Sahib Rzayev: “İdmana həvəsi olan uşaqları sınaq yarışlarına dəvət edirik”

Sahib Rzayev: “İdmana həvəsi olan uşaqları sınaq yarışlarına dəvət edirik”


Tarixən böyük uğurları ilə dünyada tanınan Azərbaycan idmanı yeni dövrə qədəm qoyub. Son bir ildə baş verən struktur dəyişiklikləri idmandan da yan keçməyib. Məqsəd ölkəmizdə sağlam gənc nəslin formalaşması və yeni adların tanınmasına xidmət edir. Dünyada idman sürətlə inkişaf edir, yeni nailiyyətlər qazanılır. Müasir dövrümüzdə qabaqcıl yeniliklər bir-birini əvəz etsə də, burada mütəxəssis rəyi əsas meyar olaraq öz nüfuzunu qorumaqdadır. İllərdən bəri idman sahəsində qazanılan təcrübələr ənənə olaraq nəsillərdən nəsillərə ötürülməlidir. Ölkəmizdə bu sahədə təcrübəsi olan kifayət qədər mütəxəssislər var. “Olimpiya dünyası” qəzetinin “Mütəxəssis rəyi” rubrikasının budəfəki qonağı karate üzrə Əməkdar məşqçi, Əməkdar idman ustası, 7-ci dan, beynəlxalq dərəcəli hakim, ikiqat dünya mükafatçısı, ikiqat Avropa çempionu, dünya kubokunun, açıq Amerika çempionatının qalibi, Azərbaycan Milli Karate Federasiyasının Gəncə regional şöbəsinin sədri Sahib Rzayevdir.


- Sahib müəllim, məlumdur ki, dünyanı öz cənginə alan pandemiya uzun müddət bütün sahələrə mənfi təsir etdi. Bu təsir idmandan da yan keçmədi, geriləmələrə səbəb oldu. Sədrlik etdiyiniz qurum bu geriləmələri aradan qaldırmaq üçün hansı işləri planlaşdırır?

- Dünya tədricən postpandemiya dövrünə qədəm qoyub. Hər bir sahədə olduğu kimi cəmiyyət yeni mərhələyə başlayıb. Bu, idman sahəsini də özündə ehtiva edir. Artıq bütün dünyada olduğu kimi, ölkəmizdə də kütləvi idman tədbirlərinin keçirilməsinə müvafiq şərait bərpa edilib. Pandemiya dövründə yarımçıq qalmış tədbirləri yenidən təşkil etmək üçün əla fürsət yaranıb. Belə ki, Milli Karate Federasiyasının Gəncə regional şöbəsi yeni ildən etibarən idman növləri üzrə təbliğat-təşviqat kompaniyasına start verib. Qurumun nümayəndələri orta ümumtəhsil məktəblərində tədbirlər keçirib, uşaqların idmana cəlb olunmasına çalışırlar. Bu işdə valideynlərlə görüşüb onlara, uşaqlarının sağlam formalaşması üçün idmana cəlb olunmasını məsləhət görürük. İdmana həvəsi olan uşaqları sınaq yarışlarına dəvət edirik. Regional Mərkəzin təşkil etdiyi yarışlarda çalışırıq ki, daha çox uşaq və yeniyetməni dəvət edək. Bu gördüyümüz işin əsasını təşkil edir.

- İdmanın inkişafı üçün mövcud infra-struktur və təcrübəli kadrlar vacibdir. Həmin kadrların iş təcrübəsi planların uğurla həyata keçməsinə zəmin yaradır. Bu barədə nə deyərdiniz?

- Məlumdur ki, bu gün ölkəmizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib. Müasir standartlara cavab verən həmin qurğulara idmançılar üçün hər zaman açıq olmalıdır. Qeyd etdiyiniz kimi, belə bir şəraitdə idmançıların yetişməsi üçün təcrübəli mütəxəssislərə ehtiyac var. Həmin mütəxəssislər idmana həvəsi olan və bu sahədə ilk addımların, atan uşağın fiziki imkanlarını, psixoloji durumunu mütləq nəzərə almalıdır. Təcrübələr göstərir ki, bir insan fəaliyyət dairəsindən asılı olaraq yalnız potensial qüvvəsinə uyğun olaraq lazımi nəticəni verə bilir. Məşqçilər nəzərə almalıdırlar ki, uşaqları fiziki və mənəvi cəhətdən birbaşa yükləmək olmaz. Hər şey tədricən baş verməlidir. Bu, idmançı yetişdirməyin metodikasında əsas amillərdən biridir. Biz də öz tərəfimizdən çalışırıq ki, bu məqamları nəzərə alaq.



- Uzun müddət Gəncə və Göygöl Olimpiya idman komplekslərinin rəhbəri olmusunuz. Həmin ərəfələrdə kompleksin fəaliyyətində hansı məqamları nəzərə almısınız?

- Bildiyiniz kimi, mən uzun müddət Gəncə və Göygöl Olimpiya idman komlekslərinin rəhbəri olmuşam. Bu sahədə fəaliyyət göstərərkən çalışmışam ki, kompleks öz təyinatı üzrə idmanın inkişafına və idmançıların yetişməsinə yüksək səviyyədə xidmət etsin. Qısa müddət ərzində biz böyük nəticələr əldə etdik. Kompleksdə ayrı-ayrı idman növləri üzrə yarışlar keçirdik. Nəticədə kütləviliyə nail olduq. Həmin ərəfələrdə idmana cəlb etdiyimiz yeniyetmələrin bəziləri bu gün Azərbaycan idmanının tanınmış simalarına çevriliblər.

- Qeyd etdiyiniz kimi, idmanda kütləviliyə nail olmaq üçün xüsusi üsulunuz var. Bu daha çox idman komplekslərinin fəaliyyəti ilə əlaqədardır?

- Əvvəlcə Olimpiya idman komplekslərinin və yerli idman idarələrinin rəhbərləri bir araya gəlib, rayonda hansı idman növlərinin daha çox inkişaf etdiyini, yaxud zəif olduğunu müzakirə etməlidirlər. Çatışmazlıqlar araşdırılmalı, həmin inkişaf etmiş idman növlərinin kompleksdə məşqləri təmin edilməlidir. Bu, cədvəl əsasında həyata keçirilməlidir. Həmin idmançılara nəzarət gücləndirilməli, onların məşqləri üçün mövcud imkanlar yaradılmalıdır. Bu idman növləri üzrə məktəblərdə təbliğat işləri aparılmalıdır. Sonra bu komplekslər arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil olunmalıdır. Bu yarışlardan sonra hansı komplekslərdə hansı idman növünün inkişafdan qalması özünü büruzə verəcək. Məhz bu yarışlardan sonra inkişaf etməyən idman növlərində problemlər araşdırılmalı, yeni mütəxəssislər cəlb olunmalıdır.
Ola bilsin ki, həmin idman növündə inkişafa mane olan səbəblərdən biri təcrübəli mütəxəssis çatışmazlığı ilə bağlıdır. Bunun üçün fikir mübadiləsi aparılıb, digər bölgələrin təcrübəli məşqçi müəllimləri kompleksə dəvət olunmalı, onların təcrübəsindən yararlanmalıdır. Bu çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yarışlar təşkil olunmalıdır. Belə olan təqdirdə komplekslər arasında rəqabət olacaq və rəhbərliklər idmanın inkişafında maraqlı olacaqlar. Belə olan halda təxminən 2-3 ildən sonra nəticə öz bəhrəsini verəcək. Beləliklə həmin idman bölmələrindən gələcəyin dünya, Avropa və Olimpiya çempionları çıxacaq.

- Sahib müəllim, karatenin yetərincə növləri var. Siz daha çox onlardan hansına mükəmməl yanaşırsınız?

- Hazırda dünyada karatenin bir sıra növləri var. Onların arasında akademik növlərə xüsusi önəm verilir. Bunlara şotakan, kyokşin, qocyu-ryu, vado-ryu növləri daxildir. Bu adlarını qeyd etdiyim idman növlərinin daha geniş bazası, fəlsəfəsi və ənənələri var. Əgər bir idman növünün nəzəriyyəsi, üsulu, fəlsəfəsi, bazası yoxdursa, bu idman növü ilə məşğul olmağı düzgün hesab etmirəm.

- Uşaqların əlbəyaxa döyüş növləri ilə məşğul olmasına münasibətinizi bilmək istərdik.

- Bu idman növləri ilə məşğul olmaq heç də birmənalı qarşılanmır. Hər kəs buna fərqli yanaşır. Mənim fikirimcə döyüş növləri ilə məşğul olmaq pis deyil. Lakin azyaşlı uşaqları döyüş növlərində yarışlara çıxarmaq düzgün deyil. Çünki bu onların gələcəkdə zədə və psixoloji sarsıntı almalarına səbəb ola bilər. Bunun üçün onları daha çox kata yarışlarında sınaqdan keçirmək lazımdır.

- Milli Karate Federasiyasının Gəncə regional şöbəsi il ərzində hansı yarışların keçirilməsini planlaşdırır?

- Biz hər ilin may ayında Gəncədə beynəlxalq yarış təşkil edirik. Bu ənənə bu il də davam etdiriləcək. Belə ki, may ayının sonunda yenidən Gəncədə karate üzrə açıq şəhər çempionatı keçiriləcək. Həmin turnirə qonşu ölkələri də dəvət etməyi planlaşdırırıq. Hesab edirik ki, bu işlər il ərzində davam edəcək. Məqsədimiz daha çox yarış keçirib, daha çox istedadlı idmançıları üzə çıxarmaqdır.

Anar Əhmədov