“Əsas məqsədimiz idmanda düzgün, şəffaf və dayanıqlı sistemin qurulmasını təmin etməkdir”

“Əsas məqsədimiz idmanda düzgün, şəffaf və dayanıqlı sistemin qurulmasını təmin etməkdir”


Ötən ilin sonlarından başlayaraq ölkəmizdə fəaliyyət göstərən bir neçə idman federasiyasında yeni prezident seçkiləri keçirildi. Azərbaycan idmanının inkişafında yeni mərhələyə hesablanan bu seçkilərdən sonra hətta bir neçə federasiyada yeni rəhbər dəyişiklikləri də baş verdi. Azərbaycan Stolüstü Tennis Federasiyasında da yeni prezident seçkiləri keçirildi. Federasiyanın ümumi yığıncağında yenidən baş nazirin müavini Şahin Mustafayevə etimad göstərildi.
Bu yaxınlarda seçkilərdən sonra federasiyanın idman həyatında baş verən yeniliklər və strategiyaları haqda məlumat əldə etmək üçün Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, Kənd Təsərrüfatı nazirinin müşaviri Səbuhi Mehtizadə ilə görüşdük. Müsahibimiz federasiyanın gələcək planları barədə ətraflı məlumat verdi.


- Səbuhi müəllim, istərdik ki, söhbətimizə Azərbaycan idmanında baş verən yeniliklərlə başlayaq. Ötən ilin sonlarından Stolüstü Tennis Federasiyasında yeni prezident seçkiləri oldu. Seçkilərdən sonra baş verən yeni dəyişikliklər barədə bir qədər məlumat verərdiniz.

- Ötən il dekabrın 27-də Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirildi. Yeni seçkilərdə stolüstü tennis ailəsi baş nazirin müavini cənab Şahin Mustafayevi növbəti dəfə Stolüstü Tennis Federasiyasına prezident seçdi. Bu, o deməkdir ki, Şahin müəllimin dövründə idarəçilik tam şəffaf, düzgün, həm qısa, həm də uzunmüddətli strategiya üzrə planlı şəkildə aparılıb. Seçkilərdən sonra bir neçə dəyişiklik həyata keçirildi. Bunlardan biri Elmar İslamın Stolüstü Tennis Federasiyasına yeni üzv, həmçinin vitse-prezident seçilməsi ilə bağlıdır. O, bu vəzifədə Fazil Məmmədovu əvəz etdi. Bundan başqa tennis ailəsinin üzvü olan Könül Mikayılova federasiyaya yeni baş katib seçildi. Bu da düşünülmüş bir addım idi. Könül Mikayılova həm idarəçi kimi tam hazır kadrdır, həm də idman sahəsində tanınmış mütəxəssisdir. O, 1982-ci ildən stolüstü tennislə məşğul olur. Hətta onun ailəsi də, bu idman növünə bağlı olan insanlardır. Bir sözlə, baş katibimiz kənardan yox, stolüstü tennis ailəsinin içərisindən seçilib. İnanırıq ki, Könül xanım həm federasiyanın gələcək işlərində, həm idarəçilikdə, həm də idmançılarla əlaqəli işlərdə öz töhfəsini verəcək.


- Bir çox federasiyalarda həmişə yeni seçkilərdən sonra qısa və uzunmüddətli strategiyalar müəyyən edilir. Bəs Stolüstü Tennis Federasiyasının əsas strategiyaları nələrdən ibarətdir?

- Bizim strategiyamız 2014-cü ildən başlayıb. İlkin mərhələdə qısamüddətli strategiyaya üstünlük verdik. Amma paralel olaraq uzunmüddətli strategiyanın da həll yollarını taparaq icrasına başladıq. Bildiyiniz kimi, biz qısamüddətli startegiyaya legionerlərlə başlamışdıq. Bunun üçün komandamıza xarici məşqçilər və milliləşdirilmiş idmançılar cəlb etdik. Bununla yerli idmançılarımız arasında rəqabət mühitini formalaşdıraraq, medal həvəsini, qalib gəlmək ruhunu yaratmaq istəyirdik. Çinli idmançıları milliləşdirdikdən sonra yerli idmançılarımız onlarla dost oldular, bir-birlərini yaxından tanıdılar, təcrübələrini bölüşdülər. Həmin çinli idmançılar öz məşq proseslərini tennisçilərimizə də danışdılar və onlarda qalib gəlmək inamı artdı. Bundan sonra bizim kiçikyaşlı istedadlı idmançılarımız yarandı. Artıq sevindirici haldır ki, bu gün bizim idmançılarımız “ETTU Eurotalents” adlı istedadların axtarışı proqramına düşüblər. Bu, bizim bir növ qısamüddətli strategiyamızın inteqrasiyasıdır.
Uzunmüddətli startegiyadan danışanda isə hansısa bir yaş həddindən sonra xarici klublara uşaq idmançıların transfer olunmasını qeyd etmək olar. Biz hazırda bunun üzərində işləyirik. Beynəlxalq Stolüstü Tennis Federasiyasının yeni transfer saytı açılıb. Uşaqlar öz oyunlarının videosunu həmin sayta yerləşdirirlər. Bu, bir növ istedadlı idmançıların aşkara çıxarılması və klublarda iştirak etmək şanslarını artırır. Bu, Avropa və Beynəlxalq Stolüstü Tennis Federasiyasının yeni bir layihəsidir. Biz də bu fikri dəstəklədik. Bizim idmançımız Ansari İbrahim həmin saytdan qeydiyyatdan keçib, Finlandiya və İsveçrədən təkliflər alıb.


- Yığma komandanın əvvəlki üzvlərinin bir neçəsi hazırda məşqçiliklə məşğul olurlar. Bunun üçün federasiya gənc məşqçilərə necə dəstək olur?

- Bu gün 2014-2015-ci ilin yığma komandasının idmançılarının 90 faizi məşqçilik edirlər. Biz bununla pilləli sistem yaratdıq. Bir uşaq digər uşağı əvəz edir. Yuxarı pillədə olan idmançılar uşaqlara kömək edirlər. Əslində, bu məsələ də bizim uzunmüddətli strategiyalarımızdan biridir. 2014-cü ildən federasiya olaraq məşqçi axtarışına çıxdıq. Bunun üçün respublika üzrə məşqçiləri sınaqdan keçirdik, onlarla müqavilələr bağladıq. Müqavilə əsasında hər bir məşqçiyə qoyulan minimum hədd 6-8 yaşından ibarət 10 uşağın hazırlanması ilə bağlı idi. Müqavilələr bağladıqdan sonra seleksiya işlərinə başladıq. Uşaqları seçərək yığmaya gətirdik. Bu mərhələdə isə artıq 800-1000 nəfərdən ibarət uşaqlarımız var idi. Biz həmçinin məşqçilər arasında da seleksiya işləri apardıq. Həm hakimlik, həm də məşqçilər üçün beynəlxalq federasiya tərəfindən kurslar təşkil etdik. Bu gün də məşqçilərin səviyyəsinin artırılması üçün bu proses davam etdirilir. Belə ki, onlar üçün ölkədaxili və beynəlxalq seminar və kurslar təşkil etmək, ali təhsilli idmançıların məşqçi kimi işlə təmin olunmasını stimullaşdırmaq və ölkənin müxtəlif regionlarında məşqçilərlə müqavilələr bağlamaq əsas hədəflərimizdəndir.


- Stolüstü tennis idman növündə sparrinq xüsusi əhəmiyyət kəsb edir. Bu, bilavasitə idmançının inkişafını şərtləndirən amillərdəndir. Bunu nəzərə alaraq federasiya hansı addımları atır?

- Bu gün sparrinq məsələsi qarşımızda çox ciddi problem kimi dayanır. Bildiyiniz kimi, stolüstü tennis yüksək texnika və sparrinq tələb edən idman növüdür. İki eyni səviyyədə oynayan tennisçi heç vaxt inkişaf edə bilməz. Tennisçi hər zaman çalışmalıdır ki, özündən güclü idmançı ilə oynayaraq inkişafa nail olsun. Bu da bir növ stolüstü tennisçilərimizin böyük problemi idi. Təbii ki, biz də bu problemin aradan qaldırılması üzərində işləyirik. Bunun üçün uzunmüddətli strategiyaya uyğun olaraq Türkiyə, İran və Rusiya ilə memorandumlar imzalamışıq. Bu memorandumun sayəsində idmançılarımız qonşu ölkələrlə birgə təlim-məşq toplanışlarında iştirak edirlər.


- Hazırda komandanın heyətində legioner idmançılar varmı?

- Legioner idmançılar milliləşdirilərək Azərbaycanın vətəndaşı olublar. Onlar bu gün də bizimlədirlər. Lazım olarsa həmin idmançıları dəvət edərək ölkəmiz adından yarışa çıxara bilərik. Amma biz bunu istəmirik. Həmin dövr artıq geridə qaldı. Federasiyanın adından deyə bilərəm ki, bu gün biz istəyimizə nail olduq. İndi uşaq, yeniyetmə və gənclərin inkişafına nail olmağa çalışır, rəqabətədavamlı bir komanda formalaşdırmağı qarşımıza məqsəd qoymuşuq. Bu gün biz özümüzü Avropada təsdiq etməyi bacardıq. İstəyirdik ki, idmançılarımız qalib ruhunun dadını görsünlər. Bizə bu mənzərəni yaratmaq lazım idi.


- Pandemiyaya qədər stolüstü tennis idman növü özünün inkişaf mərhələsində idi. Məlum hadisələr bu idman növünün inkişafına nə dərəcədə təsir göstərdi və federasiya bu baxımdan çıxış yolunu nədə gördü?

- Digər idman növlərinə məşq etməyə icazə verilsə də stolüstü tennisdə bu mümkün olmadı. Biz açıq havada fiziki hazırlıqdan başqa heç nə edə bilmədik. Küləkli olduğuna görə açıq havada oynamaq mümkün olmurdu. Bir sözlə, zalların bağlanmasının böyük təsirləri oldu. Qeyd etdiyim kimi, bizdə sparrinqdən çox şey asılıdır. Məşqçilərimiz kiçik yaşlı uşaqlarla onlayn qaydada məşq keçərək onların topa olan hissiyyatının itməməsinə çalışdılar. Amma onlayn qaydada məşqlər o qədər də faydalı olmadı. Sparrinq şəklində məşqlər keçmədən idmançı nə qədər formada qala bilər? Bu səbəbdən də biz kiçikyaşlı istedadlı uşaqlarımızın bir qismini itirdik. Zallarımız açıldıqdan sonra isə millət vəkillərimizin köməyi sayəsində paytaxtda və bölgələrdə layihələr icra edirik. Rayonlarda məktəblərə stolüstü tennis inventarları paylayırıq. Müxtəlif layihələrlə rayonlarda kütləviliyi artıraraq uşaqlarda bu idman növünə maraq yaratmağa çalışırıq. Bir müddət keçdikdən sonra federasiyanın nümayəndələrini həmin əraziyə ezam edirik. Onlar orada olan uşaq və gənclərə ustad dərsləri keçirlər. Biz bu qayda ilə əvvəlcə stolüstü tennisi məkləblərdə uşaqlara təbliğ edir, kütləviliyi artırır, sonra isə gəlib onlara necə pəşəkar oynamağı öyrədirik. İnanırıq ki, bu layihə də tezliklə öz bəhrəsini verəcək və qarşıdakı illərdə onların arasından peşəkar idmançılar çıxacaq.


- Ölkəmizin gələcəkdə stolütü tennis üzrə yenidən beynəlxalq turnirlərə ev sahibliyi etmək kimi niyyəti varmı?

- Biz bu gün federasiya olaraq kiçikyaşlı idmançılar arasında beynəlxalq reytinq turnirləri təşkil etməyi məqsədəuğyun hesab edirik. Çünki bu tipli yarışlarda bizim uşaq və yeniyetmə tennisçilərimiz də iştirak edərək təcrübə toplayacaqlar. Bunun üçün biz türkdilli dövlətlər arasında turnir təşkil etmək istəyirik. Bu yarışın ölkəmizdə və ya Türkiyədə keçirilməsi məsələsi isə danışıqlardan sonra məlum olacaq. Biz əslində, pandemiya dövründən əvvəl bu barədə fikirləşirdik. Bu gün də bu yarışın təşkil edilməsi məsələsi gündəmdədir. İTTF və ETTU-nun reytinq cədvəlində uşaqlar və yeniyetmələr üçün çempionatın keçirilməsində böyük növbə var. Hər kəs bu yarışları öz ölkəsində keçirmək istəyir. Buna isə Avropa və Beynəlxalq Stolüstü Tennis Federasiyası qərar verir.


- Siz eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti vəzifəsini də icra edirsiniz. Yeni işiniz sizin üçün nə dərəcədə çətin olacaq?

- Bu yaxınlarda Ağır Atletika Federasiyasında prezident seçkiləri keçirildi. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov federasiyanın yeni prezidenti seçildi. Mən də bu federasiyanın üzvü oldum. Sonradan isə təqdimat olundu və Ağır Atletika Ferasiyasının vitse-prezidenti seçildim. Bu etimada görə federasiya rəhbərliyinə və üzvlərinə minnətdarlığımı bildirirəm. Burada da əsas məqsədimiz idmanda düzgün, şəffaf və dayanıqlı sistemin qurulmasını təmin etmək, yeni uğurlar və nəticələrin qazanılmasıdır. Ağır Atletika Federasiyasında da Stolüstü Tennis Federasiyasında olduğu kimi, ictimai əsaslarla çalışıram. Əsas işim Kənd Təsərrüfatı nazirinin müşaviri vəzifəsidir. Ağırlıqqaldırma mənim üçün yeni bir idman növüdür. İdman növlərinin ümumi strukturu var ki, bunlar oxşardır. Hər bir idman növündə qısamüddətli və uzunmüddətli strategiyalar və tədbirlər planı hazırlanır. Bunlar olmasa federasiyanın fəaliyyəti təhlükə altında olar. Federasiya prezidenti seçkilərdən sonra bölgələrə səfərlər edir, burada olan idman şəraiti ilə yaxından tanış olur. Belə bir tezis var ki, “çempionlar kəndlərdən çıxır”. Biz də bu baxımdan rayonlarda, kəndlərdə və ətraf bölgələrdə idmanın təbliğatı və inkişafı ilə məşğul olacağıq. Yaxın günlərdə yeni 5-6 bölmənin yaradılması gözlənilir. Çalışacağıq ki, bizə olan etimadı doğruldaq və yeni uğurlar əldə edək.


- Ağırlıqqaldırma dopinq qalmaqalı baxımdan idman cəmiyyətinin ən yaralı yeridir. Hətta bir neçə idmançımız dəfələrlə bu bəlaya görə sanksiyalara məruz qalıblar. Federasiya olaraq bu problemi aradan qaldırmaq üçün hansı tədbirlər görüləcək?

- Biz qısa bir müddətir ki, işə başlamışıq. Bildiyiniz kimi, bu idman növündə dopinq məsələləri çox geniş yayılıb. Burada Beynəlxalq Ağır Atletika Federasiyasının da böyük günahı var. Bunların hamısı bir korrupsiya əməli idi. Bu hallara görə hazırda beynəlxalq federasiyanın üzvlərinə sanksiyalar tətbiq olunub. Biz idman cəmiyyətinin yaralı yeri olan dopinq məsələsi ilə ciddi məşğul olmalıyıq. Çünki belə məsələlər federasiyamız üçün mənfi haldır. Düşünürəm ki, biz bu bəlanı bu günki gündə narkomaniya ilə bərabər tutmalıyıq. Bunun üçün çalışacağıq ki, bu məsələ ilə bağlı işlərimizi AMADA ilə birgə quraq. Həm idmançı, həm də idarəçilər üzərində nəzarət mexanizmi elə olmalıdır ki, belə əməllərə bir daha yol verilməsin. Bunun üçün mübarizə sistemləri yaradılacaq. Bu bizim gələcək planlarımızın və startegiayımızın əsas hissələrindən biridir. Federasiyamızın prezidenti artıq bununla bağlı idmançılar və məşqçilərlə görüşüb, onlara ciddi tapşırıqlarını verib. Dopinqlə məşğul olan idmançılar bizimlə bir sırada ola bilməz.

Azər Əlizadə