Jurnalistlərin vətənpərvərliyi böyük əhəmiyyət kəsb edən bir məsələdir

Jurnalistlərin vətənpərvərliyi böyük əhəmiyyət kəsb edən bir məsələdir




"Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmət tələb edən əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
Heydər Əliyev




Bəzən biz danışıqda, ifadələrimizdə tez-tez pafoslu kəlmələr işlədirik: "vətənpərvər”, "əsil azərbaycanlı”, "vətən”, "xalq qeyrəti çəkən” və s. Bəs vətənpərvər olmaq nə deməkdir? Vətənpərvər olmaq doğma yurda, el-obaya dərin hisslərlə bağlılıq deməkdir, vətənpərvərlik doğulduğun torpağın hər qarışını sevmək, onu müdafiə etmək deməkdir. Vətənpərvərlik həm də yaxşı oxumaq, təhsil almaq, sabahın savadlı, bilikli mütəxəssisi kimi yetişmək, çalışdığın, sahədə işə məsuliyyətlə, vicdanla can yandırmaqdır. Ən əsası, cinsindən, yaşından, harada yaşayıb işləməsindən asılı olmayaraq, vətəndaşı olduğun ölkənin, dövlətin maraqlarını müdafiə etməkdir.

Gəlin, etiraf edək ki, hər hansı mövzu barədə danışmaq, fikir söyləmək, mülahizə yürütmək asandır. Amma danışılanları həyatda tətbiq etmək bir qədər çətindir. Məsələn, vətənpərvər şagird öz vəzifəsini dərslərini yaxşı oxumaqda, savadlı, bilikli olmaqda, nizam-intizamda görür. O, qarşısına məqsəd qoyur ki, dərslərini yaxşı oxuyub ali məktəbə qəbul olsun və bunun üçün bütün var-qüvvəsini sərf edir. Tələbə gənclərimiz isə vətən, ailə, xalq qarşısında borclarını elm və biliklərə yiyələnməkdə, gələcəyin bilikli, savadlı mütəxəssisi kimi yetişməkdə görürlər. Hippokrat andı içmiş həkim insanların sağlamlığı keşiyində dayanmaqla, onun həyatı üçün məsuliyyət daşımaqla öz vətənpərvərlik borcunu yerinə yetirir. Mühəndis gecə-gündüz baş sındırdığı layihələri ilə insanların rifahına xidmət edir. Bəs "dördüncü hakimiyyət” adlandırılan jurnalistin vətənpərvərlik borcu nədən ibarətdir?
Jurnalistin vətənpərvərlik borcu cəmiyyətdə nəyin pis, nəyin yaxşı olduğunu ictimaiyyətə çatdırmaqdır. Həyatda, cəmiyyətdə və yaxud, hər hansı sahəsdə baş verən çatışmazlıqları, neqativ halları tənqid etmək, araşdırmaq, bu barədə televiziya və radio məkanından faktlar əsasında informasiyanı yaymaqdır. Çünki bunları "dördüncü hakimiyyət”dən başqa, heç kəs edə bilməz. Bu, adi vətəndaşın görəcəyi iş deyil. Əslində, jurnalist mövcud olan nöqsanları, çatışmazlıqları dəyişmək iqtidarında deyil, amma "dördüncü hakimiyyət” kimi ictimaiyyəti məlumatlandırmaq və cəmiyyətin, vətəndaşların diqqətini buna cəlb etmək iqtidarına malikdir. Bir sözlə, jurnalist cəmiyyətin görən gözü, eşidən qulağıdır. O, yerindən, zamanından asılı olmayaraq ətrafda baş verən hadisələrə münasibət bildirir və bu hadisələrin içində olur.

Azərbaycanın vətənpərvər jurnalistləri unudulmurlar
1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Bunun əsas səbəblərindən biri də təcavüzkar Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı azğın cinayətləri haqlı olaraq xalq kütlələrinin hiddətinə səbəb oldu. Yanvarın 19-dan 20-keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşunları küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gün 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla, ümumilikdə 132 nəfər həlak olmuşdu ki, onlardan 123-ü kişi, 5-i qadın, 4 -ü uşaq idi.
Azərbaycan xalqının qan yaddaşına çevrilən bu günləri əbəs yerə xatırlatmadım. Xalqımız üçün ağır və çətin illərdə ölkənin mərd, vətənpərvər, qorxmaz jurnalistləri baş verən hadisələri kənardan seyr etmədilər, əksinə, qələmlərini süngüyə çevirdilər. Xalqın çətin, ağır günündə Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev kimi jurnalistlər "silaha” sarılıb, vətənin müdafiəsinə qalxdılar. Bu qəhrəman insanlar, vətənpərvər jurnalistlər azadlıq, müstəqillik mücahidləri kimi canlarını Vətən yolunda fəda etdilər.

Mustafayev Alı Mustafa oğlu
Telejurnalist, publisist, şair, Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist, Milli Qəhrəman Alı Mustafayev öz adını xalqının şanlı tarixinə qürurla yazdırmağı bacaran bir Azərbaycan vətəndaşıdır. Bu insanın gördüyü işlərlə tanış olmaq üçün həyat yolunu vərəqləməyə məcburuq. Belə ki, Qazax rayonunun Qazaxbəyli kəndində anadan olan Alı müəllim Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə işə göndərilib. Burada işlədiyi müddətdə dolğun məzmunlu reportajları, oçerk və müsahibələri, eləcə də ekran həyatı verdiyi verilişləri ilə bacarıqlı, operativ teteljurnalist kimi tanınıb.
Alı Mustafayev erməni ordusunun Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan və oradakı qaynar nöqtələrədən, yüksək səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xüsusi rəğbət qazanmışdı. Təsadüfi deyildi ki, 1991-ci ildə ona səmərəli fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti” mükafatı verilmişdi.
Tanınmış jurnalist, publisist və şair A.Mustafayev 1991-ci il noyabrın 9-da Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun erməni işğalçıları tərəfindən partladılması nəticəsində şəhid oldu. Jurnalist həmkarımız ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Bakının Nərimanov rayonundakı 202 saylı orta məktəb onun adını daşıyır.

Salatın Əziz qızı Əsgərova
Jurnalist, "Molodyoj Azerbaydjana” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı S.Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft və Kimya Akademiyası) mühəndis diplomu ilə bitirən Salatının jurnalistikaya həvəsi böyük idi. Bu həvəs onu "Bakı” qəzetinə gətirib. Sonra o, jurnalist kimi fəaliyyətini "Molodyoj Azerbaydjana”da davam etdirib. Mətbuatda tutarlı, obyektiv məqalələri ilə tanınıb. Salatın Əsəgrova ölkəmiz üçün ağır - 1990-1991-ci illərdə Dağlıq Qarabağdan canlı reportajlar hazırlayır, tez-tez cəbhə bölgələrində olurdu.
Deyirlər, su səhəngi suda sınar. Salatının ailəsi, Ceyhun adlı bir oğlu var idi. O, sakitcə Bakıda, rahat evində oturub başqalarının yaşadığı həyatı yaşaya bilərdi. Amma... bacarmadı. Çünki o, vətənini, xalqını sevirdi, vətənin dar günündə baş verənlərə kənardan baxa bilməzdi. Bu, jurnalist xanım billə-bilə ölümün üstünə gedirdi. 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya gedən yolda, Qaladərəsi deyilən kəndin yaxınlığında Salatın və bir neçə nəfərin getdiyi maşın düşmən gülləsinə tuş gəldi. Azərbaycanın igid qızı, vətənpərvər jurnalist Salatın Əsgərova bu dəfə ölümün pəncəsindən xilas ola bilmədi. Vətən yolunda, onun müstəqilliyi və bütövlüyü uğrunda şəhid oldu.
Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. İndi Salatın müqəddəs Şəhidlər Xiyabanında uyuyur. Özü də rahat uyuyur. Çünki bilir ki, indi onun vətəni azaddır. Xalqımız onun xatirəsini əziz tutur. Belə ki, paytaxt küçələrdən və Bakı buxtalarından biri, eləcə də şəhid olduğu kənd Salatının adını daşıyır.

Mustafayev Çingiz Fuad oğlu
Qarabağ müharibəsinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Ç.Mustafayev 1960-cı il avqustun 29-da Həştərxanda, hərbçi ailəsində anadan olub. Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universiteti) məzunu olan Çingizin musiqiyə və jurnalistikaya böyük həvəsi olub. Son dərəcə istedadlı və bacarıqlı bu gənc Azərbaycanın mədəni-ictimai həyatında oynadığı rol onu islahatçı-yenilikçi kimi tanıdıb.
Ç.Mustafayevin jurnalistlik bacarığı özünü 1990-cı ilin 20 Yanvar hadisələri zamanı daha qabarıq göstərib. Çingiz əsl insan və vətənpərvər jurnalist kimi xalqın bu çətin günündə kamerasını çiyninə alaraq bütün baş verənləri yaddaşa köçürüb. Bunu ondan heç kim tələb etmirdi: nə ailəsi, nə işi, nə də onu əhatə edənlər. Bunu ondan Vətənə sevgisi, vətəndaşı olduğu ölkəyə sədaqəti tələb edirdi. Bunu ondan vətənpərvərliyi, milli mənlik şüuru tələb edirdi. Çünki Çingiz Mustafayev özünü düşünmürdü, xalqını düşünürdü. Azərbaycan xalqı üçün çətin və dar məqamda tanrının ona verdiyi imkanları və həyat yolunda qazandığı təcrübəsini xalqı üçün, onun azadlığı, müstəqilliyi üçün sərf edirdi.
Qeyd edək ki, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlayan Ç.Mustafayevin reportajları informasiya blokadasında olan Azərbaycan haqqında, Dağlıq Qarabağ haqqında həqiqətlərin Amerika və Avropanın aparıcı informasiya agentliklərində və televiziyalarında işıqlandırılmasına rəvac verirdi. O dövrdə dövlət televiziyasında ciddi senzura və yasaqlar mövcud idi. Bu da Çingizi, əlahiddə olaraq, 215 kl studiyasını yaratmağa məcbur etdi. Onun reportajları, bir qayda olaraq, cəbhədən olduğuna görə, tamaşaçılar 215 kl studiyasını müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev bir vətəndaş, bir jurnalist kimi Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl səlnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar məhz onun müəllifliyi və iştirakıyla aparılırdı. Qeyd edək ki, Çingiz Mustafayev Azərbaycan tamaşaçısına və dinləyicisinə qərəzsiz, dəqiq və operativ reportajları ilə tanış idisə, dünya ictimaiyyəti onu daha çox Xocalıda çəkdiyi kadrlara, reportajlara görə tanıdı. Onun teteviziya ekranlarından başı kəsilmiş, gözü çıxarılmış insanları, donmuş uşaqları ağlaya-ağlaya lentə almasını biz sonralar görəcəkdik. Bu kadrlar bizim düşmənə qarşı əlimizdə tutarlı fakt olacaqdı. Məhz onun sayəsində. Bax, budur vətənpərvərlik, bax, budur öz işinə peşəkar münasibət.
Çingiz Mustafayevin bu kadrları sayəsində Ermənistanın imici dünyada kəskin surətdə aşağı düşdü. Bütün dünya məhz bu filmin sayəsində erməni təcavüzkarlarının iç üzünü tanıdı. Maraqlıdır ki, Çingiz döyüş zonalarına bir reportyor kimi getmirdi. O, cəbhədə bir əsgər, zabit və hətta komandan vəzifəsini də üzərinə götürürdü. Laçından çıxan əsgərlərə döyüş zonasını tərk etdikləri üçün verdiyi kəskin və qısa göstərişlər, sonra bu göstərişlərin yerinə yetirilmədiyi təqdirdə onun emosional davranışları hər birimizin gözü qabağında bir kinolenti kimi canlanır. Bu, qeyrətli Vətən övladının hayqıtrısı idi, harayı idi. Bu, düşmən qarşısında əyilmək, sınmaq istəməyən bir Azərbaycan vətəndaşının, jurnalistinin harayı idi.
Çingiz Mustafayev bir telejurnalist, o dövrdə sayı az olan hərbi reportyor kimi cəbhədə fəaliyyət göstərdiyi kimi, cəhbədə də şəhidlik zirvəsinə ucaldı. Vicdanlı, cəsur, obyektiv jurnalist Ç.Mustafayev sonadək kamerasını söndürmədi və 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən qəhrəmancasına həlak oldu.
Ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi, xatirəsi əbədiləşdirildi, Çingiz Mustafayev Fondu yaradıldı. Mərhum jurnalistin adını daşıyan Çingiz Mustafayev Fondu xeyriyyəçilik işi ilə məşğuldur. 1999-cu ildən yaradılan və Çingiz Mustafayevin atasının (Fuad Mustafayev) rəhbərlik etdiyi fond müharibə veteranlarına, əlillərə, ehtiyacı olan və imkansız ailələrə yardım göstərir. Çingiz Mustafayev Fondunun əsas məqsədi kasıblara-imkansızlara əl tutmaqdır.
Bundan başqa, fond "İlin adamı”, "Ən yaxşı jurnalist” mükafatlarını təsis edir və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi” təşkil edir. KİV işçilərinin təhsil almasına da yardım göstərən Çingiz Mustafayev Fondu 2004-2007-ci illərdə talassemiyalı xəstələrə yardım edib və 2009-cu ildən bugünədək fiziki qüsurlu uşaqlara distansion təhsil proqramını təqdim edib. Fond tərəfindən 2006-cı ildə "H.Əliyev” kitabının hazırlanması, uşaq kitablarının məktəblərə və uşaq evlərinə verilməsi də təmin olunub.
Bu gün təbliğat xaraketrli,
vətənpərvərlik ruhlu yazılara böyük tələbat duyulur
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət siyasətinin əsas məqsədlərindən biri də Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasıdır. Dövlətimiz ölkə mətbuatından, onun imkanlarından respublikada dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsində maraqlıdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamlı addımlar atan Azərbaycanda azad mətbuatın inkişafı daim diqqətdə olan məsələlərdəndir. Heç kimə sirr deyildir ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri də söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasıdır.
Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə edir, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verir. Milli mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dlilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron kütəlvi informasiya vasitələrinin (KİV) üzərinə böyük məsuliyyət düşür. Bu gün təbliğat xaraketrli, vətənpərvərlik ruhunda yazılara böyük tələbat duyulur və bu, günümüzün tələbidir.
Buyaxınlarda Milli mətbuatımız 138 illiyini bayram etdi. Bu gün çiçəklənmə və tərəqqi dövrünü yaşayan mətbuatımızın əsasının qoyulması 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin adı ilə bağlıdır. "Əkinçi” qəzeti ilə öz tarixini yazan Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabi ölkəsinin ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi idi. Bundan başqa o, ölkədə ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı və təşkilatçısı, Azərbaycan müəllimlərinin I qurultayının təşkilatçısı idi. Bütün bunlar Həsən bəy Zərdabinin vətənpərvər bir insan olmasından xəbər verirdi. Görkəmli ədibimizin vətəninə, xalqına sevgisi bitib-tükənmirdi. 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən görkəmli mədəniyyət xadiminin Rusiyada ilk türkdilli qəzeti - "Əkinçi”ni nəşr etdirməsi də vətənpərvər, yüksək milli şüura malik bir azərbaycanlı gəncin gördüyü ən möhtəşəm işlərdən biri idi. Bu, hər şeydən əvvəl, Həsənbəy Məlikovun (Zərdabi) bir insan, bir Azərbaycan vətəndaşı kimi vəzifəsi idi və o, öz vəzifəsini layiqincə və mükəmməl yerinə yetirmişdi. Bütün bunları yalnız vətənini, xalqını dərin, fanatik məhəbbətlə sevən bir insan edə bilərdi.

"Mən fəxr edirəm ki, azərbaycanlıyam”
Dahi siyasətçi, ümummilli lider Heydər Əliyev bütün sahələrə olduğu kimi, Azərbaycan mətbuatına xüsusi diqqət və qayğı göstərirdi. Böyük insan, dahi şəxsiyyət ölkəyə rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı canından artıq sevirdi. Hər birimiz ulu öndərin vətənə, doğma Azərbaycanına sevgisindən nümunə götürməliyik. Ümummilli liderin: "Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi vətəninini dərin, sonsuz məhəbbətlə sevən hər bir azərbaycanlının dilinin əzbərinə çevrilib.
Heydər Əliyev hakimiyyəti dövründə KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlara dövlət qayğısının artırılması, söz, mətbuat azadlığının qorunması məsələləri həmişə önə çəkilirdi. Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətə davamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarıfnın formalaşdırılması ilə bağlı idi.
Ümummilli lider çıxışlarında deyirdi ki, jurnalist məsuliyyətli olmalı, mətbuatın qarşısında dayanan əsas prinsiplərə yüksək səviyyədə əməl etməlidir. Dahi şəxsiyyət bildirirdi: "Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmət tələb edən əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
Dahi şəxsiyyət, böyük insan Azərbaycan jurnalistikasının, mətbuatın və KİV nümayəndələrinin dövlət, xalq qarşısında borcunu göstərməklə yanaşı, onların üzərinə necə böyük məsuliyyət düşdüyünü də qeyd edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Mətbuatının 130 illiyi ilə bağlı 2005-ci il iyunun 21-də keçirilən tədbirdəki çıxışında ölkəmizin söz və mətbuat azadlığı sahəsində yürüdülən Heydər Əliyev siyasətini belə dəyərləndirmişdir: "Mən ümid edirəm ki, gələcəkdə milli mətbuatımız daha da inkişaf edəcək, dövlət, hökumət tərəfindən lazımi tədbirlər görüləcək. Heydər Əliyev mətbuata daim böyük diqqətlə yanaşırdı. Mətbuatın madii-texniki bazasının möhkömlənməsinə, ümumiyyətlə, mətbuata onun qayğısı həmişə hiss olunurdu. Mən çalışıram ki, öz tərəfimdən bunu davam etdirim. İndi nə dərəcədə müvəffəq olmuşam, bunu demək mənim üçün çətindir. Amma istəyirəm, biləsiniz ki, heç bir fərq qoymadan, mənim mətbuata münasibətim çox müsbətdir. İstər müxalifət mətbuatı, istərsə də müstəqil mətbuat olsun, bu bizim mətbuatımızdır. Bu Azərbaycanın demokratik inkişafına çox böyük töhfədir”.

Heydər Əliyev siyasətinin davamı kimi, 2010-cu ildə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi Sərəncam ölkə ictimaiyyətin tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ildə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Bu il 22 iyul - Milli Mətbuatımızın 138 illiyində həmin binanın açılışı oldu.
Bu, ölkə Prezidentinin jurnalistlərə, KİV nümayəndələrinə bir vicdanlı, ədalətli ölkə rəhbəri kimi ən yüksək hədiyyəsi oldu. Təsadüfi deyil ki, iyulun 22-də jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edən Prezident İlham Əliyev jurnalistlərin vətənpərvərliyi mövzusuna da toxundu: "Əlbəttə ki, jurnalistlərin vətənpərvər olması da hesab edirəm ki, çox vacib məsələdir. Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da, partiya maraqları, korporativ maraqlar ön plana çıxır. Buna əlbəttə ki, yol vermək olmaz. Xüsusilə, gənc müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü olmalıdır və daim mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirirəm.
Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq, bir şüar, bir söz deyil, bu, zərurətdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu vardır.
Çünki biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə yaşayırıq, azad xalq kimi yaşayırıq. Bu, bizim böyük xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir. Ona görə də jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir.
Ona görə biz çalışmalyıq ki, Azərbaycan reallıqlarını dolğun şəkildə xarici mətbuata çatdıraq. Bu gün bizim əlimizdə İnternet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik. Çünki Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır, istər icitmai sahədə, istərsə də iqtisadi və xarici siyasət sahəsində. Əlbəttə ki, ölkədə həllini gözləyən problemlər, çatışmayan məsələlər vardır. Biz bunu bilirik və jurnalistlər də bu problemlərin aşkarlanmasında hökumətə dəstək olurlar. Ancaq bununla bərabər, nailiyyətlər də kifayət qədər çoxdur”.
Azərbaycan hazırda müharibə şəraitində yaşyır. Bunu nəzərə alaraq, mətbuatın ictimi fikrə təsir imkanları baxımından gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın xidmətləri əvəzolunmazdır. Dövlətin maraqlarını üstün tutan hər bir jurnalist vətənpərvərlik hissini, məsuliyyət hissini unutmamalıdır. Bu gün müasir Azərbaycan mediasının konsepsiyası abad və firavan Vətən, dövlətin və onun hər bir vətəndaşının maraqlarının qorunması prisipləri üzərində qurulmalıdır.
Səadət Hakıyeva

Azərbaycan Respublikasının Prezidenti 
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.