3 iyun – Dünya Velosiped Günü münasibətilə Veloparkda şose velosipedi üzrə Bakı Kuboku yarışı keçirilib. Yarışda bütün yaş kateqoriyaları üzrə 60-a yaxın idmançı mübarizə aparıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən turnir şose velosipedi üzrə mövsümün ilk daxili yarışı olub.
Turnirin açılış mərasimində çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov ötən il olduğu kimi, bu il də pandemiya ilə əlaqədar tətbiq edilən qaydaların yumşaldılmasından sonra idman federasiyaları arasında ölkədaxili ilk yarışın məhz Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən keçirildiyini vurğulayıb.
Turnirdə 15 yaşadək qızlar arasında 10 kilometr məsafəyə qrup ötüşməsində 7 saylı İdman Olimpiya Məktəbinin üzvü Ayan Məmmədzadə qələbə qazanıb. Bu yaş kateqoriyasında oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev finiş xəttini hamıdan tez keçib.
U-17 yaş kateqoriyasında həm qızlar, həm də oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndələri qələbə sevinci yaşayıblar. Belə ki, Radha Şabanova və Hüseyn Nərimanov 12 kilometr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gənc qızların və oğlanların mübarizəsi də Respublika Olimpiya Velosiped Məktəbindən olan idmançıların qələbəsi ilə yekunlaşıb. Viktoriya Sidorenko 14, Nikita Sıtov isə 22 kilometr məsafəni rəqiblərindən daha tez qət edib.
Elit/U23 yaş kateqoriyasında isə 7 saylı İdman Olimpiya Məktəbinin velosipedçisi Əmral Abduləzizli 22 kilometr məsafəyə mübarizədə çempionluq sevinci yaşayıb.
Turnirin qalib və mükafatçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.