“İgid” peşəkar güləş klubunun sədri, idman psixologiyası üzrə mütəxəssis Kazım Əliyev bir müddət əvvəl Türkiyə Respublikasından qayıdıb. Tanınmış idman mütəxəssisi səfər zamanı bir sıra təbdirlərdə iştirak edib. Türkiyə Milli Olimpiya Komitəsinin dəvəti ilə qardaş ölkədə səfərdə olan Kazım Əliyev qurumun rəhbərliyi ilə də görüşüb. Bu məqsədlə redaksiyamızın qonağı olan Kazım müəllim səfər təəssüratlarını “Olimpiya dünyası” qəzeti ilə bölüşüb.
- Kazım müəllim, Türkiyə səfəriniz barədə fikirlərinizi bilmək istərdik.
- Mən 2008-ci ildə “İdmançının qələbə psixologiyası”, 2014-cü ildə “Məşqçinin stolüstü kitabı”, eləcə də, 2019-cu ildə “İdmanda şüurlu tədris” kitablarımı öz vəsaitim hesabına türk dilinə çevirib, Türkiyə Milli Olimpiya Komitəsinə göndərmişdim. Onlar da bu işimə cavab olaraq məni Türkiyəyə dəvət etdilər. Mənim göndərdiyim kitablar Türkiyə Olimpiya Komitəsinin nəzdnində yaradılan, mərhum idman yazarı Haluk Sanın adını daşıyan kitabxanada yerləşdirilib.
- Bildiyimizə görə, Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti tərəfindən də mükafatlandırılmısınız.
- Əvvəlcə onu qeyd edim ki, mənim bu işi görməkdə məqsədim dost və qardaş ölkə olan Türkiyə ilə siyasətdə, hərbidə və ticarətdə bir olduğumuz kimi, həmçinin idmanda da təmənnasız olaraq, elmi birlik yaratmaq idi. Nəticəsi isə məni çox gözlətmədi. Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Erdoğan Arıpınar Komitənin nəzdində fəaliyyət göstərən “Fair Play” hədiyyəsini mənə təqdim etdi. Eləcə də, idman sahəsində gördüyüm işlərə görə mənə bir neçə hədiyyə, eləcə də “Fair Play”ın və Türkiyə Milli Olimpiya Komitəsinin döş nişanı təqdim olundu. Görüşdə Erdoğan bəyə kitablarımın onlar tərəfindən çap edilərək, Türk idman dünyasına təmənnasız olaraq paylanmasını arzu etdiyimi bildirdim. Eyni zamanda onlara DVD formatda olan 10 seminar dərs planımı təqdim etdim və idmanda müasir tədrisin yaradılma yollarını müzakirə etdik. Bir sözlə, yaxın illərdə idmanda elmi birliyin yaradılmasının planını müəyyənləşdirdik. Bu yaxınlarda Komitənin rəhbəri tərfəindən Gənclər və İdman Nazirliyinə təşəkkür məktubu göndərildi. Buna görə çox sevincliyəm. Çalışıram ki, əlimdən gələn qədər idmanın elmi yolla təbliğində öz təcrübəmi əsirgəməyim.
- Kazım müəllim, elmlə idmanın vəhdəti anlayışını necə açıqlaya bilərsiniz?
- Həyatda əbədi yüksəlişi elmsiz və müasir idmansız yaratmaq mümkün deyil. Buna isə bir gün mütləq başlamalıyıq. Ölkədə uşaq idmanının yaradılması ilə və idmanla şəxsiyyət yaradılmasını təmin etməklə buna nail ola bilərik.
Ölkə idmanında elmi seminarların keçirilməməsi bizim idmanımızı müasirlikdən zaman-zaman daha da uzaqlaşdırır. Bilməliyik ki, bütün dünyada gedən elmi texniki tərəqqini yaradan seminarlardır. Ölkə məktəblərində və ali təhsil ocaqlarının tədrisində edilmiş tədris reformaları ləngidilmədən bizim idman tədrisimizdə də tətbiq edilməlidir. Bu idman psixologiyasının ayrılmaz hissəsidir. Məlumat üçün bildirim ki, 1910-cu ildə İsveçrənin Lozanna şəhərində psixoloqların konqresində idman psixologiyası bir elm kimi qəbul edilib. Həmin vaxtdan idman güc mübarizəsindən ağıl və ruh mübarizəsinə keçib.
- Bir idman mütəxəssisi kimi hansı təklifləriniz var?
- Məsələn, ölkədə heç bir komplekslərdə nəzəri tədris otaqları yoxdur. Eləcə də, idmançılara fərdi tədris keçirilməsi üçün mini zallar yaradılmayıb. Həyatda isə müasir işi, müasir yanaşma ilə həyata keçirmək mümkündür. Ölkədə uşaq idmanına daha çox yer verilməlidir. İnkişaf etmiş ölkələrdə uşaq idmanına 3-4 yaşından götürüldüyü halda bu gün bizdə güləş idman növünə 12-13 yaşından qəbul edirlər.
Uşaq evlərində də idman tədris olunmalıdır. Bu kütləvilik isə idmanın yüksəlişinə daha da təsir edə bilər.
Düşünürəm ki, bu gün idmanımızın andı olmalıdır. Necə olur ki, tibbdə, ədliyədə və hərbidə and var, amma Vətənin idman şərəfini qoruyan mübariz idmançılarımızın andı yoxdur. And insanda mənəvi, əxlaqi və iradi dəyərləri fərdi olaraq formalaşdırır. Nəhayət isə and insana özü-özünə dərk etdirmiş olur. Bu isə həyatda insanın formalaşmasının əsas atributlarındandır. Hesab edirəm ki, bu və ya digər təkliflərim diqqət çəkəcək.
Anar Əhmədov
“İdman güc mübarizəsindən ağıl və ruh mübarizəsinə keçib”