İdmançı fiziki, psixoloji cəhətdən və ruhən sağlam olmalıdır

İdmançı fiziki, psixoloji cəhətdən və ruhən sağlam olmalıdır

İdman bugünkü həyatımızın ayrılmaz hissəsidir. Müasir dövrümüzdə-texnikanın, avtomaşınların daha çox olduğu bir dövrdə insanlar hərəkətsiz həyat tərzi keçirirlər. Məhz buna görə də indi idman daha zəruridir, desək, yanılmarıq. İdman insan orqanizmində elə möcüzələr yaradır ki, bu möcüzələri həkimlər, dərmanlar belə təkrarlaya bilmir. Sağlam həyat tərzi üçün vacib amillərdən biri məhz idmandır.
Yuxarıda da qeyd etdiyimiz kimi, müasir dünyamızda bütün günü hərəkətsiz şəkildə keçirmək, şəhər həyatının yaratdığı sıxıntılar insanlarda bir çox xəstəliklərin yaranmasına səbəb olur. Danılmaz faktdır ki, insanların əksəriyyəti artıq çəkidən, psixi sarsıntılardan əziyyət çəkir. Bu kimi xəstəliklərdən yaxa qurtarmağın ən doğru yolu idmanla məşğul olmaqdır. Əgər siz idmanla məşğul olmağa başlamısınızsa, deməli, yeni bir həyat rejiminə keçmisiniz. İdmançılar üçün nəzərdə tutulan qidalardan istifadə etməlisiniz. Tibbi-bioloji baxımdan da idmançıların qidalanmasının təşkili xüsusi əhəmiyyət kəsb edir. İnsan orqanizmi hər zaman enerji sərf edir. İdmançı orqanizmində gedən prosseslərdə isə bu enerji daha çox sərf olunur. Sərf olunan enerji qəbul edilən sağlam qidalarla bərpa oluna bilər. İdmançılar qidalanarkən qidanın keyfiyyətcə yüksək olmasına fikir verməlidirlər. Qəbul olunan qidada bütün maddələr - zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr olmalıdır. Ümumiyyətlə, atletlər optimal qidalanma rejiminə lazımı səviyyədə riayət etməlidirlər.

Hazırda idmanla peşəkarcasına məşğul olanlarla yanaşı, həvəskar olaraq idman zallarına gedən gənclərimiz də çoxluq təşkil edir. Lakin sirr deyil ki, onların bir çoxunun əsas məqsədi bədən quruluşunu dəyişmək, əzələlərini gücləndirməkdir. Bəziləri gözəl formaya düşmək üçün dərmanlardan istifadə edirlər. Təəssüf ki, bu zaman onlar həkimlərlə məsləhətləşmirlər. Bu isə sağlamlıq üçün təhlükə yaradır. Qeyd edək ki, idman qidalarının qəbulu zamanı gənclər tərəfindən ciddi nöqsanlara yol verilir. Mütəxəssislər də xəbərdarlıq edir ki, belə qidaları kortəbii şəkildə qəbul etmək olmaz. Həkimlə məsləhətləşmək gələcəkdə sağlamlığın siğortalanması deməkdir. Reklam olunan məhsul haqqında ətraflı məlumat əldə etmədən heç vaxt onu almağa tələsməyin. İnsanlar həkim məsləhəti ilə həm qidalanmalı, həm də idmanını etməlidir. İdmançının düzgün qidalanması vacibdir. Əgər o, öz qidasına nəzarət etməsə, uğurlu nəticədən söhbət gedə bilməz. Mütəxəssislər idmançılara həddindən artıq yağlı, şirin və qızardılmış yeməklərdən uzaq durmalarını məsləhət görür. Orqanizm düzgün qidalanmadıqda öz funksiyasını itirmək ehtimalı ilə üzləşir. Ümumiyyətlə, özlərini idman sahəsində sınayan insanlar yüksək nəticə əldə etmək üçün qidalanmaya xüsusi fikir verməlidirlər. İdman edərkən isə, hərə öz fiziki hazırlığını nəzərə almalıdır ki, sonradan hansısa bir fəsadla üzləşməsin. Bu, idmanın sağlamlıqla vəhdətdə olması üçün vacib amillərdən biridir. İdmanın hansı formada dərk olunması insanın özündən aslıdır. Şübhəsiz, kimsə idmanı əyləncə, digəri həyat tərzi, bir başqası isə müalicə kimi qəbul edə bilər. Yəni bu, insanın idmana olan münasibətindən irəli gəlir. İdmançının, ilk növbədə, fiziki sağlamlığı olmalıdır. O, artıq yeməkdən, qadağan olunmuş maddələrdən uzaq olmalıdır. Məşqçilər tərəfindən idmançılara mənəvi-iradi keyfiyyətlər, əxlaqi dəyərlər aşılanmalıdır. Bu keyfiyyətlər də bütün idmançılarda eyni səviyyədə təzahür etmir. Özünə inanan idmançılar buna xüsusi həssaslıqla yanaşdığı halda, digərləri əhəmiyyət vermir. İdmançı təkəbbürlükdən, şöhrətpərəstlikdən uzaq olarsa, qazandığı uğurları özü üçün deyil, komandasına, vətəninə aid edərsə, o, cəmiyyət arasında daha hörmətli olar, sevilər.

İdmançıların tibbi müayinəsi ilə bağlı məlumat əldə etmək üçün bir sıra mütəxəssislərlə görüşdük. Onlar qidalanmadan sonra müəyyən idman hərəkətləri etməyin vacib olduğunu vurğuladılar. İdmançılar ildə iki dəfə tibbi müayinədən keçirilirlər. Hər altı aydan bir onların sağlamlığını, idmana yararlı olub-olmadıqlarını müəyyən etmək üçün müayinələr təşkil olunur. Bu müayinələr əsasında idmançıların yarışa buraxılıb- buraxılmamasına qərar verilir. Birinci müayinə laborator müayinə adlanır. Burada analizlər götürülür, kardioqramalar çıxarılır. İdmançılar nervopotoloq nəzarətindən də keçir. Yəni onlar növbə ilə bütün müayinələrdən keçir. İldə bir dəfə isə idmançılar rentgen müayinəsində olurlar. Dispanserdə illik müayinədən keçdikdən sonra idmançılar federasiya həkimlərinin nəzarətinə verilir. Həmin həkimlər də idmançıların yarışda iştirak etməsində ciddi bir problem görməsələr, onlar da steptek aparılır. Əgər idmançıda fiziki yorğunluq müşahidə olunarsa, idmançının sağlamlıq kitabçasında bunu qeyd edir, məşqçilərinə xəbərdarlıq edilir. Lazım gələrsə, həmin idmançılar bir müddət məşqlərdən azad olunur. Müalicəyə ehtiyacı olan idmançılar isə müalicə olunur, nəzərdə tutulmuş vitaminlərin qəbulu tövsiyə edilir. Əgər hansısa idmançının sağlamlığı ilə bağlı ciddi bir problemlə yaranarsa, onu uzunmüddətli istirahətə göndərirlər . Adətən, yarışdan qabaq idmançıların səhhətinə dispanserimizin həkimləri, yarışdan sonra isə federasiya həkimləri nəzarət edir.

Türkay Niftəliyeva