AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə yollarını ayıracaq.
Olimpnews.az qurumun rəsmi saytına istinadən xatırladır ki, avstriyalı mütəxəssisin iyunun 30-da başa çatacaq müqaviləsinin müddəti uzadılmayacaq.
2018-ci il sentyabrından bu vəzifədə çalışan Ştuxlikin hələ təyinatı birmənalı qarşılanmamışdı. Sonradan yerli mətbuata verdiyi açıqlamalar, bəzi təcrübəli referilərin hakimlikdən uzaqlaşması və ən əsası, Premyer Liqada və ölkə kubokundakı hakim səhvləri əcnəbi funksionerlə bağlı narazılıqları daha da artırdı.
Ştuxlikin Azərbaydandakı 4 ilə yaxın müddəti əhatə edən fəaliyyət dövrü başqa nələrlə yadda qaldı?
Rüstəm Rəhimov: "Ştuxlik peşəkarları cəlb etdi"
Ümumittifaq dərəcəli keçmiş referi, AFFA Veteranlar ittifaqının sədr müavini Rüstəm Rəhimov "Report"a bildirib ki, Ştuxlikin işində müsbət məqamlarla yanaşı, son vaxtlar çatışmazlıqlar da var idi: "Düzünü demək lazımdır: Ştuxlik Hakimlər Komitəsində vahid sistem yaratdı, bu işə peşəkarları cəlb etdi. Bir sözlə, çox iş gördü. Hakimlər üçün şərait yaradıldı. Mən də komitə sədri işləmişəm. O vaxt belə şərait olmayıb. İşçilər ştata götürülmürdü, onlara maaş verilmirdi. Hakimlər üçün ayrıca fiziki hazırlıq üzrə məşqçi yox idi. O ki qaldı çatışmazlıqlara, federasiyada 2 ağır departament var: Biri Hakimlər Komitəsidir, digəri milli komanda. Çünki bunların işi hər zaman göz qabağında olur. Hansısa iş alınmayanda tənqidə məruz qalırlar".
Rüstəm Rəhimov
Onun fikrincə, çempionatın səviyyəsi də hakimlərin inkişafına təsir edir: "Bizim hakimləri qınamaq olmur. Çünki ağır oyunları az idarə edirlər. Onlar bu cür matçlarla inkişaf etməyəcəklər. 1-2 nəfəri çıxmaq şərtilə, qalanları yerində sayır. Belə olmaz axı. Gərək, mütəmadi beynəlxalq oyunlar idarə etsinlər. Əliyar Ağayevə 2 aydan bir Yunanıstanda oyun verirlər. O, bizim ən perspektivli hakimimizdir. Əliyarın bu yerə çatmasında mənim də zəhmətim var. 4-5 il öncə UEFA-da Əliyara böyuk ümidlər var idi. Amma baxıram ki, ümidlər azalır. Yeni nəsil yetişir. Futbolumuz İspaniya, İtaliya və digər inkişaf etmiş ölkələrlə eyni səviyyədə deyil. Azərbaycanın UEFA-da futbol baxımından elə də nüfuzu yoxdur. Sovetlər dönəminə baxmayın. Mən, Tofiq Bəhramov, Eldar Əzimzadə SSRİ-ni təmsil etmişik. Həmin vaxt sovet futbolunun nüfuzu var idi".
"Əliyar Ağayev Cüneyt Çakırdan əskik deyil"
Bununla belə, Rəhimov bütün günahı Ştuxlikin üstünə atmağın tərəfdarı olmadığını bildirib: "O, çalışmalı idi ki, bizim hakimlərə də beynəlxalq təyinat versinlər. Üstəlik, özünü də UEFA-da tanıyırlar, yaxşı əlaqələri var. Bunu hardasa Ştuxlikə irad tutmaq olardı. Lakin Əliyarın özü də artırmalıdır ki, ona ehtiyac olsun, beynəlxalq görüşlərə dəvət alsın. Cəmi 35 yaşı var, gələcəyi irəlidədir. Yeni gələcək sədr buna mütləq diqqət yetirməlidir. Onun Elit kateqroriyaya düşməsi üçün çalışmalıyıq. O, öz göstəriciləri baxımından, Cüneyt Çakır və ya digər FIFA referisindən əskik deyil".
Hakim səhvlərinə də toxunan Rəhimov bu cür halların təkcə avstriyalı funksionerin vaxtında baş vermədiyini xatırladıb: "Futbol dinamik oyundur. Ona görə də hakimin səhv qərar verməsi normaldır. Sadəcə, qərəzlilik, nəticəyə təsir edən kobud yanlışlıqlar olmamalıdır. Dünyanın ən güclü çempionatlarında, dünya və Avropa çempionatlarında belə, hakim səhvlərinə rast gəlinir. Düzdür, VAR sistemi onların işini bir qədər asanlaşdırıb. Videotəkrar hakimlərə kömək edir. Yəni, onlar üçün hər bir şərait yaradılıb. Kiçik səhvlər normaldır. Amma qərəzli idarəçilik olmasın ki, sabah hansısa klub rəhbərliyi gəlib şikayət etməsin".
O, Ştuxlikin VAR sisteminin Azərbaycana gətirilməsi üçün öz əlaqələrindən istifadə etdiyini vurğulayıb: "Bütün dünya artıq bu sistemə keçib. Təbii ki, VAR çox bahalı sistemdir. Hakimlərimiz artıq VAR-ı öyrənirlər. Bu, Azərbaycan hakimliyinin xeyrinə olmalıdır".
Rəhim Həsənov: "Ştuxlik hakimliyimizi alçaldırdı"
FIFA referisi, hazırda oyunları idarə etməyən Rəhim Həsənov isə bildirib ki, Ştuxliklə müqavilənin uzadılmayacağı gözlənilən idi: "Bu, çoxdan olmalı idi. Sadəcə, bir az uzandı. Gec də olsa, ayıldılar. Təəccüblü qərar olduğunu deməzdim, çünki hər şey göz qabağındadır. Bu gün pik nöqtə üçün hazır olan hakimimiz yoxdur. Keçmiş rəhbərlik ən azı Əliyar Ağayev kimi referi yetişdirdi və dünyaya tanıtdı. Ştuxlikin dövründə isə iş prinsipi o qədər səhv quruldu ki, inkişaf getmədi. Bir sözlə, nəticə verən ancaq yerlilərdir. İnanıram ki, komitənin yeni rəhbərli azərbaycanlı mütəxəssis olacaq".
Rəhim Həsənov
Keçmiş baş hakimin fikrincə, avstriyalı sədrin yerinə namizədlər çoxdur. Lakin o, ad çəkmək istəməyib: "Sadəcə, özümüzə o qədər inanmırıq ki, deyirik, əcnəbi gəlsin. Halbuki Ştuxlik göstərdi ki, biz onlardan az bilmirik. Xarici mütəxəssis o zaman gələr ki, bizim mətbəxə nəsə əlavə etsin. Gələn bizim hakimliyimizi uçuruma aparırsa, bunun nə faydası var"?
"Tofiq Bəhramovun adını müsbət mənada çəkmədi"
Həsənov Ştuxlikin fəaliyyəti dövründə xeyli hakimin öz peşəsindən uzaqlaşdığını vurğulayıb: "Düzdür, yeniləri gəldi. Amma gənclər kimdənsə öyrənməlidir. Sintez olmadığı üçün ortaya xeyli problem çıxdı. İş düzgün getmirdi. Ştuxlik ancaq öz bildiyini edirdi. Bu, düzgün yanaşma deyil. Hakimliyimizi alçaldırdı. Futbolumuz yüksək səviyyədə olmasa da, adlı-sanlı hakimlərimiz olub. Həmin ənənəni biz yenidən başlamalıyıq. Çünki Ştuxlik bunu pozdu. Yerli mütəxəssis gəlib, hər şeyə sıfırdan başlamalı olacaq. Vaxt itirdik, amma ümid edək ki, bundan sonra yaxşı olacaq. Vəzifədə olduğu müddətdə bir dəfə də olsun, Tofiq Bəhramovun adını müsbət mənada çəkmədi. Gəldiyin yerə ən azı hörmətlə yanaşmalısan. Əfsuslar olsun ki, biz Ştuxlikdən bunu görmədik. Belə şəxslə işləmək düzgün deyil. Ümumiyyətlə, kimsə gələndə, əvvəlcə onun xarakterinə bələd olmaq lazımdır".
O, Ştuxlikə yaxşı heç nə arzulamayıb: "Bizim üçün əsas Azərbaycan futboludur. Ştuxlik kimilər özünə o qədər iş yeri tapacaq ki... O, Azərbaycana pul dalınca gəlmişdi. Ortaya bir nəfər də olsun, normal səviyyəli hakim çıxara bilmədi. İstedadlı hakimlərimiz var. Təəssüf ki, onlarla düzgün işləmədi. Klubların heç biri Hakimlər Komitəsinə hörmətlə yanaşmır. Sadəcə, yola verirlər. Dəfələrlə, məşqçilərlə söhbətim olub. Deyiblər ki, komitənin nüfuzu yoxdur. Əslində mentalitetimizə yaraşmayan başqa söhbətlər də var. Sevindirici haldır ki, Azərbaycan hakimliyi Ştuxlikdən canını qurtardı".
Həsənov Ştuxlikin gedişindən sonra, təklif olacağı halda, Hakimlər Komitəsində işləyə bilcəəyini istisna etməyib: "Bu, komitəyə sədrlik edəcək şəxsdən asılıdır. Kimin nə təklif edəcəyini bilmirəm. Ona görə də fikir bildirmək çətindir. Hər şeyi zaman göstərəcək. Rəhimin orada olub-olmayacağı vacib deyil. Önəmlisi odur ki, hakimliyimiz inkişaf etsin və klublara problem yaranmasın. Bura poliqon deyil. Elə klublarımız var ki, hakim səhvlərindən çox əziyyət çəkdi. Məsələn, "Sabah" klubu eksperimentlərə, bəzi şəxsi prinsiplərə görə avrokuboklardan kənarda qaldı".