Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına yekun vurulub. Komandamız yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi millimizin heyətinə komandamıza medalı Səyyad Dadaşov (54 kq) qazandırıb. Komandamızın digər üzvlərindən Cavad Ağayev (68 kq) gümüş, Eltac Qafarov (74 kq) isə bürünc medala yiyələnib.
Yığmamız Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçirilən G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayıb. Millimiz yarışı 6 medalla başa vurub. Komandamızın heyətində Qaşım Maqomedov (58 kq), Taleh Süleymanov (80 kq) və Patimat Abakarova (49 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər. Yalnız finalda məğlub olan Minayə Əkbərova (46 kq) ikinci yeri tutub. Milli üzvlərindən Həmidrza Sədri (58 kq) və Sona Ağayeva (46 kq) isə bürünc medalla kifayətləniblər. Azərbaycan kişi taekvondoçuların medal siyahısında komanda hesabında birinci, qadınlarda üçüncü olub. Beynəlxalq dərəcəli azərbaycanlı hakim Ramal Camalov isə çempionatın ən yaxşı referilərindən biri seçilib.
Taekvondoçularımızın Tirana sınağı uğurla yekunlaşdı