Bir çoxlarımız onu kinoaktyor kimi tanıyırıq. Lakin o, aktyor olmazdan əvvəl, idmanda tanınmağa və nailiyyətlər qazanmağa başlamışdı. Söhbət tanınmış aktyor-idmançı, əslən Belçikadan olan Jan Klod Kamill Van Varenberq və ya, qısaca olaraq, Van Damdan gedir. O, 1960-cı ildə Belçikanın paytaxtı Brüssel şəhərində anadan olub. Jan Klodun 12 yaşı olarkən o, Fransada beynəlxalq karate mərkəzinin müəllimi Klaudio Goetzdən dərs almağa başlayır. Elə ilk məşqlərdən onun istedadlı, perspektivli idmançı olacağı üzə çıxır. Müəllimi ona şotokan karatenin sirlərini öyrədir. Dörd il məşq etdikdən sonra o, Belçikanın karate üzrə yığma komandasına cəlb edilir və burada məşq etməyə başlayır. Məşhur karateçinin idmanda debütü 1976-cı ildə 16 yaşı olarkən baş verib. Vandamın rəqibi Brüsseldən olan Van Oustrom olur. Bu döyüşə çox yaxşı hazırlaşan Jan Klod döyüş başlayandan bir dəqiqə sonra rəqibini nokauta salır. Lakin növbəti görüşlərdə məğlub olan Vandam mübarizəni dayandırır.
Növbəti il Vandam Belçikada keçirilən “WAKO Open” beynəlxalq turnirinə qatılır. Həmin turnir də Jan Klod üçün uğursuz olur. Belə ki, o, həmyerlisi Patrik Teugels ilə döyüşdən qalib ayrıla bilmir. Bundan sonra Vandam hələ çoxlu məşqə ehtiyac olduğunu anlayır. 6 ay intensiv təlim və məşqlərdən sonra məşqçisi Goetz Avropada tez-tez kontakt növləri üzrə təşkil edilən turnirdə şagirdinin istedadını insanlara nümayiş etdirmək qərarına gəlir. Jan Klod həmin axşam üç nokautla ilk turnirini qazanır. Lakin uğursuzluq onu özündən aralı buraxmır. Belə ki, 1978-ci ildə Patrick Teugelslə matçda, Vandam yenidən zədələnir və bir ay məşqlərə qatıla bilmir. Zədəsini bərpa etdikdən sonra yenidən yığmaya qayıdan Jan Klod Vandam yarışlarda iştirak edir. Onun qayıdışından sonra ilk turniri komandalararası Avropa çempionatı olur. Jan Klod birinci turda Emil Leybmanı ilk dəqiqələrdən nokauta salır. Belçika komandası Avropa çempionu adına layiq görülür. Bu qələbədə Vandamın xüsusi rolu olur.
1980-ci ildə isə Jan Klod Vandam Böyük Britaniyanın karate üzrə keçmiş çempionu Mixael Hemingi məğlub edir. Sonrakı döyüşündə isə Vandam fransız Georges Verlugelsə nokautla qalib gəlir. Bu qələbələrdən sonra belçikalı döyüşçü Avropa Döyüş İctimaiyyəti təşkilatının diqqətini çəkir. Bu dahi idmançının istedadı barədə “Professional Karate Magazine” jurnalının redaktoru Mike Anders və Avropa çempionu Geet Lemmens xoş sözlər deyirlər. Vandam isə artıq Belçika millisində karyerasını bitirmək qərarına gəlir. O, yığmada son döyüşünə Patrik Teugelslə çıxır. Bu idmançıların qarşılaşdıqları bütün döyüşlər Patrikin qələbəsi ilə başa çatmışdı. Nəhayət, son döyüşdə Vandam bütün məğlubiyyətinin əvəzini çıxır. Patrik aldığı zərbələr ucbatından döyüşü davam etdirə bilmir. Hakimlər qələbəni texniki nokautla Vandama verirlər.
Bu qələbədən sonra Vandam döyüş turnirlərinə vida deyir. Lakin bir müddət sonra, daha doğrusu, 1981-ci ildə Vandam yenidən səhnəyə çıxır. “Comeback”dan (qayıdış) sonra onun ilk döyüşü Hollandiya idmançısı Henk Besselmana qarşı olur. Vandam çətinlik çəkmədən rəqibini məğlub edir. İkinci döyüşündə Des Arts Martiauxa, 3-cü də isə Lenny Leikmana nokautla qalib gəlir. Maraqlıdır ki, son döyüşdə Vandam 20 zərbə vurub. Sonuncu zərbə rəqibini nokauta salıb.
1982-ci ildə Vandam və uşaqlıq dostu Mişel Qissi “kinoulduz” olmaq ümidi ilə Amerikaya köçürlər. Vandamın kino karyerası “Breakin”lə başlayır. O, bu kinoda epizodik bir rolda - rəzil, səfil rusiyalı İvan rolunda çəkilir. Vandamın kino aləminə bəxş etdiyi filmlər tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanıb. Onun baş rolda çəkildiyi “Qara qartal”, “Kikboksçu”, “Qoşa zərbə”, “Macəra axtarışında”, “Legioner” və digər filmlər bu gün də maraqla izlənilir.
Bu filmələrdə o, möhtəşəm aktyorluq bacarığını göstərməklə yanaşı, bir çox döyüş növlərinin sevilməsinə və təbliğinə də nail olub. Minlərlə gənc Vandamın kinolarına baxdıqdan sonra idmanın kokşinkay və kikboksinq növləri ilə məşğul olmağa başlayıb. Məşhur aktyor-idmançı kino karyerasını bu gün də davam etdirir.
Vandam 5 dəfə ailə həyatı qurub. O, üç uşaq atasıdır: 2 oğlu, 1 qızı var. Təcrübəli idmançı-aktyor narkotik qalmaqalı ilə də üzləşib. Bu “qara zolaq” onun həyatına 1995-ci ildə daxil olub. Deyilənlərə görə, Jan Klod 1996-cı ildə bir həftə ərzində istifadə etdiyi kokainə 10 min dollar xərcləyib. Bu hadisə onun arvadından boşanmasına səbəb olub. Vandamı çətin vəziyyətdən iradəsi və aldığı müalicə qurtara bilib. Narkotikaya 1998-ci ildə “əlvida” deyən aktyor “ağ ölüm”lə bir daha əlaqə saxlamayacağına söz verib.