Futbolun birinci gözəlliyi qoldu

Futbolun birinci gözəlliyi qoldu

Futbol matçı ərzində tribunalardan dəfələrlə alqış səsləri eşidilir. Qapıya top vurularkən alqış səsləri daha da artır. Ancaq məsələ burasındadır ki, təkcə qollar deyil, oyunun ən maraqlı epizodları da tamaşaçıları vəcdə gətirir, onları sevinməyə və kədərlənməyə, əl çalmağa məcbur edir.
Bəli, futbol gözəl oyundur. Onun gözəlliyi atletik oyun olmasındadır. Futbolçular hündür və ya gödək, enlikürək və ya arıq ola bilərlər, ancaq sürət, qüvvə və çeviklik onların hər biri üçün məcburidir. Oyun saat yarım çəkir və bütün bu müddət ərzində hərəkət etmək lazımdır. Müşahidələrə görə, top hər oyunçuda az bir müddətdə (hücumçuda təxminən 2 dəqiqə, yarımmmüdafiəçidə dəqiqəyarım, müdafiəçidə isə 1 dəqiqə və bundan da az) qalır. Lakin bu o demək deyildir ki, onlar hərəkətsiz dayanıb topa zərbə vurmaq növbələrinin çatmasını gözləməlidirlər. Top kimdə olur-olsun (istər sənin komanda yoldaşında, istərsə də rəqibdə) hamı meydançada hərəkət etməlidir. Ya sürətlə irəliləyib boş yerə çıxmaq və komanda yoldaşının topu sənə ötürməsini gözləmək, ya rəqibin qarşısını kəsməyə çalışmaq, ya da onun yoldaşlarından birini izləmək, topu qəbul etməsinə mane olmaq lazımdır.
Futbol meydançasının uzunluğu 100-110 metr, eni isə 60-75 metrdir. Futbolçular bu ərazidə müxtəlif istiqamətlərdə fasiləsiz sürətdə qaçdıqlarına görə oyunun sonlarınadək hərəsi təxminən 10 kilometr məsafə qət etmiş olur. Buraya tullanmaq, topa zərbə vurmaq, mübarizəyə girişmək hərəkətlərini, yıxılmaları da əlavə etsək aydın olar ki, futbolçu universal, dözümlü bir idmançıdır. Futbolçular oyun ərzində 1500 kalori sərf edir, 1,5 kiloqramdan 5 kiloqramadək çəki atırlar.
“Futbol” ingilis sözüdür: “fut” - ayaq, “bol” - top deməkdir. Oyunun adı məzmununu düzgün əks etdirir. Topa ayaqla, habelə bədənlə (əllər istisna olmaqla) və başla zərbələr vura-vura onu birgə səylərlə rəqib komandanın qapısından keçirmək lazımdır. Bu, asan iş deyil, bəzən saat yarım ərzində futbolçular bir dəfə belə qapıya yol tapa bilmirlər. Halbuki onun sahəsi 18 kvadratmerdir, bu isə böyük bir otağın sahəsinə bərabərdir. 90 dəqiqə ərzində futbolçuların yeganə məqsədi qol vurmaqdan ibarətdir. Bu məqsədlə onlar bütün qüvvələrini sərf edir, ən müxtəlif oyun fəndləri işlədir, rəqibin müqavimətinə üstün gəlməyə çalışırlar.
Oyunun gözəlliyi məhz mübarizədə yaranır. İdmanın hər bir növündə olduğu kimi, futbolun da özünəməxsus gözəllikləri var. Tamaşaçılar topu məharətlə irəli apararaq rəqibin cərimə meydançasına daxil olan hücumçunun ustalığını, aldadıcı fəndlərlə qarşısındakı futbolçunu səhvə yol verməyə məcbur edən yarımmüdafiəçini, təhlükəli vəziyyəti fədakarlıqla aradan qaldıran müdafiəçini, ümidsiz topu cəsarətli sıçrayışla tutan qapıçını ürəkdən alqışlayırlar. Futbolun bütün gözəlliklərini saymaq mümkündürmü? Deyə bilərlər ki, əllərin oyunda iştirak etməməsi futbolun nöqsanıdır. Bəs qapıçılar? Axı, havaya tullanaraq topu qapının yuxarı küncündən barmaqlarının ucu ilə qaytararkən və ya cəsarətlə hücumçunun ayaqları altına sıçrayaraq zəbə vurmağa imkan verməyərkən onun əlləri əsl möcüzə göstərir. Beləliklə, futbolda əllərin də öz yeri vardır. Hələ topu yan xətlərdən meydançaya daxil edərkən əllərdən xüsusi dəqiqlik və qüvvə tələb olunduğunu demirik.

Futbol ağılın, düşüncənin ortaya qoyduğu bir oyundur. Bu baxımdan bu oyunu şahmata da bənzətmək olar. Şahmatda bütün fiqurlar qələbə uğrunda əlbir mübarizə aparır, bir-birini müdafiə edir və qoruyur. Futbolda isə həmin işi komandanın bütün üzvləri görürlər. Futbolçu nə qədər istedadlı olursa-olsun, yoldaşlarının köməyindən imtina etsə, təkbaşına qol vurmağa çalışsa, əlindən heç nə gəlməyəcək. Komandada 11 oyunçu yer alır ki, onların hərəsinin də ayrıca bir vəzifəsi var.



 

Ötürmələr
futbolun
“dilidir”


Oyunçular topu bir-birinə ötürərkən sanki öz aralarında danışır, nə etmək lazım olduğunu xəbər verirlər. Komanda oyuna nə qədər yaxşı hazırlaşmışdırsa, onun təcrübəsi nə qədər çoxdursa, bu “söhbət” bir o qədər aydın və səlis olacaq. Bir-birini yaxşı başa düşən futbolçular barəsində haqlı olaraq deyirlər ki, onlar bir-birinin “dilini bilirlər”.
Bəs taktika nə deməkdir? Taktika oyunu elə aparmaq bacarığıdır ki, rəqib qapısına qollar vura biləsən, özün isə top buraxmayasan.
Bir vaxtlar futbol yenicə yaranarkən komandanın bütün üzvləri hücuma keçir, sonra isə birlikdə müdafiə olunurdular. İndinin özündə də zəif komandalar bu “taktika ilə oynayırlar. Lakin yüz il ərzində şübhəsiz ki, mühüm dəyişikliklər oldu. Müxtəlif oyun sistemləri bir-birini əvəz etdi. Bunların sonuncuları haqqında sizə məlumat verək.
1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında braziliyalılar yeni oyun sistemi tətbiq etdilər. Ona “dörd müdafiəçi sistemi” və ya “Braziliya sistemi” adı verildi. Bu oyun taktikasını 1 - 4 - 2 - 4 düsturu ilə ifadə edirlər. 1 - qapıçı deməkdir. İlk 4 rəqəmi müdafiəçilərin sayını göstərir, onların ikisi mərkəzdə, ikisi isə cinahlarda oynayırlar. 2 rəqəmi yarımmüdafiəçilərin sayına işarədir. Onlara dispetçer də deyirlər, çünki bu futbolçular müdafiə və hücum xətlərini bir-biri ilə əlaqələndirirlər. İkinci 4 rəqəmi hücumçuların sayını bildirir. Bunların da ikisi mərkəzdə, ikisi isə cinahlarda fəaliyyət göstərir.
1958-ci ildən bəri daha bir neçə dünya çempionatları keçirilmiş, futbol taktikası xeyli inkişaf etmişdir. İndi yarımmüdafiəçilər futbolun ən mühüm zərbə qüvvəsinə çevrilmişlər. Onlar təkcə dispetçer vəzifəsini yerinə yetirməklə kifayətlənmir, hücum əməliyyatları zamanı ikinci eşelon, müdafiəyə keçərkən isə birinci eşalon rolunu oynayırlar. Məhz buna görədir ki, yarımmüdafiəçiləri müasir futbolda “meydanın mərkəzində oynayan futbolçular” adlandırırlar. Oyun taktikası da onların sayına və qarşılarında qoyulan vəzifələrin məzmununa görə qurulur. Güclü orta xətti olan komandalar oyun zamanı özlərinin iradəsini rəqibə asanlıqla qəbul etdirə bilir, çox zaman müvəffəqiyyət qazanırlar. Kiyevin “Dinamo” komandası məhz yarımmüdafiəçilərinin yüksək məharəti sayəsində ölkə çempionatlarında ardıcıl çempionluq qazanmışdı. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında ev sahibləri məhz orta xəttin əla oynaması sayəsində qızıl medallara layiq görülmüşdü.
Futbol taktikasında bu dəyişiklik - meydanın mərkəzində zərbə qüvvəsi yaradılması 1 - 4 - 4 - 2 və 1 - 4 - 3 - 3 düsturları ilə ifadə olunmaqdadır. Bir çox komanda orta xəttə bir və ya iki futbolçu əlavə etmək xatirinə kənar hücumçulardan imtina etmişdir. Cinahlardakı boşluğu hücum zamanı doldurmaq vəzifəsi bəzən yarımmüdafiəçilərə, bəzən də irəli çıxan kənar müdafiəçilərə tapşırılır. Bu, rəqib komandanın müdafiəçiləri üçün gözlənilməz olur və onların sıralarında çox zaman çaşqınlıq yaradır.
Qapıçıdan başqa, bütün futbolçuların öz fərdi rəqibi vardır. Hər bir oyunçu öz rəqibinin fəaliyyəti üçün cavabdehdir. Lakin oyun başlanan kimi hücumçular müdafiəçilərdən uzaqlaşmağa, onların diqqətindən yayınmağa çalışırlar. “Himayəçilər” qorunmalı olduqları rəqibləri addımbaaddım izləsələr (bəzən belə də olur), onların “kölgəsinə” çevrilsələr, nə müdafiəçi, nə də hücumçu yaxşı oyun göstərə biləcəkdir. Futbolda belə oyuna “fərdi mühafizə” deyirlər.
Rəqibi fərdi izləmək işin yarısıdır. Oyunçu gərək meydançada düzgün mövqe tutmağı bacarsın, harada daha çox lazım olduğunu müəyyən edə bilsin. Tutaq ki, sən hücumçusan. Rəqib komanda sizin qapınıza doğru hücuma keçmişdir. Sən geri çəkilərək müdafiəçi yoldaşlarına köməyə gedə bilərsən. Ancaq başqa çıxış yolu da vardır: boş yer seçərsən, yoldaşların topu ələ keçirib sənə ötürərkən dərhal əks-hücuma başlayarsan. Bu zaman rəqiblər geri çəkilməyə məcbur olarlar və sən təhlükəni öz qapınızdan uzaqlaşdırarsan. Haqlı olaraq deyirlər ki, hücum - ən yaxşı müdafiədir.
Taktikada belə incəliklər çoxdur. Rəqibin hər bir fəndinə əks fəndlə cavab vermək mümkündür. Fərz edək ki, yarışan komandaların hər ikisi mövcud manevrləri dəqiq öyrənmişdir, onda gərək oyun heç-heçə qurtarsın. Ancaq əslində belə olmur. Oyunun gedişində futbolçular yaradıcılıq göstərir, daim yenilik axtarır, düşünüb tapır və tətbiq edirlər. Bütün bunlar olmasaydı, tamaşaçılar oyuna gəlməzdilər: hər dəfə eyni mənzərəyə baxmaq heç kəs üçün maraqlı deyil. Buna görə də savadlı futbolçu taktikanın əsaslarını bilməklə kifayətlənməməli, müstəqil düşünməyi bacarmalı, yeni, orijinal oyun tərzi axtarmalı və tapmalıdır. Bir sözlə, futbolda yenilik yüksək qiymətləndirilir və məşhur oyunçuların hamısı bu cəhətdən fərqlənir. Oyun zamanı heç kəsi təqlid etməmək, başqalarından müəyyən bir xüsusiyyətə görə fərqlənmək lazımdır. Belə futbolçu öz komandası üçün həmişə faydalı olacaq, çünki rəqibi dəfələrlə çətin vəziyyətdə qoruya biləcək.
Futbolun öz qaydaları var, burada bütün hallar nəzərdə tutulub. Həmin qaydalar on illər ərzində yaradılıb və dəqiqləşdirilib. Məsələn, qapılara torların taxılması ilk dəfə 1891-ci ilin mart ayında İngiltərənin Şimal və Cənub komandaları arasında keçirilən oyunda olub. Futbol oyunu 2000 il əvvəl qədim Yunanıstan və Romada da mövcud idi.

1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşıblar. Hakim meydana fitlə yalnız 1878-ci ildə çıxıb. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. 11 metrlik cərimə zərbəsi 1891-ci ildən etibarən oyunun qaydalarına daxil edilib. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlayıblar. Dünyanın ilk futbol klubu “Şeffild” sayılır. Bu komandanın əsası 1857-ci ildə qoyulub. O ki, qaldı futbol tarixinin ilk beynəlxalq qarşılaşmasına bu hadisə 1872-ci il noyabr ayının 30-na təsadüf edib. Futbolçuların köynəklərinə nömrələr isə daha gec - 1939-cu ildən yazılıb. Futbolun bütün dünyada tanınmasında heç şübhəsiz Jül Rimenin əməyi danılımaz olub. Fransalı mütəxəssis 33 il FİFA-ya rəhbərlik edib.
1928-ci ildə Amsterdamda təşkil olunan iclasda Dünya çempionatının keçirilmə təklifi hamı tərəfindən bəyənilib və təsdiqlənib. Beləliklə, ilk mundial 1930-cu ildə təşkil olunub. Uruqvayda təşkil olunan turnirdə elə ev sahibləri çempion olublar. Mundiallarda ən çox qalib olan komanda Braziliya millisidir. 20-ci əsrin ortalarından etibarən isə artıq ayrıca olaraq qitə çempionatları da keçirilməyə başlanıb. Klub səviyyəsində də müxtəlif turnirlər mövcüddur. İngiltərə federasiya kuboku uğrunda yarış futbol tarixinin ən qədim klub turniri sayılır. Ancaq nüfuzuna görə ən böyük klub turniri əlbəttə ki Çempionlar Liqasıdır. Keçmişdə Avropa Çempionlar Kuboku adlanan bu turnirdə “köhnə qitə”nin ən güclü komandaları əsas mükafat uğrunda mübarizə aparırlar. Bu yarışda ən çox qalib olan komanda isə Madridin “Real” klubudur. Nüfuzuna görə 2-ci klub yarışı UEFA Avropa Liqası sayılır. Cənubi Amerika qitəsində Libertadores və Sud Amerikana Kuboku turnirlərini də qeyd etməyə dəyər.
Bir sözlə, futbol maraqlı oyundur. O, əbədi bir sirr ilə əhatə olunub. Hər ilin baharında bizi eyni suallar düşündürür: Görəsən, hansı komanda çempion olacaq? Bu sualların cavabı məlum olanadək uzun müddət səbrlə gözləmək lazım gəlir. Çox zaman ümidlərimiz tamamilə alt-üst olur. Bəzən isə azarkeşlik etdiyimiz klub çempionluq qazanır.