Ağacan Abiyev: “Gənclərin vətənpərvər ruhda tərbiyəsində idmanın rolu əvəzsizdir”

Ağacan Abiyev: “Gənclərin vətənpərvər ruhda tərbiyəsində idmanın rolu əvəzsizdir”


"İdman, əlbəttə ki, sağlamlıqdır. 
Eyni zamanda, idman vətənpərvərlik hisslərini də gücləndirir, 
gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar və almalıdırlar”

İlham Əliyev

Ölkəmizdə gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi xüsusi diqqət mərkəzində saxlanılır. Sağlam ruhda yetişən yeniyetmə və gənc sabahın əsgəri, vətənin keşikçisidir. Şübhəsiz ki, vətəni fiziki cəhətdən sağlam insanlar qoruyurlar. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi günümüzün vacib məsələlərindəndir. Bugünkü gənclərimiz yüksək mənəviyyata, müqəddəs amallara malik olmalı, vətənpərvər ruhda böyüməli, millətinə, vətəninə sadiqlik nümayiş etdirməlidirlər. Hər bir gənc vətənini sevməli onun ucalması uğrunda canından belə keçməyə hazır olmalıdır. Gənclərə böyük qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev vətənpərvər gənclərin vətənin, xalqın müqəddəratında önəmli rol oynadığını daim vurğulayırdı.
Vətənpərvərlik böyük məfhumdur. Gənc nəslin milli mənlik şüurunun inkişaf etməsində, onların vətənpərvər ruhda tərbiyə almasında bir çox amillər mühüm rol oynayır.
Sirr deyil ki, idman gələcəyimiz olan yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafında, onların vətənpərvər ruhda böyüməsində böyük əhəmiyyətə malikdir. Ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafına yönəldilən diqqət, idmanın kütləviləşməsi, uşaq və gənclərin bu sahəyə fəal surətdə cəlb olunması dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək sürətlə inkişaf edib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə paytaxtda, eləcə də, ölkəmizin müxtəlif regionlarında Olimpiya idman kompleksləri, meydançalar və digər idman qurğuları inşa edilərək gənclərin istifadəsinə verilib. Təmsilçilərimizin sorağı ən yüksək zirvələrdən gəlir. Son illər ərzində atletlərimiz güclü rəqiblərə qarşı inamla mübarizə apararaq böyük nailiyyətlər qazanıblar. Ayrı-ayrı idman növlərinin inkişafı istiqamətində Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcə də federasiyalar tərəfindən əməli işlər görülür və tədbirlər həyata keçirilir. Bütün bunlar ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına, onların sağlam ruhlu vətəndaş kimi böyüməsinə yönəldilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxışları zamanı dəfələrlə qeyd edib ki, idmançılarımızın əldə etdikləri uğurların təməlində, əsas təkanverici stimul Vətən sevgisi, xalqa olan bağlılıqdır.
Qəlbində vətəninə, xalqına böyük sevgi hissləri olan idmançı beynəlxalq arenalarda ölkəsinin şərəfini daim yüksəkdə tutmağa, ləyaqətlə çıxış etməyə çalışır. Fiziki və mənəvi cəhətdən sağlam olan, eyni zamanda vətənpərvər gənclər Ana vətənin keşiyində layiqincə dayanırlar. Bu, Qarabağ uğrunda gedən savaşda öz təsdiqini bir daha tapdı. Torpaqlarımız uğrunda aparılan ədalətli mübarizədə xalqımız minlərlə övladını itirdi. Bu itkini, sadəcə, "ölüm” kəlməsi ilə ifadə etmək düzgün deyil. Torpaqlarımız uğrunda canlarını fəda edənlər şəhidlik zirvəsinə yüksəldilər. Onların hamısı fiziki və mənəvi cəhətdən sağlam gənclər idi. Təkcə bir faktı deyək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 33 tələbəsi vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlib. Onlar vətənin azadlığını, torpaqlarımızın bütövlüyünü öz canlarından da üstün tutdular. Bu şəhidlər müasir gəncliyə örnəkdir.
Öz ölkəsinə layiqincə xidmət göstərən insanlardan biri də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili, professor Ağacan Abiyevdir. Bugünlərdə Ağacan müəllimlə görüşərək idmanın gənclərin vətənpərvər ruhda tərbiyəsində rolu, şəhidlik zirvəsinə yüksələn akademiya tələbələrinin göstərdikləri qəhrəmanlıq, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində görülməsi vacib olan məsələlər barədə söhbət etdik. Ağacan Abiyevlə müsahibəni oxucularımıza təqdim edirik.

- Ağacan müəllim, vətənpərvər insan kimi necə düşünürsünüz, vətənpərvərlik nədən başlayır?

- Vətənpərpər xalqını, vətənini, torpağını, dilini, tarixini sevən insandır. Vətənpərvərlik tərbiyəsinin təməli ilk növbədə ailədə qoyulmalıdır. Vətənpərvərlik hisslərinin tərbiyəsi orta və ali məktəblərdə daha da gücləndirilir. Orta məktəbi başa vuran şagird artıq silaha sarılıb vətənin müdafiəsinə hazır olmalıdır. Sözsüz ki, vətənpərvərlik yalnız bununla məhdudlaşmır. Bu hiss hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini əks etdirir.
Bu gün gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri də milli mənlik şüurunun inkişafı, vətənpərvəlik və mənəvi tərbiyə məsələsidir. Mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Tariximizdə iz qoyan məşhur şəxsiyyətləri dünyada tanıtdıran və bizim üçün örnək olan məhz onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Müasir gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunur, xalqımızın milli-mənəvi dəyərlərindən bəhrələnirlər. Ümummilli lider Heydər Əliyev gənclərlə görüşlərinin birində demişdir: "Gənclərimiz bizim tarixmizi yaxşı bilməlidir, keçmişi, dilimizi, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi bilməyən gənc yaxşı vətənpərvər ola bilməz”.

- İdman sağlamlıqla yanaşı, gənclərin sağlam ruhda tərbiyəsinə xidmət edir. Necə düşünürsünüz, bəs idmanın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində hansı rolu var?

- Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi dünyanı düşündürən ən əhəmiyyətli məsələlərdən biridir. Yaxşı bir deyim var: "Sağlam bədəndə sağlam da ruh olar”. Bu baxımdan gənclərin vətənpərvər ruhda tərbiyəsində idmanın rolu əvəzsizdir. Gənclərimizin sağlam ruhda böyüməsini istəyiriksə, hər şeydən öncə biz onların fiziki sağlamlığına diqqət yetirməliyik. Bunun üçün uşaqların kiçik yaşlarından fiziki cəhətdən inkişafına diqqət yetirmək əsas şərtlərdən biridir. Hesab edirəm ki, idmançılar daha çox vətənpərvər olurlar. Çünki onlar iştirak etdikləri beynəlxalq səviyyəli yarışlarda öz ölkələrini təmsil edirlər. İdmançılarımız yarışlarda qazandıqları nailiyyətlərlə vətənini bütün dünyaya tanıdırlar. Xüsusən də Avropa və dünya çempionatları, Olimpiya oyunları kimi mötəbər yarışlarda Azərbaycan gəncləri öz vətənpərvərliklərini daha qabarıq nümayiş etdirməlidir. Mən deyərdim ki, vətənpərvər insan üçün qələbə qazanmaq daha asandır. Vətənpərvərlik hissləri idmançının qələbə əzmini daha da arıtırır və onu qələbəyə ruhlandırır. Sözsüz ki, hər bir idmançı yarışa çıxarkən özünün məqsədi olur - yaxınları onun uğuruna sevinsinlər, ölkəsini dünyayay tanıtsın, dövlət tərəfindən mükafatlandırılsın və s. Amma bunlardan ən vacibi Vətən sevgisidir. Obrazlı dildə desək, vətənpərvərlik idmançı üçün əlavə "dopinq”dir. İdmançılarımız yarışa çıxarkən bilir ki, o təkcə özü üçün mübarizə aparmır. Himnimiz səslənəndə, bayrağımız yüksəklərə qalxanda bu qələbəyə, uğura bütün Azərbaycan xalqı sevinir.

- Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən işğal edilib. Buna görə də hər bir Azərbaycan gənci daim vətənin müdafiəsinə hazır olmalı, mübariz ruhda tərbiyə olunmalıdır. Bu baxımdan döyüş idman növlərinin gənclərin vətənpərvər ruhda tərbiyəsində xüsusi rolu var. Necə düşünürsünüz boks idman növü gənclərin əsl döyüşçü kimi formalaşmasında hansı əhəmiyyətə malikdir?

- Azərbaycan torpaqlarının 20 faizinin düşmən tərəfindən işğal olunması bizə bir an belə rahatlıq vermir. Hər bir Azərbaycan vətəndaşı hansı yolla olursa olsun, torpaqlarımızın düşmən tapdağından azad olunması arzusundadır. Hesab edirəm ki, müharibə şəraitində olan ölkənin hər bir gənci məşğul olduğu idman növündən asılı olmayaraq, fiziki cəhətdən hazırlıqlı olmalı, döyüşməyi, mübarizə aparmağı bacarmalıdır.
Döyüş idman növləri gənclərin hərbi-vətənpərvər ruhda böyüməsində böyük rola malikdir. Döyüş növləri ilə məşğul olan yeniyetmə və gənclərdə vənpərvərlik, vətəni qorumaq, vətənin adını ucaltmaq kimi hisslər formalaşır. Məhz kiçik yaşlarından uşaqlarda vətənpərvərlik hisslərinin formalaşması onların, fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuza güclü əsgər kimi yetişməsinə şərait yaradır. Məhz bu amil Azərbaycan milli ordusunun inkişafına öz müsbət təsirini göstərir. Bu gün gənclərimizin hərbi-vətənpərvərlik vərdişlərinə yiyələnmələri, ordumuzun döyüş hazırlığının artırılması çox vacibdir. Bu bir reallıqdır ki, ölkəni, həqiqətən də, fiziki cəhətdən sağlam, çevik, cəsur, əzmkar, dözümlü şəxslər daha yaxşı müdafiə edirlər. Lazım gələndə fəndlər işlətmək, çevik olub vəziyyətdən çıxmaq, əlbəyaxa döyüşdə qalib gəlmək, zərbə endirməyi və s. bacarmaq çox vaxt döyüşün müqəddəratını həll edir. Sözsüz ki, təkmübarizlik idman növləri ilə məşğul olan gənclər döyüş sirlərinə yaxından bələd olurlar. Döyüş idman növləri gənclərdə daxili inam hissini artırmaqla yanaşı, onların psixoloji cəhətdən güclənməsinə də böyük təsir göstərir. Döyüş idman növləri gənclərdə mərdlik, iradəlilik, dözümlülük kimi müsbət keyfiyyətləri formalaşdırır. Hər bir valideyn öz övladını döyüş bölməsinə yazdırarkən istəyir ki, övladı özünü müdafiə etməyi bacarsın, güclü və özünəinamlı böyüsün.
Sözsüz ki, müharibə şəraitində mübarizə bir qədər fərqlidir. Qızğın döyüşlər zamanı atışma gedir və sən düşməni görmürsən. Bu zaman daha çox əsgərin, zabitin, özünəinamlı olması, lazımi anda taktiki gedişlər etmək bacarığı vacib məqamlardandır. Amma bəzi məqamlarda təkbətək mübarizə vəziyyətləri də yaranır. Mənəvi və fiziki cəhətdən hazır insan qarşısına qoyulan məqsədə uğurla nail olur.
Ulu öndərimiz çıxışlarında dəfələrlə qeyd edirdi ki, Azərbaycan gəncləri mənəvi cəhətdən güclü olmalıdırlar. Bu gün Azərbaycanda fiziki və mənəvi cəhətdən sağlam, bütün varlığı ilə xalqına, vətəninə bağlı olan bir nəsil yetişib. Sözsüz ki, bütün bunlar Azərbaycan dövlətinin gənc nəslə qayğısından qaynaqlanır. Qayğı ilə əhatə olunan hər bir gənc mənəvi cəhətdən saf olur, pis əməllərdən çəkinir, göstərilən qayğıdan müsbət yararlanmağı özünün mənəvi borcu hesab edir. Uşaq və gənclərə göstərilən əvəzsiz qayğı ölkəmizin, millətimizin gələcəyi olan nəslin güclü xarakterə, sağlam ruha malik olmasında başlıca rol oynayır. Uşaq, yeniyetmə və gənclərimizin vətənpərvərlik, dünyəvilik prinsipləri əsasında tərbiyə olunması, onların fiziki və mənəvi inkişafı da Azərbaycan dövlətinin əsas ideologiyalarından biridir.

- Bəs yaxşı döyüşçü, boksçu hansı keyfiyyətlərə malik olmalıdır?

- Döyüş idman növlərində o idmançı yaxşı nəticə göstərə bilir ki, o həm vətənpərvərdir, həm fiziki hazırlıqlıdır, həm də yaxşı intizama malikdir. Bu prinsiplərə riayiət edən boksçunun nəticəsi də yaxşı olacaq. İnsan elə yaradılıb ki, onun bütün daxili aləmi daim harmoniyada olmalıdır. Saf düşüncəyə, aydın təfəkkürə malik olmalıdır.

- Ağacan müəllim, Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın yüzlərlə gənci həyatını itirib. Şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz arasında ADBTİA-nın tələbələri də olub.

- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 33 tələbəsi vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlib. Onların arasında Milli Qəhrəmanlar da var. Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələnlərin göstərdikləri qəhrəmanlıq, şücaət xalqımızın qəlbində daim yaşayacaq. Biz şəhidlərimizi unutmuruq və unutmamalıyıq. Çünki onlar bizim bugunumüzü, firəvan həyatımızı, əmin-amanlığımızı qoruyublar. Şəhidlərimizi hər zaman yad etməliyik. Bu, bizim müqəddəs borcumuzdur. Azərbaycan xalqının belə qəhrəman övladları hər zaman olub, var və olacaq. Biz şəhidlərimizlə fəxr edirik. Bu şəhidlər müasir gəncliyə örnəkdir.
Milli Qəhrəmanımız Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq, şücaət xalqımızın qəlbində daim yaşayacaq. Mübariz vətənpərvər bir gənc, peşəkar idmançı idi. Milli Qəhrəmanımız boksla məşğul olurdu. Qeyd etdiyim kimi, fiziki cəhətdən sağlam olan insan əsl vətənpərvərdir. Çünki bu insanların mənəviyyatı da yüksəkdir. Bu baxımdan idman mənəvi və fiziki sağlamlığın, vətənpərvərliyin vəhdətini təşkil edir. Qeyd edim ki, Akademiyada tarixi günlər, bayramlar münasibətil, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi konfranslar, seminarlar, görüşlər, müxtəlif idman növləri üzrə yarışlar təşkil edirik. 20 Yanvar, Xocalı soyqırımı, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin gənclərə çatdırılması məqsədilə mərasimlər, milli qəhrəmanların xatirəsinə həsr olunmuş yarışlar təşkil olunur. Bu cür tədbirlər gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır.

- Uzun illər müxtəlif mötəbər yarışlarda boks üzrə baş hakim kimi ölkəmizi təmsil etmisiniz. Deyirlər, ədalətli olmağın özü də bir növ vətənpərvərlikdir.

- Tanrı özü ədalətlidir və bizi də ədalətli yaradıb. Amma bəzən həyatda da, idmanda da, hər hansı mübarizədə də ədalət prinsiplərini pozanlar var. Əlbəttə ki, bu mənəvi dəyərlərin olmamasından, insanın zəifliyindən irəli gəlir. İki cəngavər mübarizə üçün meydana çıxırsa, döyüş zamanı kişi kimi mübarizə aparmalıdırlar. Əsl döyüşçü sonadək qaydalar çərçivəsində mübarizə aparmalıdır. Əlbəttə ki, hər hansı mübarizədə qüvvəsini sınayan insan unutmamalıdır ki, ilk növbədə, öz ölkəsini, xalqını təmsil edir. Onun ədalətli olub-olmaması nə dərəcədə vətənpərvər olmasını, milli-mənəvi dəyərlərini nümayiş etdirir.

- Ağacan müəllim, Sizcə gənclərin vətənpərvər ruhda tərbiyəsi üçün təbliğatı baxımından hansı işləri görmək lazımdır?

- Məncə, hər bir şəxsə yaşadığı ölkənin milli-mənəvi dəyərlərini aşılamaq lazımdır. Hər bir şəxs azərbaycanlılığın nə demək olduğunu dərk etməlidir. Məlumdur ki, Azərbaycan xalqı əsrlər boyu dahi insanları, qəhrəmanları, şairləri, siyasətçiləri, elm xadimləri, rəssamları, musiqiçiləri ilə fərqlənib. Hər bir gəncə Azərbaycan xalqının böyük bir xalq olduğunu çatdırmaq lazımdır. Ulu öndərimizin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözü bu gün sözün əsl mənasında dillər əzbəri olmalıdır. Hər bir gənc azərbaycanlı olması ilə fəxr etməli, vətənini sevməlidir. Gənclərimiz dahi insanlarımızdan nümunə götürməli və onlardan biri olmağa çalışmalıdır. Hər bir insan ölkəsini layiqincə təmsil etməlidir. Bu gün Azərbaycanın 9 milyon, Rusiyanın isə 160 milyon əhalisi var. Amma iki ölkənin alimlərini, rəssamlarını, elm xadimlərini və s. müqayisə etsək, ölkəmizin irəlidə olduğunu görərik. Maraqlı bir məqamı xatırlatmaq istərdim. 2001-ci Bakıda boks üzrə yeniyetmələr arasında keçirilən dünya birinciliyində Rusiya komandası birinci, Azərbaycan ikinci olmuşdu. Azərbaycan boksçuları 2 qızıl, 4 gümüş, 4 bürünc, Rusiya boksçuları isə 3 qızıl, 3 gümüş, 4 bürünc medal əldə etmişdilər. Hər iki komanda dünya birinciliyində 10 medala sahib çıxmışdı. Dünya birinciliyi başa çatandan sonra oktyabrın 21-də ümummilli lider Heydər Əliyev boks üzrə Beynəlxalq və Avropa Boks Federasiyalarının prezidentlərini, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin rəhbərliyini qəbul etmişdi. Heydər Əliyev çıxışı zamanı boksçularımıza səslənərək dedi: "Mənə dedilər, bizim boksçular uduzub ikinci olub, Rusiya birinci olub. Amma mən belə hesab etmirəm. Heç qanınızı qaraltmayın. Mən sizi qalib hesab edirəm. Baxın, Rusiyanın 160 milyon əhalisi var, 10 medal qazanıb. Azərbaycanın isə 8 milyon əhalisi var. O da 10 medal qazanıb. İndi deyin görüm kim qalib gəlib?” Ümummilli liderin sözləri onu göstərirdi ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq nəhəng dövlətlərlə mübarizə aparmaq qüdrətinə malikdir.

- Ağacan müəllim, bu baxmdan KİV-lərin də üzərinə böyük məsuliyyət düşür. Mətbuat və televiziya işçilərinin bu sahədəki işindən razısınızmı?

- Məncə, mətbuatda bu sahədə işlər görülür. Ancaq bunu ictimaiyyətə düzgün şəkildə təqdim etməyi bacarmaq lazımdır. Sırf vətənpərvərliklə bağlı xüsusi verilişin hazırlaması əsas məsələ deyil. Elə səpgidə verilişlər hazırlana bilər ki, bu, gənclərin hərbi-vətənpərvər ruhda tərbiyəsinə xidmət edə bilər. Bizim mühariədə həlak olmuş qəhrəmanlarımız var. Onlar haqqında elə verilişlər hazırlamaq olar ki, həmin qəhrəmanların həyatı gənclərə nümunə olsun.

Aysel Sultanova


Azərbaycan Respublikasının Prezidenti yanında
 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.