Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bu cür tərbiyə işini həyatla əlaqələndirmək üçün gənclərimiz xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirir, onlarda yüksək vətənpərvərlik hissini inkişaf etdirilir. Eyni zamanda, gənc nəslin nümayəndələri vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə olunur, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşırlar. Qarabağ müharibəsi veteranları ilə gənclərimizin görüşlərinin təşkil olunması, müharibədə fədəkarlıq göstərən igidlərimizlə aparılan söhbətlər gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Vətənpərvərlik tərbiyəsi və fiziki tərbiyə vəhdət təşkil edəndə daha səmərəli olur. Bu gün gənclərlə iş dövlətimizin siyasətinin əsas məsələlərindən biridir. Gənclərimizin sağlam və vətənpərvər ruhda böyüməsi üçün müxtəlif bölgələrdə idman qurğuları istifadəyə verilir. Dövlətimiz bu sahədə bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmizdə artıq 40 müasir tipli Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib. Həyata keçirilən tədbirlər Azərbaycan gənclərinin həm fiziki, həm də mənəvi tərbiyəsində, o cümlədən gənclərimizinvətənə sədaqət ruhunda böyüməsində əvəzsiz rol oynayır.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində respublikamızın hər yerində lazımi işlər aparılır. Uşaqlarla vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan hərbi idman oyunlarının keçirilməsi də təqdirəlayiqdir. Məktəbli uşaqların əsgər forması geyinərək yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Ona görə də, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir.
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı işlərin forma və üsullarının müxtəlif və rəngarəng olması da əhəmiyyətli rol oynayır. Məsələn, Azərbaycan ordusunun yaradılması günü kimi bayram tədbirlərinə hazırlıq və təntənəli surətdə qeyd edilməsi, hərbi hissələrə, döyüş yerlərinə, qəhrəmanların abidələrinə ekskursiyaların təşkil olunması, Qarabağ müharibəsinin veteranları və milli ordunun nümunəvi əsgərləri ilə görüşlər keçirilməsi gənclərin yaddaşında dərin iz buraxır. Hərbi-vətənpərvərlik mövzularında görüşlər, söhbətlər, ədəbi-bədii gecələr, müzakirələr keçirmək, şəkilli albomlar, fotosərgilər, fotoalbomlar təşkil etmək və s. tədbirlər vətənpərvərlik tərbiyəsində ən təsirli formalardır. Bunlar həyata keçirilən zaman hər bir gənc vətən qarşısında öz məsuliyyətini başa düşür, vətəni qorumağa, onu sevməyə bütün varlığı ilə hazır olur. Danılmaz faktdır ki, böyüklərə hörmət, tələbkarlıq prinsipinə əməl etmək, obyektiv olmaq, ləyaqət və humanizm kimi əxlaqi keyfiyyətləri uca tutmaq da gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə çox güclü təsir göstərir.
Tarixin Azərbaycan xalqına yaşatdığı ağır illərdə vətənin cəsur oğulları torpaqlarımızın hər qarışı uğrunda canlarından keçməyə hazır olublar. Məhz vətən təhlükədə olanda çiyin-çiyinə dayanmaq, səngərdə arxa-arxaya söykənmək ən vacib məsələdir. Qarabağda baş verən müharibə bir daha göstərdi ki, bu xalq vətənin başı üzərində qara buludlar toplaşanda birləşməyi, yumruğu bir yerə vurmağı bacarır. Doğma torpaqlarımızın azadlığı uğrunda aparılan qanlı döyüşlərdə minlərlə oğul və qızlarımız şəhidlik zirvəsinə ucaldı, öz adlarını qanları ilə tarixə yazdılar. Xalqımızın ədalətli müharibəsində Azərbaycanın bütün bölgələrinin fədakar, vətənpərvər insanları silaha sarıldılar. Düşmənə qarşı aparılan mübarizədə çiyin-çiyinə söykənən oğullarımız göstərdilər ki, vətən hamımızındır. Bütün bunlarla yanaşı, unutmaq olmaz ki, bu gün yurdumuzun dilbər guşəsi Qarabağ düşmən tapdağı altındadır. Əzəli vətən torpağının azad edilməsi Azərbaycanımızın ümdə məsələsidir. Bu baxımdan, gənc nəslin hərbi-vətənpərvərlik, vətənə, dövlətə sədaqət, torpaqlarımızın bütövlüyünün müdafiəsinə hazır olmaq ruhunda tərbiyə edilməsi dövlətimizin hər an diqqətindədir.
Maraqlıdır, bəs görəsən, insanlar gənc nəslin vətənpərvərlik tərbiyəsi ilə bağlı nə düşünürlər? Dövlətimizin bu sahədə aparıdığı iş onları qane edirmi? Bu suallara cavab tapmaq üçün müxtəlif peşə sahibləri arasında sorğu apardıq. Sorğunun nəticələri göstərdi ki, Azərbaycan vətəndaşları dövlətimizin vətənpərvərlik istiqamətində həyata keçirdiyi tədbirləri ürəkdən bəyənir, alqışlayırlar.
Saleh Məmmədov
(iş adamı):
- Gənclərin vətənpərvərlik tərbiyəsi gü
nümüzün ən vacib, aktual məsələsidir. Bu baxımdan, respublikamızın paytaxtında, eləcə də bölgələrdə fəaliyyət göstərən orta məktəblərdə, müxtəlif təşkilatlarda bu sahəyə geniş yer verilir. Ümumiyyətlə, respublikanın hər bir guşəsində gənclərlə iş sahəsində fəallıq müşahidə edilir. Aidiyyatı qurumlar, orta ixtisas məktəbləri vətənpərvərliklə bağlı keçirilən tədbirlərdə müntəzəm iştirak edirlər. Ölkənin hər yerində gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı müxtəlif səpkili yarışlar, viktorinalar, Qarabağ veteranları ilə görüşlər təşkil olunur. Bu tədbirlər gənclərimizin həyatında xüsusi rola malikdir. Şübhəsiz ki, Qarabağ veteranlar ilə görüşlərdə iştirak edən hər bir məktəbli gənc torpaqlarımız uğrunda aparılan müharibə barədə geniş məlumat alır. Uşaqlarda bu müharibə ilə bağlı əyani təsəvvür yaranır. Gənclərimiz işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olurlar. Bütün bunlar isə, gənclərin orduya hazırlığında əhəmiyyətli rol oynayır. Yaşadığım Sumqayıt şəhərində 3 ildir ki, məktəblilərin iştirakı ilə hərbi parad keçirilir. Şagirdlərin iştirak etdiyi bu parad hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması üçündür. Hesab edirəm ki, belə tədbirlər gənclərin orduya hazırlığında, onların milli mənlik şüurunun formalaşmasında əvəzsiz rol oynayır. Tədbirlərdə iştirak edən hər bir şagird özünün məsuliyyətini başa düşür. Bir sözlə, bu cür tədbirlər gənc nəslin vətənpərvərlik tərbiyəsində, onlarda xalqa, torpağa bağlılığın formalaşmasında mühüm əhəmiyyət kəsb edir. bütün bunlar göstərir ki, Azərbaycan dövləri gənc nəslin fiziki və mənəvi inkişafı üçün lazımi işləri görür. Dövlətimizin qayğısı gənclərimizin Vətənə sədaqət ruhunda böyüməsində əvəzsiz rol oynayır.
Elçin Qurbanov
(müəllim):
- Məktəbli gənclərin orduya hazırlığı, onların milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi vacibdir. Məktəblərdə bu işə xüsusi diqqət göstərliməlidir. Orduya hazırlaşan gənclər arasında vətənpərvərlik mövzusunda geniş söhbətlər aparmaq, onları vətənin müdafiəçiləri kimi formalaşdırmaq hər bir təhsil müəssisəsinin, ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların qarşısında duran ən vacib məsələyə çevrilib. Sevindiricidir ki, bu gün Azərbaycanın orta təhsil ocaqlarında, ali məktəblərində aparılan işlər gənclərin hərbi biliklərə yiyələnməsinə daha çox yönəldilib. Gənclərimizin orduya hazırlığının bünövrəsi məktəblərdə qoyulur. Yəni, uşaqlar qüdrətli ordumuz barədə ilkin məlumatları məktəbdə alır, silahla davranış qaydalarına burada yiyələnirlər. Respublikamızın əksər məktəblərində Milli Qəhrəmanlarımızın şəkilləri əks olunan xüsusi guşələr yaradılıb. Uşaqlar Vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn igid oğullarımızı bu guşələr vasitəsilə daha yaxından tanıyırlar. Qarabağda igidlik göstərən oğullarımız barədə şagirdlərimizlə söhbətlər aparılır, diskussiyalar təşkil olunur. Ölkəmizin məktəbliləri orduya hazırlıq üzrə dərs vəsaitlərindən istifadə etməklə yanaşı, hazırlığın təməli olan tədbirlərin əyani iştirakçıları olurlar. Belə ki, şagirdlər "Cəsurlar” və "Şahinlər” hərbi-idman oyunlarında iştirak etməklə hərb sənətinin incəliklərinə yiyələnirlər. Onların hər biri sabahın əsgərlərinə, vətənimizin keşikçilərinə çevriləcəklər. Bu baxımdan şagirdlərin hərbi-idman oyunlarında iştirakı vacibdir və yüksək səviyyədə təşkil olunmalıdır. Xüsusilə, IX - X - XI siniflərdə oxuyan uşaqların hərbi hazırlığı qənaətbəxş olmadılır. Hesab edirəm ki, uşaqlar arasında paradların təşkili gənc nəslin vətən sevgisini, torpağa bağlılığını artırır, onlarda milli mənlik şüuru formalaşır. Dövlətimiz düşünülmüş və ardıcıl apardığı siyasətlə gənc nəslin milli mənlik şüurunun inkişafına böyük təsir göstərir. Azərbaycan dövlətinin gənclərlə bağlı qəbul etdiyi qərarlar bu yöndə irəliyə doğru bir addımdır. Şübhəsiz ki, gənclərə bu cür diqqət və qayğı ölkəmizin xoşbəxt gələcəyinə, torpaqlarımızın bütövlüyünə aparan yoldur.
Dilqəm Sadıqov
(həkim):
- Şübhəsiz ki, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi işi ön plandadır. Çünki torpaqlarımızın 20 faizdən çoxu erməni qəsbkarlarının işğalı altındadır. 1 milyondan çox qaçqın və məcburi köçkünlərimiz var. Belə bir vəziyyətdə qarşıda duran əsas vəzifələrimizdən biri gənclərimizi düzgün istiqamətləndirmək və onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə xüsusi önəm verməkdir. Ölkəmizin hər yerində olduğu kimi, paytaxtımız Bakı şəhərində də bu işə xüsusi diqqətlə yanaşılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, digər sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də çoxsaylı dövlət proqramları qəbul olunub və həyata keçirilir. Dövlət proqramlarında hərbi-vətənpərvərlik tərbiyəsi işinə xüsusi yer ayrılıb. Bu baxımdan, bu işlə bilavasitə məşğul olanların üzərinə çox böyük məsuliyyət düşür. Ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı təşkilatların əsas məqsədi böyüməkdə olan gənc nəsli bu işə cəlb etməkdir. Yəni gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ölkəmizin siyasətinin əsasını təşkil edir. Mən bir həkim kimi, sevinirəm ki, respublikamızda ən müasir tələblərə cavab verən idman qurğuları tikilərək gənclərin istifadəsinə verilib. Bu idman ocaqları gənc nəslin sağlamlığının qorunmasına xidmət edir. Azərbaycan ordusunun əsasını təşkil edən isə, şübhəsiz ki, gənclərdir. Onların fiziki sağlamlığı vətənimizin keşiyində dayanmağa imkan yaradır. Qeyd edim ki, gənclərin orduya hazırlığı istiqamətində aparılan işlər alqışalayiqdir. Bu səpkidə keçirilən tədbirlər ictimaiyyət tərəfindən çox böyük razılıqla qarşılanır. Dövlətimizin gənclərə göstərdiyi qayğı onların maddi və mənəvi problemlərinin aradan qaldırılmasına təkan verir. Bütün bunlar isə gənc nəslin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir. Sözsüz ki, məktəblilərin iştirak etdiyi "Cəsurlar” və "Şahinlər” hərbi-idman oyunları bu baxımından böyük əhəmiyyət kəsb edir. Mənim oğlum X sinif şagirdidir. O, qeyd etdiyim hərbi-idman oyunlarında oxuduğu məktəbin şərəfini qoruyur. İnanın ki, hər dəfə belə tədbirlərdən sonra övladım da müsbət dəyişikliklər hiss edirəm. Elə bil ki, o, Vətənə daha çox bağlanır, qəlbində Vətən sevgisi oyanır. Gənclərin orduya hazırlığı, onların milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, qeyd etdiyim kimi, ən vacib məsələdir. Orduya hazırlaşan gənclərin hərbi-idman oyunlarında iştirakı, onların arasında vətənpərvərlik mövzusunda geniş söhbətlərin aparılması gənclərimizin vətənin müdafiəçiləri kimi formalaşmasında xüsusi rol oynayır. Dövlətimizin bu sahədə gördüyü işlər hər birimizin ürəyincədir.
Fərhad Babayev
(şəhid atası):
- Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu belə bir vaxtda gənclərimizin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqətlə yanaşılmalıdır. Gənclərimizin orduya hazırlığı baxımından bunlar xüsusi əhəmiyyət daşıyır. Çox sevinirəm ki, gənc nəslin vətənpərvər ruhda formalaşmasına geniş fikir verilir. Bu gün hərbi-idman oyunlarında, paradlarda iştirak edən məktəblilərin əsl əsgər kimi addımlaması, silahdan istifadə etmək bacarığına malik olması qürurvericidir. Hiss edirsən ki, Azərbaycan gəncliyi vətənimizin müdafiəsinə hazırdır. Bu isə ən önəmli bir işdir. Məktəblilərin vətən sevgisi, torpaqlarımızın hər qarışı uğrunda mübarizəyə hazır olması qəlbimizi ruhlandırır. Vətənimizin bütövlüyünün qorunması işğalçıların tapdağı altında qalan torpaqlarımızın azad edilməsi gənc nəslin vətənpərvər ruhda yetişdirilməsini önə çəkir. Çox yaxşı haldır ki, bu məsələyə orta məktəblərdə diqqətlə yanaşılır. Gənclərimiz Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanları, vətən üçün canını fəda edənləri unutmamalıdırlar. Sevinirəm ki, yeniyetmələr və gənclər Qarabağı unutmur, xalqımızın üzləşdiyi faciələrin tarixini dərindən öyrənirlər. Bütün bunlar isə, vətənimizin sabahı olan gənclərimizin milli mənlik şüurunun inkişaf etdiyini sübut edir. Onların hər biri sabahın əsgərləri, vətənimizin keşikçiləri olacaqlar. Mənim oğlum Üzeyir Babayev Ağdam uğrunda döyüşlərdə şəhid olub. Övladımın Vətən yolunda canını fəda etməsindən qürur duyuram. Təbii ki, gənclərimizə şəhidlik zirvəsi arzulamıram. Amma Vətən torpaqlarının bütövlüyünü istəyiriksə, hər şeyə hazır olmalıyıq. Gənclərimizə tövsiyə edərdim ki, Qarabağda şəhid olan igid oğullarımızdan örnək götürsünlər. Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan çox razıyam. Bu amillər gənclərin vətənpərvərliyini, Vətənə sadəqətini birə-beş artırır.
Mübariz Əliyev (əməkdar rəssam):
- Mən uzun illərdir ki, rəssamlıqla məşğulam. Bu illər ərzində yüzlərlə şəkil çəkmişəm. Həmin əsərlərimin içərisində elələri var ki, sırf vətənpərvərlik mövzusundadır. Vətənimizin təbiətini, onun əsrarəngiz gözəlliyini kətan parça üzərinə köçürmüş, Azərbaycanın füsünkar mənzərəsini öz fırçamla canlandırmağa çalışmışam. Ölkəmizin tarixi abidələrini, qədim qalalarının əks olunduğu əsərlərimin əksəriyyətini muzeylərə, məktəb və kitabxanalara hədiyyə etmişəm. Fikirləşmişəm ki, qoy bu şəkillərə tamaşa edən gənclərimiz tarixi yerlərimizi tanısınlar. Qarabağ müharibəsinə, Xocalı soyqrımına həsr etdiyim əsərləri xarici ölkələrdən gələn dostlarıma, həmkarlarıma bağışlayıram. Çalışıram ki, bu yolla Azərbaycanla bağlı həqiqətləri yayım. Dediyim odur ki, hər bir insan vətənpərvər ola bilər. Vətənpərvərlik üçün xüsusi kriteriya yoxdur. Doğma yurdunu ürəkdən sevən, onu hər yerdə müdafiə edən, öz əməlləri ilə elinə-obasına xidmət edən insan vətənpərvərdir. Dövlətimizin bu sahədə gördüyü işlər hər birimizin ürəyincədir. Dövlətimiz tərəfindən gənc nəslə göstərilən qayğı onların doğma vətənə münasibətini müsbət istiqamətdə dəyişəcək. Bu, önəmli faktorlardan biridir.
Kənan Nəcəfov
(Qarabağ əlili):
- Məncə, vətənpərvərlik vətən sevgisindən başlayır. Əgər torpağına bağlısansa, yurdunu sevirsənsə, deməli, vətənpərvərsən. Mən Qarabağ müharibəsində iştirak etmişəm. Torpaqlarımızın bütövlüyü uğrunda canını belə əsirgəməyən minlərlə qeyrətli oğullarımızla çiyin-çiyinə vuruşmuşam. Xalqımızın cəsur, heç nədən qorxmayan, ölümünü gözünün qabağına alaraq döyüşlərə atılan igidləri çoxdur. Sevinirəm ki, onlar unudulmur. Məni ən çox sevindirən isə gənclərimizin vətənə olan sevgisinin günü-gündən artmasıdır. Gənclərimizin vətənpərvərlik tərbiyəsi bu məsələdə ən önəmli faktordur. Azərbaycanın gəncləri torpaqlarımızın qorunmasına hər an hazır olmalıdırlar. Uşaqlarımızın vətənpərvərlik ruhunda böyüməsinə dövlətimiz hər cür şərait yaradıb. Onlarda vətənə sevgi və dövlətə sadiqlik hissi formalaşdırılır. Gənclərimizin həm ordu sıralarında xidmətinə, həm də gələcəkdə bir vətəndaş kimi yetişməsində dövlətimizin həyata keçirdiyi tədbirlər hər birimizin ürəyincədir. Orta məktəblərdə diskussiyaların keçirilməsi, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşlərin təşkili, Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarətlər uşaqlarda vətənpərvərlik hisslərini artırır. Əsas odur ki, bu hisslər gənclərin daxilində baş qaldırır. Mən müharibə veteranı kimi, gənclərimizə tövsiyə edərdim ki, doğma yurdu ürəkdən sevsinlər. Torpaq uğrunda şəhidlik zirvəsinə yüksəlmək qürurvericidir. Gənclərimiz igid oğullarımızdan nümunə götürməlidirlər. Mən əminəm ki, işğal altında olan torpaqlarımız mütləq azad ediləcək. Azərbaycanın qüdrətli ordusu buna qadirdir.
Həmzə Əliyev
(ehtiyatda olan kapitan):
- Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Biz doğma torpaqlarımızı azad etməliyik. Bu, mütləq olacaq. Ordumuzun gücü buna imkan verir. Məni sevindirən gənclərin orduya hazırlığı ilə bağlı yüksək səviyyədə tədbirlərin keçirilməsidir. May ayında Sumqayıta qonaq gəlmişdim. Məktəblilərin hərbi paradının olacağını eşitdim və tədbiri izlədim. Keçmiş hərbçi kimi deyə bilərəm ki, uşaqların - gələcəyin əsgərlərinin sıra yerişi, silahla davranışı çox xoşuma gəldi. Hiss olunurdu ki, onlar bu tədbirə yaxşı hazırlaşıblar və özlərində məsuliyyət hiss edirlər. Şagirdlərin paradını yüksək hazırlığın məhsulu hesab etmək olar. Sevinirəm ki, Azərbaycan ordusunda yer alacaq bu gənclər hərb sənətinin incəliklərinə, orduda olan qayda-qanuna indidən yiyələnirlər. Bu vətənpərvərlik tərbiyəsinin düzgün istiqamətdə aparılmasını sübut edir. Danılmaz fakdır ki, bu gün Azərbaycan dövlətinin güclü ordusu var və bu ordu zəbt olunmuş torpaqlarımızı azad etmək iqtidarındadır. Hamımız inanırıq ki, qüdrətli ordumuz torpaqlarımızın bütövlüyünə nail olacaq. Gələcəkdə ordu sıralarında yer alacaq gənclərimizin hazırlığı yüksək səviyyədədir. Məncə, yeniyetmə və gənclərin vətən sevgisi, torpaqlarımızın müdafiəsi üçün hazır olmaları məhz onların vətənpərvərliyindən qaynaqlanır. Uşaqların milli mənlik şüuru inkişaf edir, onlarda hərb sənətinə maraq artır. Məni ən çox sevindirən məktəblilərin cəlb edildiyi "Şahinlər” və "Cəsurlar” hərbi-idman oyunlarıdır. Bu oyunlarda məktəblilər silahla davranış qaydalarını öyrənir, müxtəlif çətinlikləri dəf etmək üzrə təlimlər keçirlər. Bütün bunlar isə gənclərimizin orduya hazırlığında önəmli rol oynayır.
Arzu Mirzəyeva
(evdar qadın):
- Gənc nəslin vətənpərvər ruhda yetişməsində hərbi idman oyunlarının çox böyük rolu var. Oğlum X sinif şadirdidir. O, bu il keçirilən "Şahinlər” hərbi idman oyununda iştirak edirdi. Oğlumu hərbi geyimdə gördüyüm zaman, düzü, kövrəldim. Düşünürəm ki, bu balaca "əsgərlər” vətənimizin sabahkı keşikçiləridir. Onların parad zamanı əsl əsgərlər kimi addımlaması bir daha göstərir ki, bu gün hələ parta arxasında oturan bu uşaqların orduya hazırlığı yüksəkdir. Dövlətimizin gənc nəslə göstərdiyi qayğı onların vətənpərvər ruhda böyüməsinə zəmin yaradıb. Hər birimiz sevinirik ki, Azərbaycan dövləti gəncliyin üzləşdiyi bütün problemlərin həllində öz köməkliyini əsirgəmir.
Hürrü Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.