Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi (UCI) Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVIF) təşkilatçılığı ilə velosiped məşqçiləri üçün texniki kurslara start verilib.
AzVIF-in inzibati binasında baş tutan açılış mərasimində komitənin Marketinq departamentinin rəhbəri Mehman Kərimov, federasiyanın baş katibi Fərhad Əliyev və Azərbaycan Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov iştirak ediblər.
Bildirilib ki, MOK olaraq BOK-un dəstəyi ilə son 5 ildə ölkəmizdə 9 texniki kurs təşkil olunub. Bu kurslardan ikisi velosiped idman növü üçün 1-ci dərəcəli kurslar olub. Kursda gender bərabərliyi gözlənilmək şərti ilə ortalama 20 nəfər iştirak etməklə, ümumilikdə 180 məşqçi kurslardan faydalanıb.
Vurğulanıb ki, hər bir idman növündə ortalama 3 səviyyə üzərindən qiymətləndirilən məşqçilərin beynəlxalq arenada tanınması və dünyanın istənilən ölkəsində öz fəaliyyətlərini həyata keçirə bilməsi vacibdir. Məhz bu məqsədlə məşqçilər üçün müxtəlif kurslar təşkil olunur. Beynəlxalq federasiyalar tərəfindən təsdiq olunmuş məşqçilər üçün texniki kurslarda yalnız Bakıdan deyil, ölkəmizin müxtəlif şəhər və rayonlarından da məşqçilər iştirak edib və imtahanları müvəffəqiyyətlə başa vuraraq beynəlxalq dərəcəli məşqçilik sertifikatını əldə ediblər.
Dekabrın 13-dək davam edəcək kursu beynəlxalq dərəcəli ekspert Elnarə Musayeva aparır.
Velosiped məşqçiləri üçün texniki kurslara start verilib