Ötən ay Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın qədim, mədəni və böyük strateji əhəmiyyətə malik şəhəri olan Şuşanın işğaldan azad edilməsindən bir il ötdü. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsini verərək xalqımıza böyük sevinc, qürur və fəxarət bəxş etdi. Xalqımız 30 ilə yaxın bir zaman ərzində həsrətində olduğu doğma Şuşa şəhərinin azad edilməsini böyük coşğu ilə qarşıladı. Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Artıq şuşalıların bu müqəddəs torpaqlara səfərləri də təşkil olunur. Cıdır düzünə səfər edən Şuşa sakinləri 29 ildən sonra yenidən doğma torpaqları öz gözləri ilə gördülər. Onların arasında Şuşada uşaq futbol komandasının yaradıcısı, tanınmış veteran idmançı Əbülqasım Novruzov da var idi. Şuşa səfəri ilə bağlı öz xatirələrini və təəssüratlarını bölüşən Əbülqasım müəllim bu sevincli günləri onlara yaşatdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını bildirdi.
- Əbülqasım müəllim, təcavüzkar Ermənistanın 1988-ci ildən başladığı haqsız və ədalətsiz müharibə xalqımızın başına olmazın müsibətlər gətirdi. 20 faiz torpağımız işğal olundu, bir milyon soydaşımız doğma yurdlarından didərgin düşdülər.
- 30 ilə yaxın bir müddətdə doğma yurdlarından didərgin düşən qaçqın və məcburi köçkünlərimiz çox əziyyət çəkdilər. Amma onların öz ev-eşiklərinə dönəcəyi günün yetişəcəyinə inamları bir an da olsun itmədi. Bu inam axır ki, reallaşdı. Azərbaycan Ordusu sübut etdi ki, türkün polad iradəsini heç bir qüvvə əyə bilməz. Daim azadlığı sevən türk xalqı uzun müddət qara qüvvələrə qarşı qanlı savaşlar aparmış və istəyinə nail olmuşdur. Doğma torpağa, ana yurda, vətənə bağlılıq hissi bizə kökümüzdən gəlir. Türk övladı üçün vətən duyğusu, torpaq sevgisi, yurd istəyi bütün hisslərdən güclüdür. Türk üçün bircə müqəddəs varlıq var, o da Vətəndir.
- Hazırda güclü dövlət konsepsiyasını reallığa çevirən Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer alıb.
- Tamamilə doğru deyirsiniz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu 18 il ərzində ölkədə quruculuq işləri geniş vüsət almış, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar həyata keçirilmişdir. Azərbaycan dövləti 18 il ərzində uğurlu islahatlara, demokratik dəyərlərə, humanizmə söykənən sosial siyasətlə dünyanın ən müasir ordularından birini formalaşdırdı. Nəticədə tarixin qəhrəmanlıq səhifəsinə imza atan və adını bəşər tarixinin hərb sənətinə qızıl hərflərlə yazan müzəffər Ali Baş Komandan öz xalqının arzularını gerçəkləşdirməklə bərabər öz həmkarlarına örnək oldu. Cənab İlham Əliyevin düşünülmüş uğurlu siyasəti, torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətləri tərəfindən ədalətli dəstəklənməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyəti müsbət nəticələrini verməyə başladı. Xalqın sabaha inamı daha da artdı, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq həvəsi gücləndi.
- Azərbaycan torpaqlarının işğalçılardan təmizlənməsindən bir il ötdü. 44 günlük savaşdan sonra Müzəffər Ordumuz “işğal” sözünü “Zəfər” kəlməsi ilə əvəzlədi. Hətta Bakıda möhtəşəm Zəfər paradı da keçirildi ki, bu da millətimizin ruhunu özünə qaytardı. Bu qürurverici hal, şərəflə yazılan bir tarix oldu.
- Öncə deyim ki, XXI əsrdə Allah bəlkə də bizə heç zaman verməyəcəyi bir şans yaratdı. Şans yaratdı ki, biz dünya dövlətləri arasında nəyə qadir olduğumuzu sübut edək. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi sayəsində Azərbaycanın rəşadətli ordusu 44 günün içərisində 30 ilə yaxın bir müddətdə düşmənlərin tapdağı altında qalan şəhər və kəndlərimizi işğaldan azad etdi.
- Nəhayət, növbə 28 il idi ki, həsrətini çəkdiyimiz Şuşaya çatdı. Şükürlər olsun ki, ötən ilin noyabr ayının 8-də illərin bu ayrılığına, bu hicranına son qoyuldu. Biz hamımız sevindik, çünki Şuşa hamımızın qibləgahı, hamımızın ruhunun məkanıdır.
- Doğru deyirsiniz, Şuşa bizim hər yerdən görünən ziyarətgahımızdır. Bu istək, bu sevinc, bu göz yaşları da Şuşamıza sonsuz məhəbbət, tükənməz sevgi əlamətidir. Hamımızın dincliyimiz, rahatlığımız, ruhumuz oradadır. Mən Şuşadan müqəddəs yer tanımıram. İndi Azərbaycanın günəşi Şuşadan doğur.
- Eşitdiyimizə görə Şuşanı ziyarət edən ziyalılarımızın arasında siz də olmusunuz? Şuşaya qədəm qoyarkən hansı hissləri keçirdiniz və ilk olaraq hara getdiniz?
- Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Keçirdiyim hissləri təsvir etmək üçün sözün qüdrəti qarşısında acizlik çəkirəm. O ki, qaldı ilk dəfə hara getdiyimə. Fikrim bu idi ki, ilkin olaraq qəbristanlığa gedib şəhidlərimizə dua oxuyum. Amma düşmən düşmənliyini bildirmişdi. Qəbiristanlığımız yaman günə qoyulmuşdu. Öz evimə getdim. Əvvəlcə tanımadım. Evim xarabazara çevrilmişdi. Başımı evimin divarına söykəyib ağladım.
- Müsahibələrinizin birində deyirdiniz ki, Şuşaya gedən kimi Cıdır düzündə futbol oynayacaqsınız.
- Bəli, demişdim, amma alınmadı. Özümlə apardığım topları, idman geyimlərini və idman ləvazimatlarını orada yaşayan uşaqlara payladım.
- Şuşaya əbədi qayıdışdan sonrakı işiniz barədə nə deyə bilərsiz?
- Şuşada işğaldan əvvələ qədər idman inkişaf edirdi. Şuşanın futbol, voleybol, həndbol, güləş, sambo və digər idman növləri üzrə yetərincə güclü idmançıları olub. Qeyd etdiyim bu idman növləri hər zaman Şuşada sevilib. Doğma yurdumuza qayıtdıqdan sonra əvvəlki şuşalı günlərimizdə olduğu kimi, uşaq futbolunun inkişafını davam etdirəcəyəm. Şuşanın “Qala” futbol komandasını bərpa edib, respublikamızda yarışlara qoşulacağıq. Şuşaya qayıdışımız möhtəşəm olacaq. İnşallah!
- Əbülqasım müəllim, Sizə arzularınınızın tezliklə gerçəkləşməsini diləyirik.
- Sağ olun.
“Şuşanın “Qala” futbol komandasını bərpa edib, yarışlara qoşulacağıq”