Futbol ulduzları qalereyasından...

Futbol ulduzları qalereyasından...

MOBİL İSMAYILOV


                          (Əvvəli)

 


 Adlarını futbol
tarixinə həkk
etdirənlər


Futbolçuların əla formada olduğu bir dövr, mövsüm və ya mövsümlər olur. Belə hallarda əslində baş məşqçiyə də daha çox iş qalmır. Hərçənd ki, uğur ilk növbədə məşqçinin adına yazılır. Amma faktiki olaraq belə deyil. Futbol tarixində elə də möhtəşəm ad-sanı, titulları olmayan komandaların gözlənilmədən Çempionlar liqasının qalibi olmasını da məhz, əla formada olan oyunçuların bir-birini gözəl anlamaları və çox  istəkli, əzmkar keyfiyyətləri ilə izah etmək mümkündür. Məsələn, “Srvena Zvezda”, “Styaua”.  Eləcə də “Qalatasaray”ın da uğurlarını qeyd etmək olar. Başqa sözlə, belə komandaların gözlənilmədən böyük uğurlar qazanmaları futbolçuların, deməli, bütövlükdə klubların çiçəklənən dövrünə təsadüf edir. Bu məqamda Danimarkanın, Yunanıstanın Avropa çempionu olmasının yada salınması da yerinə düşər. Əlbəttə, uğurlara stimul verən digər amillər də vardır. Təbii ki, bəxt amilini də yaddan çıxarmaq olmaz. Bəxt hansı komandanın üzünə gülürsə, o da qalib gəlir. Yəni, futbolda da həyatda olduğu kimidir: “Moneta”nın hansı tərəfi üstə düşməsindən çox şey asılıdır. Bütün bunlar nəticə etibarı ilə yenə də ulduzları ön plana çəkir. Ona görə də qayıdaq futbol tarixində imzası olan ulduzlara. Mən vaxtı ilə braziliyalı Markos Kafunu dünyanın ən yaxşı müdafiəçilərindən  biri hesab etmişəm. Əzmkarlığı, mübarizliyi, eyni zamanda fiziki göstəriciləri ilə fərqlənən Branislav İvanoviç də yadda qalan müdafiəçilərdən olub. Serbiyalı futbolçu 2008-ci ildə “Lokomotiv” Moskva komandasından “Çelsi”yə transfer olundu və dərhal da əsas heyətdə möhkəmləndi. Uzun müddət o, etibarlı oyunu ilə “Çelsi”yə böyük töhfələr verdi. Vaxtı ilə “Real”ın müdafiəçisi Miçel Salqadonun oyunu çox yaxşı təsir bağışlayırdı. İndi Alba onu mənə xatırladır. Bir vaxtlar “Real”ın uğurlarında böyük xidmətləri olan Marselonu əla futbolçu Roberto Karlos qədər bəyənirdim. İspan Quti Fernandes də özünəməxsus futbolçu olub. Tamaşaçıların həmişə rəğbətini qazanan Qutiyə hətta onda arabir müşahidə olunan sərt oyun da yaraşıb. “Milan”ın qol silahlarından biri olmuş Filippo İnzaqini ulduz hücumçu kimi qəbul edirdim.
Tyeri Anri ulduz futbolçu olsa da, mənim diqqətimi elə də cəlb etməyib. Həmçinin ulduz futbolçular kimi tarixə düşmüş Kannavaro, Kristian Vyeri, Krespo, Batistuta, David Trezeqe, Veron, Nistelroy, Məsut Özil mənim seçmələrdən ibarət futbol “qalereya”ma düşməyiblər. Görünür, mən onların oyunlarından elə də zövq almamışam.


Elə futbol ulduzu var ki, obrazlı desək, suda balıq kimidir. Hansı kluba gedirsə, ünsiyyət qurmağı bacarır, dərhal komandaya alışır, oyun tərzini əvvəlki səviyyədə qoruyub saxlayır. Elələri də olur ki, bu və ya digər formada problemlər yaşamağa başlayır. Ümumiyyətlə, futbol praktikası göstərir ki, komandaya tez uyğunlaşmaq çox vacibdir. Elə ulduz futbolçu var ki, ilk vaxtlar heyətə uyğunlaşa bilmir. Hər şeydən əvvəl bu, heyətə yeni qatılmağı ilə də izah oluna bilər. Xüsusən, böyük klublara uyğunlaşmaq elə də asan başa gəlmir. “Real”da oyunu bu və ya digər səbəblərdən alınmadığına görə Aryen Robben və Uesli Sneyder orada qala bilmədilər. Robben “Bavariya”ya, Sneyder isə “İnter”ə keçdi. Hər ikisi çıxış etdikləri komandaların heyətində əsas oyunçulara çevrildilər və əla mövsümlər keçirdilər. Futbol həvəskarlarına bəllidir ki, “Qalatasaray”ın möhtəşəm nailiyyətlərində braziliyalı Mario Jardelin çox böyük xidmətləri olub. Türk klubundan ayrılıb “Sportinq”ə keçdikdən sonra braziliyalı ulduz tədricən formadan düşməyə başladı.
Yeri gəlmişkən, türk futbolçularından Hakan Şükür, Bülent Qorxmaz, Sərgən Yalçın, Ümid Karan rəğbət bəslədiyim oyunçular olub. Hasan Şaşın da “Qalatasaray” komandasında misilsiz xidmətlərini etiraf etmək lazımdır. Fikrimcə, yeri gələndə onun rolu və faydası doğma komandasına daha çox olub, nəinki Okan və Əmrə. Bəzi ulduz futbolçular yeni komandaya gələrkən nömrə istəyini də irəli sürürlər. Məsələn, İsrailli Haim Revivo əvvəl “Fənərbağça”da, sonra da “Qalatasaray”a keçərkən hökmən “10” nömrəli formanı tələb etmiş və hər iki komandada da bu nömrə ilə çıxış etmişdir. Etiraf edim ki, Revivo da xoşladığım futbolçu olub. Mən vaxtı ilə “Bayer” Leverkuzendə oynayan Yıldıray Baştürkü də ən yaxşı yarımmüdafiəçilərdən biri hesab edirdim. Türkiyə millisinin dünya üçüncüsü olmasında onun xidmətlərini xüsusi vurğulamaq lazımdır. Hazırdaisə İlkay Gündoğanı mükəmməl yarımmüdafiəçilərdən biri kimi qəbul edirəm.
Gəlin, etiraf edək ki, İstanbul derbiləri əvvəllər daha maraqlı keçirdi və ulduzların “savaşına” çevrilirdi. İndi əvvəlki  futbol intriqaları müşahidə edilmir.
 

Baxışlar və
reallıqlar


 
Ecazkar, əsrarəngiz futbol oyunlarına baxarkən  meydanda nələr görmürük: Həyəcan, təlaş, qorxu, sevinc, titrəyiş...Belə anlarda necə deyərlər, adamın ürəyi ağzına gəlir. Qışqırmaqdan sanki səs telləri qırılır. Birdən də stadiona sükut çökür. Dilxor olanlar qalsın bir yana. Hönkür-hönkür ağlayan tamaşaçılar da olur. Futbol dünyasında elə oyunlar olur ki, azarkeş özünü unudub haldan çıxanda sanki hiss edir ki, ruhu bədəndən ayrıla bilər. Bu  zaman tamaşaçı hansı hala düşdüyünü, keçirdiyi hissləri, duyğuları izah etmək istəmir və ya izah etmək gücündə olmur. Məhz, bu anları yaradanlar da zəfər buludlarına qalxan ulduz futbolçulardır. Azarkeşləri, tamaşaçıları təlatümə, riqqətə gətirən ulduzlar daha uzun müddətə tarixdə qalır. Kluvert yaxşı futbolçu olub, qollar vurub, amma təlatümə səbəb olmayıb. Qol vuran yaxşı hücumçulara heç də həmişə ulduz futbolçu demək fikir ayrılığına da səbəb ola bilər. Yaşlı futbol həvəskarları əla bombardirlik, snayperlik keyfiyyətlərinə malik olan qol silahı Herd Mülleri yəqin ki, xatırlayırlar. Amma hərdən mənə elə gəlir ki, sanki o, unudulmaq üzrədir. Əslində onun yaddaqalan, möhtəşəm qolları olmayıb. Karlos Tevesiproblem yaradan, yola getməyən futbolçu kimi Argentina yığmasının baş məşqçiləri ayrı-ayrı vaxtlarda yığmaya dəvət etməkdən ehtiyatlanıblar. Bir qayda olaraq Messi ilə yanaşı Qonzalo İquainə, Esekuel Lavezziyə, Serxio Aqueroya üstünlük veriblər. Və yaxud Balotelli. Belələri məncə həmişə yadda qalmır. Bilmirəm belələrini ulduz futbolçular qrafasına salmaq olar, ya yox. Əlbəttə, fərqli fikirlər ola bilər. Həmçinin də Koutinyo. O da “Barselona”ya adaptasiya ola bilmədi. Mən heç vaxt, elə indi də onu ulduz futbolçu kimi qəbul edə bilmirəm. Yaxud, “Barselona”ya uyğun futbolçu olmadığına görə Qrizmanın da transferi özünü doğrultmadı. Onun da ulduz futbolçu sayılıb-sayılmamasını oxucuların mülahizəsinə saxlayıram. Hərdən Suaresi anlamaq həqiqətən çox çətindir. Bəzən elə çətin vəziyyətlərdən qol vurur ki, adam gözlərinə inanmır. Ancaq elə də olur ki, qapıçı ilə təkbətək qalanda, hətta boş qapıya da qol vura bilmir.
Məşhur ulduz futbolçu olmaqları ilə yanaşı necə deyərlər, pozitiv enerji ötürməyi bacaran, oyunlarına baxanda indi də məmnun qaldığım Pisarro, Xavyer Zanetti, Steven Cerrard, Dieqo Forlan, Pirlo həm də aristokratlıqları ilə həmişə diqqət mərkəzində olublar. Perulu Pisarro “Bavariya” və “Verder”in heyətində fantastik mövsümlər keçirmişdir. 19 il “İnter”in şərəfini qorumuş argentinalı hazırda klubun vitse-prezidentidir. Onun geyindiyi 4 nömrəli forma italyan klubunda Zanettinin şərəfinə birdəfəlik əbədiləşdirilmişdir. “Mayestro” ləqəbli Andrea Pirlo Amerikaya gedənə qədər - yəni 2015-ci ilədək yalnız İtaliya klublarında çıxış edib.2016-2017-ci illərdə fəaliyyətini ABŞ-nın “Nyu-York Siti” klubunda davam etdirib və orada da karyerasını bitirib. İngilislərin sevimlisi Cerrard isə yarım il ABŞ-da çıxış etməsini nəzərə almasaq, karyerasıboyu yalnız “Liverpul”da oynayıb.Çoxsaylı pərəstişkarları tərəfindən həmişə, hər yerdə rəğbətlə qarşılanan Dieqo Forlan da “qalereya”nın əbədi sakinlərindəndir. Serxio Ramosa eyni zamanda kapitanlıq sarğısı çox yaraşırdı. O, əsl kapitan olub. Həm klubunda, həm də yığmada. Yəni, kapitan funksiyasını əla yerinə yetirib. Axı, kapitan nümunə olmalıdır. Eyni zamanda onu həmişə qəbul ediblər. Belələrinə az-az təsadüf olunur. Ramos həm də ən çox qol vuran müdafiəçidir. Yeri gəlmişkən məşhur Roberto Karlos da qol vuran müdafiəçilərdən hesab olunub.


Gəlin, qapıçıları da yaddan çıxarmayaq. İtaliyanın futbol tarixində milli komandada ən çox oyun keçirən Canluici Buffondur. 1999-cu ildən “Real” da çıxış etmiş İker Kasilyasa böyük sevgi olub. O, yığmada da nüfuz sahibi idi. Cənubi Koreya ilə matçda oyunsonrası penaltilərin heç birini dəf edə bilmədi. Bundan sonra məşhur qapıçının imici bir qədər aşağı düşdü. Viktor Valdes, Co Hart haqqında da mütəxəssislər yuksək fikirdə olublar. Alman qapıçılar - Oliver Kan, Yens Leman da tam qəbul edilməklə çoxdan tarixə düşüblər.
Hərdən fikirləşirəm ki, Braziliyadan, Argentinadan nədən belə möhtəşəm futbolçular yetişir. Avropadan da hazırda İspaniyanın, Portuqaliyanın adlarını çəkmək olar. Bu ölkələrdən həm də yaxşı məşqçilər çıxır. Bir də ki, Allah hər bir ölkəyə özünəməxsus enerji çalarları, paylar, nəfəs verir. Görünür, sadəcə məsələ onları necə yönləndirməkdə, həmin paylardan, bəxş olunanlardan necə istifadə etməkdədir.
Yeri gəlmişkən, millilər arasında həmişə ən böyuk rəqabət Braziliya yığmasında olur. Burada ulduzlar çoxluq təşkil etdiyindən heyətə düşmək çətin olur.Yığmada oynamaq isə braziliyalılar üçün şərəfdir.
Bəli, futbol aləmində elə anlar vardır ki, obrazlı desək, ömrün aylarına, illərinə bərabər ola bilər. Və bu bir dəfə verilən həyat nəinki həftələrlə, aylarla, hətta nə qədər qəribə görünsə də, anlarla da ölçülə bilər. Elə unudulmaz anlar da baş verir ki, arxada qalan, yaxud da sonradan gələn həyat mərhələləri ilə eyni, bəlkə də artıq da görünür.
Mən futbol axınında ən azı itib-batmayan, mütəxəssislərin diqqətinə, marağına səbəb olan, azarkeşlərin qəlbində yer tapan, çoxsaylı pərəstişkarları olan, imzalar içində özlərini təsdiq etmiş futbolçulardan söz açdım. Əsl futbol ulduzları beyinləri ilə ayaqlarını birgə işlədənlərdir. Onlar usta ayaqlar və usta beyinlər sahibidir. Çoxları da inkişaf etmiş futbol zəkalı insanlardır. Onlar necə deyərlər, öz “imzası” olan futbolçulardır. Ən başlıcası isə onlar ürəklərə yol tapan, tarix yazan, azarkeşlərin, tamaşaçıların ruhunu, könül dünyasını fəth edən futbolçulardır.