“İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışda Azərbaycanın aktivinə qızıl medal yazdırdığım üçün çox sevinirəm. Bu, qələbə mənim üçün çox vacib idi”.
Bu sözləri Konya-2021-in qalibi taekvondoçu Fəridə Əzizova deyib.
67 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olan xanım idmançımız jurnalistlərə müsahibəsində yarışdakı çıxışı və rəqibləri barədə danışıb: “Rəqiblərim İndoneziya, Mərakeş və İran idmançıları oldu. Digər yarışlarda onlardan da daha güclü taekvondoçularla qarşılaşmışam. Bakıda təşkil edilmiş İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanmışdım. Burada isə qalib adına layiq görüldüm. Azərbaycan himni səslənəndə göz yaşlarımı saxlaya bilmədim. İndi əsas hədəfim Olimpiya medalını qazanmaqdır. Zədələndiyimə görə məşqlərdə tam gücümlə iştirak edə bilməsəm də, yarışda yüksək səviyyədə çıxış etməyi qarşıma məqsəd qoymuşdum. Məşqçilərimə söz vermişdim ki, mütləq medal qazanacağam. Hər zamankı kimi hədəf qızıl medal idi. Çox sevinirəm ki, məşqçilərimin etimadını doğrulda bildim. Qarşıda bizi məsul yarışlar gözləyir. Bu il keçiriləcək Qran-Pri və dünya çempionatı, eləcə də 2024-cü ildə Bakıda təşkil olunacaq dünya çempionatına hazırlaşırıq. Əsas hədəf isə təbii ki, 2024-cü ildə keçiriləcək Paris Olimpiadasında yüksək səviyyədə çıxış etməkdir. Olimpiadada medal qazanmadan karyeramı yekunlaşdırmaq istəmirəm".
Fəridə Əzizova: “İndi əsas hədəfim Olimpiya medalını qazanmaqdır”