Ultra-müasir futbol

Ultra-müasir futbol

MOBİL İSMATILOV
 

                       (Əvvəli)

Komandanın ruhu,
komandanın silahıdır


Klubun daxilində kollektiv mühit olmadıqda uğursuz nəticələr başlayır və komanda tezliklə böhranla üzləşir. Belə vəziyyət yarananda baş məşqçi də heç nə edə bilmir. Komandanın uğursuzluq zolağından çıxması üçün artıq rəhbərlik tədbirlər görməyə başlayır. İslahatlar aparılır, yenidən vahid kollektiv formalaşdırmaq lazım gəlir. Necə deyərlər, yeni qan lazım olur. Ona görə də komandanın rəhbərliyi və baş məşqçi bu cür böhran vəziyyətinin yaranmasına imkan verməməlidir. Beləliklə, futbolçular arasında qarşılıqlı anlaşma və bütövlükdə komandada əla kordinasiyaya nail olmaq olduqca mühüm şərtdir.

Üçüncüsü - komandaya uyğun gələn, münasib transferlər aparmaq lazımdır. Əlbəttə, futbolda transferlər labüddür. Amma baxır bu məsələlər necə həll edilir. Transferlər həmişə fayda verir? Bəzən külli miqdarda məbləğə alinan futbolçu az müddət keçdikdən sonra ehtiyatda qalır ki, bu da həm klubun transfer siyasətini doğrultmur , həm də komandanın büdcəsinə ziyan vurur. Ehtiyatda “çürüyən” futbolçular formadan düşürlər və nəticədə narazılıqlar yaranır. Futbolçuda baş qaldıran həvəssiz meydana çıxma meylləri, ruh düşgünlüyü daha təhlükəlidir. Əksər hallarda klublar belə oyunçuları icarəyə verməli olurlar. Bəzən hansısa transfer azarkeşləri çaş-baş salır. Yəni azarkeş anlaya bilmir ki , çox da güclü , münasib olmayan, hətta adi futbolçu niyə komandaya gətirilib. Çox vaxt bunun səbəbi dəqiq bilinmir, yalnız ehtimallar mövcud olur. Bəzi hallarda da anlaşılmaz transferlər müəmmalı kommersiya sirlərinə çevrilir və kənardan başa düşülmür. Əslində isə belə transferlər klublararası əlaqələrin genişləndirilməsinə, reklam və biznes planlarına xidmət edir. Bəzən klub prezidentlərinin digər məqsədləri də olur. Klub rəhbərlərinin dostluq münasibətlərindən qaynaqlanan transferlərə də təsadüf edilir. İndi sirr deyildir ki, bəzi transfer məsələlərini klub prezidentləri öz aralarında həll edirlər və heç kimin də xəbəri olmur. Reallaşanda üzə çıxır, alınmayanda isə məlumat ya dəqiq olmur, ya da təhrif olunmuş formada yayılır. Bəzən yeni transferlər komandanın daxilindəki rəqabəti artırmaq üçün həyata keçirilir. Komandada rəqabətin olması normal haldır. Əslində həqiqət budur ki, bütün komanda üzvləri bir-birinə rəqibdir. Ümumiyyətlə, hər baxımdan yeni transferlər komandanı daha da zənginləşdirməli, çəki, reytinq nöqteyi-nəzərindən samballı etməlidir.

Ardıcıl transfer edilmiş ulduz futbolçuların super klublarda birgə, hətta yan-yana oynaması məsələsi həmişə aktual amil olaraq qalır. Fikrimcə , daim ulduzlardan ibarət güclü heyətə malik PSJ - nin ÇL-də uğur qazana bilməməsinin əsas səbəbi məhz bəlkə də bir qədər plansız şəkildə transfer edilmiş məşhur futbolçuların heyətə düzgün yerləşdirilməməsidir. Hansı xəttlərdə və mövqelərdə ulduzların yanbayan necə oynaması?! PSJ -də baş məşqçilər dəyişir, bu problem isə bir qayda olaraq uğurlu həllini tapmır. Məsələn, doymuş Neymar artıq ikinci mövsümdür ki, PSJ-də sanki həvəssiz görünür. Əksər mütəxəssislər qeyd edirlər ki, əvvəlcə onu başqa komandaya transfer edib sonra Messini almaq olardı. Bəzi mütəxəssislər isə ümumiyyətlə, Messinin transferinin yanlış addım olduğunu düşünürlər. Yeri gəlmişkən, mən də bu fikirdəyəm. Ən azından ona görə ki, PSJ - də hazırda dünya futbolunun bir nömrəsi Mbappe olduğu halda əfsanəvi vaxtları keçmiş, əslində şan-şöhrətli adı qalan Messiyə ehtiyac yox idi. Onların hər ikisinin azarkeşlər tərəfindən fitə basılması da təsadüfi deyildi. Ümumiyyətlə, transfer olunan ulduz futbolçunun həmin ərəfədə hansı formada olması və komandanın sisteminə uyğun gəlib-gəlməməsi nəzərə alınmalıdır. Burada artıq məşhur adlara uymaq yanlışlıqlara gətirib çıxarır.
Bəzi klublar internet saytlarında sorğular keçirirlər. Məqsəd azarkeşlərin hansı futbolçunun alınması barədə rəylərini öyrənməkdən ibarət olur. Sorğularda azarkeşlərin kimlərə üstünlük verməsini klubun rəhbərliyi nəzərə alır. Əlbəttə, hər bir halda transfer məsələləri nəhəng klubların “ bosslarından” asılıdır. Təbii ki, burada komandaların maliyyə imkanları da nəzərə alınır. Bəzən komandada maliyyə böhranı baş verir. Buna görə də klubun təmsilçiləri güclü futbolçularını satışa çıxarmağa məcbur olurlar. Amma yenə də hər bir halda uğurlu, zəruri, yerinə düşən transferlər etmək lazımdır. Yeri gəlmişkən, yeni futbolçuların transfer qaydası adətən belə olur: Futbol menecerləri mütəmadi olaraq axtarışda olurlar və təkliflərini klubun prezidentinə, yaxud idman direktoruna bildirirlər. Bundan sonra transferin həyata keçirilməsi baş məşqçinin fikri də nəzərə alınmaqla klubun idarə heyətinin qərarı ilə başa çatır.
Modernləşmiş müasir futbolun əsas şərtlərindən biri də odur ki , karyerasını bitirmiş adlı-sanlı futbolçular, eləcə də bəzən məşqçilik “həvəsinə” düşən ulduzlar komandalara baş məşqçi postuna gətirilməməlidir. Məhz, belə halların nəticəsidir ki, son vaxtlar baş məşqçilərin komandalarda “ömrü” az olur. Və yaxud, bir də görürsən mövsüm ərzində bir komandada 2 dəfə, hətta bəzi hallarda 3 (!) dəfə məşqçi dəyişikliyi baş verir. Yəni “ildırım sürətli” məşqçi dəyişiklikləri adi hala çevrilib. Əvvəllər futbol dünyasında belə hallara təsadüf edilməzdi. Praktika göstərir ki, komandanın sükanı arxasına ən azı futbolun konstruksiyalarına yaxşı bələd olan , ya da elə futbolun əsl konstruktoru gətirilməlidir.
Bu da - dördüncü. Superklublarda mühitin daha mürəkkəb və həssas olması ehtimalı xüsusən nəzərə alınmalıdır. Komanda ən azından azacıq büdrəyən kimi baxışlarda etiraz qığılcımları görünməyə başlayır. Bir də ki, baş məşqçi superklubların ruhuna uyğun olmalıdır. Məsələn, Valverde rəğbət bəslədiyim mütəxəssis olsa da, “Barselona”nın fəlsəfəsinə uyğun baş məşqçi deyildi. İndi heç bir komanda zirvədə rahat əyləşməsini təmin edə bilməz. Hərçənd ki, komandanın sadəcə ideal vəziyyətdə olduğu mövsüm də olur. Bir də görürsən məşhur komanda “qara zolağa” qədəm qoyur. Gözlənilməz məğlubiyyətlər və heç-heçələrdən sonra komanda ruhdan düşür və nəticədə uğursuz “seriyalar” prosesi başlayır. Belə hallarda da məşqçi təyinatlarında seçimlər nəzərə alınmalıdır.
Ultra-müasir futboldan danışarkən həmişə qüvvədə olan digər prinsipləri və amilləri də qeyd etmək yerinə düşər. Komandanın fiziki durumu onsuz da daim yüksək olmalıdır. Meydana əzmkar çıxmağın böyük əhəmiyyəti var. Standart vəziyyətlərdən sonra, qol imkanı yaranırsa, hökmən istifadə edilməlidir. Ümumi komanda təzyiqini , fərdi pressinqi də əlavə etmək olar. Klassik futbol dövründə də, indi də meydanda təkbaşına vuruşan hücumçular oyunun taleyini həll etməyi bacarıblar. İndi futbolçunun fərqli xüsusiyyəti bütün oyunboyu davamlı, sabit futbol oynamasıdır. Bütün xətlərdə yüksək səviyyəli oyunçulardan formalaşdırılan komanda daha güclü təsir bağışlayır. Müasir futbolda meydanın hər yerində mübarizə getməlidir. Özü də sonadək mübarizə aparmaq lazımdır. İndi topa çox nəzarət etmək vacib olsa da, həlledici amil deyildir. Belə görünür ki , futbolda fərdi ustalıq səviyyəsi əbədi amil olaraq qalacaqdır. Komandanın lideri olmalıdır və o, kollektivi arxasınca aparmağı bacarmalıdır. Lider olmayanda, estafeti əlində saxlaya bilənlərə güvənilməlidir. Hamının qəbul etdiyi yaxşı kapitan seçilməlidir. Böyük uğurlar qazanmaq üçün hər oyuna final matçı kimi baxmaq, tərin son damlasına qədər və son turadək savaşmaq lazımdır. Bu yolda ev və səfər oyunları da əhəmiyyət kəsb etməməlidir. Nəhayət, ən başlıcası - komandanın silahının komandanın ruhu olması bir an belə unudulmamalıdır.
Xaricdə formalaşmış futbol akademiyaları vardır və bacarıqlı futbolçular da buralarda yetişir. Ən qabaqcıl futbol akademiyaları böyük klublara məxsusdur. Gələcək vəd edən 17-18 yaşlı istedadları seçib komandalara cəlb etmək indi çox yayılıb. Gənc, perspektivli futbolçular dərhal nəhəng klubların maraq dairəsinə düşür. Xüsusi istedada malik futbolçuları isə təbii ki, hamı sevir. Amma hələ ki, Maradonalar, Messilər yetişmir. Görünür, bəlkə də onlar hətta futbolun mistik sirrlərini anlayanlar olublar.

Hipermodernizm


İngiltərə Premyer Liqasına baxmağı sevən mütəxəssislər son illər ultra-müasir futbolun hipermodernist hücum stili variantını qabartmağa başlayıblar. Ortalıqda hamının açıq-aşkar gördüyü bir həqiqət var: İngiltərədə futbolun səviyyəsi yüksəkdir. Bu ölkədə tamaşaçı kontingenti də fərqlidir. Premyer Liqanın futbolçularında hədsiz oyun ehtirası müşahidə edilir. Məhz, bu ehtiras çox sürətli hücum üslubunu sanki yağışa çevirir. Coşub-daşmanın dərəcəsini bərk, fasiləsiz yağışda maşının şüşətəmizləyənlərinin çatdırmadığı ilə müqayisə etmək olar. Ona görə də burada azarkeşlər oyunları ayaqüstə izləməyə məcburdular.Yaşlılar, qadınlar, gənclər, uşaqlar yerlərində otura bilmirlər...Həyəcan, təlaş pik həddə çatır. Onlar başa düşürlər ki, daha sürətli futbol oynayan komanda qələbə qazanır. Qvardiolanın təbirincə desək, bəzən baş məşqçi, futbolçular, tamaşaçılar da nəinki məğlubiyyəti, elə qələbəni də dərk edə bilmirlər. Buralarda futbolçuların emosionallığı aşıb-daşır. Əsəbi və çılğın futbolçulardan isə tamaşaçıların xoşu gəlir. Maraqlıdır ki , futbolçular bütün oyun ərzində yorulmurlar. Çünki oyunun ritmini tutmağı bacarırlar. Beləliklə, futbolda hipermodernizmi necə anlamaq olar? Hər şeydən əvvəl bu mənzərələrdə sanki gedişat , oyun prosesi gözlənilmədən plandan kənara çıxır. Yüksək sürət resurslarının fonunda oyunun xarakteri, tempi ani olaraq dəyişir. Burada artıq heyrətamiz yüksək sürət, təəccüb doğuran səhvsiz oyun tərzi çox şeyi həll edir. Futbolçular musiqidə olduğu kimi bütün mövqelərdə sanki ritmi tuturlar. Bu da nəticədə harmoniya yaradır. Ona görə də bəzən deyirlər ki, komandanın oyununda sanki bir harmoniya var, yəni olduqca yüksək sürət fonunda da futbolçular bir-birini gözəl anlayırlar. Müasir mütəxəssislər bunu harmonik əlaqə adlandırırlar. Mən bura bir “sinxron” sözünü də əlavə edərdim. Sinxron harmoniya isə nəticədə komandanın ideal formada olmasına gətirib çıxarır. Komandada sinxron harmoniya , harmonik vəhdət ifaçıları peşəkar olan ansamblı, orkestri xatırladır. “Solistlər” də mükəmməl sinxronluq yaradanda, komanda fantastik mövsümlər keçirir. Bu baxımdan “Mançester Siti”, “Liverpul”, “Çelsi”,”Arsenal”, “Vest Hem”, eləcə də “Real”, “Bavariya”, “Borussiya”, “Leypsiq” və “Ayaks” kimi komandaların timsalında daha parlaq nümunələr görmək mümkündür.
Şahmatda belədir ki, improvizələr etməklə rəqibi çaşdırmaq olur. Görəsən futbolda da bu mümkündürmü? Futbolda da improvizasiyaya oxşar hallar müşahidə olunur. Məsələn, futbolçunun əla fərdi ustalığından qaynaqlanan hərəkətlər, əvvəlcədən hazırlanmış ev tapşırıqları, müəyyən sxemlər, sistemlər, gözlənilməz oyunçu dəyişiklikləri, ağılagəlməz taktiki gedişlər və sairə.

 

Daha nələr və
nələr...


Ultra-müasir futbol dövründə eyni zamanda xoşagəlməz meyllərin artdığını da qeyd etmək lazımdır. Bu gün futbolun ən təhlükəli simtomlarından biri kobud oyuna cəhd etməkdir. Futbolçular ciddi zədələr almamaları üçün özlərini qorumağa çalışırlar. Cərimə və künc zərbələri vurulan zaman cərimə meydançasında az qala əlbəyaxa “döyüş” gedir. Futbola indi sanki yeni virus yoluxub - simulyasiya. Son vaxtlar super klublarda futbolçular həddindən artıq yüklənirlər. Daxili çempionatlarda təqvimin sıxlığı, kubok oyunları (İngiltərədə bu rəqəm ikiyə bərabərdir - M.İ), ÇL, avrokuboklar, yığma komandada rəsmi və yoldaşlıq görüşləri, Millətlər Liqasının oyunları, klublararası dünya birinciliyinin yarışları və sairə.
Müasir dövrdə mükəmməl futbol oynamaq geniş spektrli anlayışdır. İndi futbolda inqilab etmək mümkündürmü? İnqilab olmasa da, futbolda da, necə deyərlər, kəşflər olub və olur. Qaydaların daha da təkmilləşdirilməsi yolu ilə mütamadi yeniliklərin tətbiqini müşahidə edirik. Nəhayət, futbol aləmində daha nələr yoxdur ki ?! Stadionları dolduran azarkeşlərlə yanaşı, komandaların oyunlarını ekranlardan da milyonlarla futbol həvəskarı izləyir. Hər bir halda tamaşaçıları problemlər deyil, gözəl oyunlar, nəticələr maraqlandırır. Futbol teatrdır azarkeşlər üçün. Futbol meydanı müxtəlif enerjilərin kəsişdiyi, toqquşduğu bir məkandır. Ona görə də hərdən olur ki, komandanın oyunu sən istədiyin kimi alınmır. Və azarkeş də çaş-baş qalır. Elə həyatda olduğu kimi. Məhz, buna görə də futbolun sevinci də şirindir, qan-qaraçılığı da, hətta əzabı da. Yenə də hər bir halda futbol sirli dünyadır. Çox sirlərin ipucunu tapmaq, açmaq mümkün olsa da, bu sirrlər bitib-tükənmir. Elə həyatda olduğu kimi.
Aşağı, yerə dəyən topun yerdən aldığı güclə yenidən yüksəlib yuxarı havaya qalxması izah edilən olsa da, çox maraqlıdır. Axı , bəzən insan həyatı da belə olur. Gözəl futbol oyunlarına baxmaq - misli-bərabəri olmayan, bənzərsiz zövqdür. Vurulan əla, fantastik qollar isə, necə deyərlər, sadəcə “kosmosdur” !