Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən Vətən müharibəsi şəhidlərinin doğum günləri ərəfəsində təşkil olunan ənənəvi tədbirlər davam etdirilir. İdarə tərəfindən təşkil olunan növbəti belə tədbir Vətən müharibəsinin şəhidləri Həmidağa Hüseynzadənin, Hüseyn Tağıyevin və Tacəddin Əzizlinin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə turnir olub. Yasamal rayon İcra Hakimiyyətinin, Yasamal rayon Gənclər və İdman İdarəsinin və Bakı Atıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə doğum günləri avqust ayına təsadüf edən Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş güllə atıcılığı üzrə turnir iki gün davam edin. Turnirin final mərhələsindən sonra qaliblərin təntənəli mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsini yaşatmaq və gənclər arasında təbliğ etmək məqsədi ilə keçirilən turnirlərin əhəmiyyətindən danışıb. İlham Səfərov çıxışında Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin önəmindən söz açıb, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daima yaşayacağını qeyd edib.
Tədbirdə Millət Vəkili Səbinə Xasayeva, Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Xaqan Teymurov, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Olimpiya mükafatçısı İradə Aşumova, Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, “Əməkdar idman ustası”, 4 qat dünya və 7 qat Avropa çempionu, dünya rekordçusu Vüqar Namazov, Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon Təşkilatının sədri Bəhram Şeydayev çıxış edərək Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anıblar.
Tədbirin sonunda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri çıxış edərək onların keçdiyi şərəfli döyüş yolundan, Vətən eşqindən danışıb, turnirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Olimpiya mükafatçısı İradə Aşumovanın baş hakim olduğu turnirin qalibi adına qızlar arasında Nəzrin Abbaslı, oğlanların mübarizəsində isə İmran Qarayev layiq görülüb. Turnirdə ümumilikdə 50-dək idmançı öz qüvvəsində sınayıb.
Məlumat üçün qeyd edək ki, Vətən müharibəsinin şəhidi Həmidağa Hüseynzadə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Vətən müharibəsinin digər şəhidləri Hüseyn Tağıyev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə, Tacəddin Əzizli isə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Vətən müharibəsinin şəhidlərinin xatirəsinə turnir keçirilib