Bu günlərdə Şimali Kipr Respublika Olimpiya Komitəsinin prezidenti, Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyüp Zafer Gökbilen paytaxtımızda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra görüşlər keçirən qonaq idman sahəsində görülən işlər və bu idman növünün gələcək inkişafı barədə planlar haqqında müzakirələr aparıb. Zəfər günü ərəfəsində paytaxtımızda olan Eyüp Zafer Gökbilen “Olimpiya dünyası” qəzetinə səfərinin məqsədi və Azərbaycanla qarşılıqlı idman əlaqələri barədə məlumat verib.
- Eyup bəy, Bakıya səfər etməyinizin səbəbi nə ilə əlaqədardır?
- Pandemiyadan sonra uzun müddətdir ki, bir araya gələ bilmirdik. Bir sıra məslələr var idi ki, onlar barədə müzakirələr aparmalı idik. Bunlardan biri bu il noyabrın 27-dən dekabrın 3-dək Tunisdə budo döyüş növləri üzrə dünya çempionatının keçirilməsi məsələsi idi. Digər məsələ isə gələn il bu idman növü üzrə dünya çempionatının Bakıya salınması ilə bağlı idi ki, bu barədə də müzakirələr apardıq. Əgər pandemiya problemi olmazsa, yarışların keçirilməsi mümkün olarsa gələn il Bakı budo döyüş növləri üzrə dünya çempionatına ev sahibliyi edəcək. Hələ ki, Bakıdakı yarışın tarixi dəqiq məlum deyil. Çox güman ki, bu yarış sentyabr, oktyabr aylarına təsadüf edəcək.
- Budonun İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olması nə dərəcədə real görünür?
- Mərkəzi ofisi Bakıda olan Dünya Budo Döyüş Növləri Federasiyasının 80 üzvü var. Bunlardan təxminən 30-a yaxını müsəlman ölkəsidir. Çalışıram ki, budo İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilsin. Bunun üçün bütün gücümlə səy göstərəcəyəm. İnşaallah Türkiyədən sonra təşkil olunacaq növbəti İslamiadanın proqramında bu idman növünü görə biləcəyik.
- Ötən il paytaxtımız I Budo Festivalına ev sahibliyi etdi. Amma sizin rəhbərlik etdiyiniz federasiya bu tədbirdə iştirak etmirdi. Bunun səbəbi nə ilə bağlı idi?
- Məndə olan məlumata görə bu Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi tədbir idi. Bu barədə bizə məlumat verilməmişdi. Bu səbəbdən biz bu tədbirdə iştirak etmirdik. Amma gələn il həmçinin Bakıda Yaponiya səfirliyi və Dünya Budo Döyüş Növləri Federasiyası ilə birgə yenidən belə bir festival təşkil edəcəyik.
- Paytaxtımıza Zəfər Günü ərəfəsində təşrif buyurdunuz. Bu tarixi qələbə barəsində təəssüratlarınızı bilmək istərdik.
- Zəfər Günü ərəfəsində Azərbaycanda olmaqdan məmnunluq duyuram. Bu Azərbaycanın tarixi bir qələbəsidir. Hər birimiz bu zəfərə görə çox sevindik. Bu qələbənin əldə olunmasında iştirak edən bütün şəhidlərin və qazilərin xatirəsini ayaq üstə sayğı ilə anıram. Həmin qəhrəmanları yetişdirən valideynlərə halal olsun ki, belə mərd övladlar böyüdüblər. Onların əziz xatirəsi hər birimizin ürəyindədir. Zəfərimiz mübarək olsun. Bu təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının, haqq-ədalətin zəfəridir.
Azər Əlizadə