilər

Vətənpərvərlik hissi ilk baxışdan mücərrəd görünür. Lakin bu anlayış əslində konkret əməllərdə təzahür edir. Vətəni sevmək, vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa bir sənət, peşə sahibi olmağa lüzum yoxdur. Vəzifəsindən asılı olmayaraq, hər bir kəs - fəhlə də, həkim də, alim də vətən üçün yaşaya, öz əməli ilə vətənin şan-şöhrətini ucalda bilər. Bunun üçün ürəkdə təpər, istək, təəssübkeşlik olmalıdır. Əsgər döyüş meydanlarında vuruşur, torpaqlarımızı qorumaqla vətən qarşısında borcunu səngərdə yerinə yetirir. Fəhlənin, mühəndisin əməyi ilə yurdun iqtisadi qüdrəti artır. Alimin əməyi isə vətənin qüdrəti üçün əvəzsizdir. Bu isə o deməkdir ki, vətənpərvərlik təkcə əldə silah tutmaqdan ibarət deyil. Qeyd etdiyimiz kimi, hər bir insan öz əməyi ilə, əməli ilə vətənpərvər ola bilər.
Vətəndaşlıq borcu, ilk növbədə, insanın yaşadığı torpaqla, vətənlə bağlıdır. Yəni vətən borcu vətəndaşlıq borcudur. Ana vətənimiz Azərbaycan Cavanşir, Babək, Koroğlu, Mehdi, Qafur, Həzi, Əlif, Mübariz, Fərid kimi igidlər yurdudur. Bu qəhrəmanlar vətəmizin azadlığı, xoş həyatı naminə mübarizə aparıb, bu yolda öz canlarını qurban veriblər.
Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş isə öz vətənini qəlbi ilə sevən insandır. Belə insanlar yurdun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. Vətən uğrunda canından keçən qəhrəmanlar isə əbədi bir həyata qovuşur, onların adı şərəflə yad edilir. Heç birimiz Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanları unutmuruq. Gənc yaşlarında əbədiyyətə qovuşan bu vətən övladları doğma yurda sədaqət rəmzi, məhəbbət simvoludurlar. Azərbaycanın gənc nəsli onlardan örnək götürməklə, onlara oxşamaqla doğma yurdun keşikçilərinə çevrilirlər.

Vətənpərvərlik hissləri filmlərdə də təbliğ olunur
Vətənpərvərlik, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi bədii əsərlərdə, son dövrlərdə istehsal olunan bədii və sənədli filmlərdə də geniş təbliğ olunur. Xalqımızın başına gətirilən faciələrin əks edildiyi "Fəryad”, "Ağ atlı oğlan”, "Biz qayıdacağıq”, "Yaddaş”, "Xoca” və digər filimlər gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır. Eyni zamanda, belə filmlər qanlı tariximizi yaddaşlarda yaşadır. Qarabağ müharibəsi, bəşər tarixinin ən böyük soyqrımı olan Xocalı faciəsinin dəhşətləri bu kimi filmlərdə bütün çılpaqlığı ilə nümayiş etdirilir. Bu gün kinoteatrlarda, televiziya kanallarında izlənilən bu filmlərin xarici ölkələrdə nümayiş olunması olduqca vacibdir. Sevindirici haldır ki, respublikamızın televiziya kanalları bu işə xüsusi diqqətlə yanaşır. Xalqımızın başına gətirilən fəlakətlərin təsvir olunduğu belə filimlərin xarici ölkələrdə nümayiş edilməsi tarixi həqiqətləri üzə çıxarmaqda mühüm rol oynayır.
"Vətən” anlayışının müqəddəsliyi dahi Üzeyir Hacıbəylinin "Koroğlu” üverturasını dinləyəndə, Mirzə Ələkbər Sabirlə Cəlil Məmmədquluzadəni oxuyub dərk etməyə başlayandan duyulur. Bu müqəddəslik hər bir insanın qəlbini fəth edərsə, vətən darda qalmaz. Unutmaq olmaz ki, vətən təkcə torpaq, yurd-yuva demək deyil və onun dünəninə də, bu gününə də, sabahına da hər birimiz cavabdehik. Vətən yalnız ona görə böyük deyil ki, onun qəhrəmanlıqla dolu, sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən ona görə böyük və qiymətlidir ki, o , bizim yurdumuzdur. Hər bir Azərbaycan övladı vətənini qorumalı və onu öz anası tək sevməlidir. Bu, hamımızın müqəddəs borcudur.
Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. Vətən əbədi və əzəlidir. Onun göylərində qəhrəman əcdadlaımızın ruhları dolaşır. Bu vətəni bizlərə babalarımız ərmağan ediblər. Əcdadlarımız onun uğrunda vuruşub, qan töküb, müqəddəs torpağın sərhədlərini yağılardan qoruyublar. Vətən gələcək nəsillərə ötürüləcək. Bugünkü Azərbaycan gəncliyinin ən müqəddəs vəzifələrindən biri də torpaqlarımızın bütöv şəkildə gələcək nəsillərə ötürülməsidir.
Vətən yalnız üstündə gəzmək, qayğısız ömür sürmək, onun sərvətlərindən bəhrələnmək üçün məkan deyil. Vətən hər an keşiyi çəkilməli, hər an müdafiyə olunmalı bir məkandır.
Vətən bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin vəhdət təşkil etdiyi müqəddəs bir varlıqdır. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir ərazi deyil. O, xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Ata-babalarımız bu torpaqlarda yaşayıb, onu becərib, qoruyub, onun uğrunda vuruşublarlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik zirvəsinə yüksəliblər.
Müqəddəs kitabımız olan "Qurani-Kərim”də vətənin müqəddəsliyi barədə ibrətamiz kəlamlar yer alıb. "Vətəni sevmək Allaha imandandır”, - deyiblər. Bu kəlam vətən sevgisinin əhəmiyyətini ön plana çəkir. Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: "Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.” Bu sözlərin əhəmiyyəti çox böyük, mənası çox dərindir.


Vətəni və vətəndaşı sevmək həm də əxlaqi keyfiyyətdir
İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Vətən ana qədər sevilməli, qorunmalıdır. Bu, insanı ucaldan, onun dəyərini artıran əxlaqi keyfiyyətdir. Hər bir fərd qəlbində millət, xalq və dövlət sevgisi daşıyır. Vətən, yurd sevgisi təkcə insanlara məxsus deyil. Yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar belə havalar istiləşincə geriyə - vətənlərinə dönürlər.
Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə, bu sevgi kamil sayılmır. Tədqiqatçıların fikrincə, hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır. Xalq - müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir, vətən qarşısında eyni məsuliyyəti daşıyır.
Mənsub olduğun dövlətin atributlarına olunan hörmət vətənə olan sevgidən irəli gəlir. Vətənin gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Azərbaycanın Dövlət gerbi - qalxanı xatırladan bu simvol dövlətimizin sülhsevər olduğunu nəzərə çatdırır. Doğrudan da, bizim heç kimin torpağında gözümüz yoxdur. Azərbaycanın qüdrətli ordusu yalnız və yalnız doğma vətənin keşiyini çəkmək vəzifəsini daşıyır. Bu ordunun əsgərləri bir nəfər kimi müqəddəs torpaqlarımızın varlığını qoruyur.
Gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən Dövlət himnimiz analarımızın laylası qədər əzizdir. Himnimiz xalqımızın güc və güdrət nərəsidir. Himn oxunarkən onun qəlbi riqqətə gətirən səsi ayaq üstə dinlənilir. Himnimizin hər bir misrası və hər bir kəliməsi qəhrəman ata - babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir. Müxtəlif beynəlxalq yarışlarda Azərbaycan idmançılarının əldə etdiyi qızıl medal bayrağımızın dalğalandırılmasına, himnimizin səsləndirilməsinə səbəb olur. Hər hansı bir ölkədə üçrəngli bayrağımızın əzəmətlə dalğalanması hamımızın qəlbini qürur hissi ilə doldurur. Həmin anları izləyən gənclərimizin milli mənlik şüuru daha da inkişaf edir. Onlarda vətənpərvərlik hissləri çoxalır.
Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməyib.
Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir. Bir xalqın, millətin vətənpərvərliyi, onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür.
Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq vətənimizi düşmən ayağına verməyiblər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevib, onun qədrini bilib, vətən naminə canlarını qurban verməkdən çəkinməyiblər. Bu igid vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərib, şərəfli bir iz qoyublar. Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi tarixi keçmişimizdirsə, bu günümüzün qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlarımız Qarabağ savaşının qəhrəmanları, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərdir. Vətəni sevən, vətən yolunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, qədirbilən xalqımızın qəlbində əbədi yaşayırlar.


Bu məmləkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur
Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda respublikamızda yaşı bir neçə min il olan Azıx mağarası, Qobustan qayaüstü rəsmləri kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər var. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dahilər verib. Onları təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar. Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsi isə tariximizin ən parlaq səhifələrini təşkil edir.
Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli torpaqlarına, tükənməyən sərvətlərinə göz dikib. İgid oğullarımız, qeyrətli qızlarımız torpaqlarımızı ələ keçirməyə çalışan yadlara qarşı hər zaman rəşadətlə mübarizə aparıblar. İgidlərimiz sinəsini vətənə sipər edərək mənfur düşmənə meydan oxuyub, tarixi ənənələrimizi yaşadıblar. Bu torpaq özünə layiq igid oğullar, qızlar yetirib. Elə igidlər ki, əsrlər keçsə də, onların adı xalqımızın yaddaşında əbədi iz buraxıb, gələcək nəsillərə örnək kimi xatirələrdə qalıb.
Bu torpaq həmişə dara düşəndə özünün igidlərinə arxalanıb. XX əsrin sonları doğma yurdumuzun üstündən qara buludlar kimi çökdü. İllər boyu bizə sığınan nankor ermənilər Azərbaycanın dilbər guşəsi Qarabağa hücum etdilər. Belə bir vaxtda yenə də yurdumuzun köməyinə onun igid oğulları gəldi. Bu savaş Azərbaycana neçə-neçə qəhrəman bəxş etdi və tarix sübut etdi ki, qəhrəman Azərbaycan oğulları həmişə vətənə sadiqdirlər, onun yolunda canlarını qurban verməyə hazırdırlar. Vətənpərvər gənclərimiz savaş meydanında sinələrini qabağa verməklə bu yurda olan sevgilərini bütün dünyaya göstərdilər. Vətənimizin bütövlüyü uğrunda şəhid olanlar sübut etdilər ki, vətəndən müqəddəs, əziz heç nə yoxdur.
Şəhidlərimiz sübut etdilər ki, düşmən nə qədər hiyləgər olsa da o, Azərbaycan övladlarının qarşısında qorxaq və acizdir. Mərd oğullarımız vətən torpaqları uğrunda həlak olsalar da, onları xalqımız unutmur, onlar bizim qəlbimizdə yaşayır və yaşayacaq.

Azərbaycanın vətənpərvər ruhda böyüyən gənc nəsli öz yurdunu işıqlı sabahlara, aydın gələcəyə aparmağa hazırdır

Ədalətsiz müharibə torpaqlarımızın 20 faizinin işğal altında qalmasına səbəb oldu. Minlərlə insan öz yurd yuvasından didərgin düşdü. Lakin bu, Azərbaycan xalqının zəif bir xalq olması anlamına gəlmir. Bu xalqın vətən sevgisi heç vaxt qəlbindən silinməyib. İşğal altında olan torpaqlarımız məhz bu sevginin sayəsində mütləq və mütləq azad olunacaq. Azərbaycanın vətənpərvər ruhda böyüyən gənc nəsli öz yurdunu işıqlı sabahlara, aydın gələcəyə aparmağa hazırdır.
Vətəninin əsl vətəndaşı olan gənclərimiz qırılmaz tellərlə xalqına elinə-obasına bağlıdır. Azərbaycan gəncliyi məhz dövlətimizdən, xalqımızdan güc aldığı üçün vətənpərvərdir. Vətəninə yurduna-yuvasına bağlılıq, vətəndaşlıq borcu bu nəslin əsas amalıdır. Şübhəsiz ki, vətənin sərhədlərini qoruyan hər bir gənc fiziki cəhətdən sağlam olmalıdır. Belə olmazsa, sərhədlərimizin toxunulmazlığını təmin etmək müşkül məsələyə çevrilə bilər. Məhz buna görə də, ölkə gənclərinin sağlam həyat tərzinin formalaşması üçün ən mühüm tədbirlər həyata keçirilir. Ölkəmizin bütün bölgələrində yeni idman qurğuları yaradılır. Bu qurğularda sağlam gənclər yetişir. Azərbaycanın ordu sıralarına məhz fiziki cəhətdən sağlam gənclər çağrılır. Belə gənclər torpaqlarımızın keşiyini çəkməklə yanaşı, həm də müxtəlif beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlarla milli qürur, vətənpərvərlik hislərini, milli mənlik şüurunun tərbiyəsini daha da gücləndirir. Gənc nəslin nümayəndələri müxtəlif yarışlarda qələbə əzmi ilə yarışırlar. Beynəlxalq yarışlarda üçrəngli bayrağımızın dalğalandırılması, himnimizin səslənməsi hər bir Azərbaycan vətəndaşının milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin keyfiyətcə yeni mərhələyə yüksəlməsinə zəmin yaradır. Eyni zamanda, medal əldə edən idmançılarımız yeniyetmə və gənclərimiz üçün nümunəyə çevrilir.
Gənc nəslə göstərilən qayğı onların milli şüurunun təşəkkül tapmasına zəmin yaradır. Tarix qarşısında öz missiyasını dərk edən hər bir millət öz gələcəyini daha xöşbəxt etmək üçün inamla və ardıcıllıqla məqsədə doğru irəliləyir. Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup baş verən baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyir. Azərbaycan gəncliyi məhz mənlik hissini, mənəvi dəyərləri üstün tutaraq vətənpərvərlik ruhunda tərbiyə olunur.
Azər Əlizadə


Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.