Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarının ikinci günü Azərbaycan millisi üçün uğurlu alınıb. Yığmamız günü 3 medalla başa vurub.
Komandamızın heyətində Fəridə Əzizova İslamiadanın çempionu tituluna yiyələnib. 67 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu yarışa qazaxıstanlı Feruza Yerqeşova üzərində inamlı qələbə ilə başlayıb. O, yarımfinalda Salih Safini (Mərakeş) məğlub edib. Əzizova çempionluq üçün Zeynab Varaqhulla (İran) üz-üzə gəlib. Gərgin keçən döyüşdə qələbə qazanan Fəridə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız bununla da 5 il öncə Bakıda analoji yarışda qazandığı “gümüş”ü “qızıl”la əvəzləyib.
Cavad Ağayev (68 kq) də komanda yoldaşının uğurunu təkrarlamağa yaxın olub. Startda albaniyalı Orseld Şkalla qalib gələn həmyerlimiz ikinci qarşılaşmasında Eldar Birimbayı mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda Mansur Lo Mouhamadoudan (Seneqal) güclü olan idmançımız həlledici döyüşdə özbəkistanlı Uluqbek Raşitovla münasibətinə aydınlıq gətirib. Rəqib qələbə qazandığından Ağayev İslamiadanı gümüş medalla bitirib.
Patimat Abakarovanın qazancı isə bürünc mükafat olub. 49 kq çəki dərəcəsində gücünü yoxlayan taekvondoçu 1/4 finalda nigeriyalı Farida Saumanı məğlub edib. Patimat yarımfinalda türkiyəli Yildirim Rukiyeni sınağa çəkib. Milli üzvü məğlub olduğundan 3-cü yerlə kifayətlənib.
Bu gün dayanq üzərinə çıxan digər taekvondoçumuz - Pərviz İskəndərov (63 kq) isə medalın bir addımlığında büdrəyib. Ali Ahmedə (Komor adaları) qalib gələn idmançı 1/4 finalda Niyaz Pulatova (Özbəkistan) uduzub.
Beləliklə, 2 gündən sonra taekvondo üzrə Azərbaycan millisinin hesabındakı medalların sayı 4-ə (1 qızıl, 1 gümüş, 2 bürünc) çatıb. Bir gün öncə Qaşım Maqomedov (58 kq) bürünc mükafata yiyələnmişdir.
Qeyd edək ki, İslamiadada taekvondo yarışları daha 2 gün davam edəcək.
Konya-2021: Taekvondoçularımız günü 3 medalla başa vurdular