Müasir dövrdə gənc nəslin hərtərəfli inkişafında hərbi-vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Tərbiyənin bu növünün həyata keçirilməsi nəticəsində gənclərə və məktəblilərə vətənə sədaqət, onun müdafiəsinə daim hazır olmaq hissləri aşılanır. Bunların pedoqoji cəhətdən düzgün təşkili üçün bir sıra sınanmış və özünü doğrultmuş forma, o cümlədən vasitələrdən geniş istifadə edilməkdədir. Məsələn, hərbi idman oyunlarında həvəslə iştirak edən yeniyetmələr dözümlülük, cəldlik, qıvraqlıq, çeviklik kimi fiziki-iradi keyfiyyətlərə, atıcılıq, kəşfiyyatçılıq, rabitəçilik və s. hərbi bacarıq və vərdişlərə yiyələnirlər. Bu isə onların gələcəkdə ordu sıralarında mətin addımlar atmalarının başlıca şərti kimi qiymətləndirilir.
Məktəblərdə əxlaqi keyfiyyətlər müxtəlif vasitələr və yollarla tərbiyə olunur. Bunların içərisində təlim-məşqlərə, müəllimlərin apardığı sinifdənkənar işlərə geniş yer verildiyi kimi, gənclər təşkilatlarının keçirdiyi tədbirlər də böyük yer tutur. Təcrübə göstərir ki, gənclərdə müsbət əxlaqi keyfiyyətlərin tərbiyəsində oyunlar, xüsusən də hərbi idman oyunları böyük rol oynayır. Uşaqlar oyun vasitəsilə həyatı daha yaxşı dərk edirlər: oyun onların böyük zehni və fiziki fəallığını artırır. Bu zaman uşaq başqa uşaqlarla canlı əlaqəyə girir, kollektivdə özünü aparmaq təcrübəsi toplayır, yoldaşları ilə yarışmağa, çətinliklərdən birgə çıxmağa alışır, öz iradəsini möhkəmləndirir. Gənclər üçün bir növ hərbi vətənpərvərlik məktəbi sayılan bu oyunların onların əxlaqi tərbiyəsinə təsiri daha böyükdür. Gənclər bu oyunlarda iştirak edərək atıcılıq, kəşfiyyatçılıq, bələdçilik kimi bacarıqlara yiylənirlər. Vətənimizin, rəşadətli xalqımızın tarixini, onun şərəfli döyüş yolunu mənimsəyir və vətəni öz əməli fəaliyyətləri ilə qorumağa hazırlaşırlar.
Hərbi idman oyunları məktəb tədbirlərinin
əsasını təşkil edir
Müxtəlif təşkilatların xətti ilə keçirilən hərbi idman oyunlarının təşkili sahəsində zəngin təcrübə qazanılıb. Pedoqoji sahədə çalışanların bir vəzifəsi də bu kimi təcrübələri öyrənib ümumiləşdirmək və geniş yaymaqdır. Hərbi idman oyunları müasir dövrümüzdə kütləvi xarakter alıb, minlərlə gənc və məktəblilərin fəaliyyət növünə, onların vətənpərvərlik tərbiyəsi üçün mühüm amilə çevrilib. Uşaq və yeniyetmələrin oyunlara, xüsusən hərbi idman oyunlarına cəlb olunmalarının zəruriliyi mütəxəssislər tərəfindən elmi şəkildə əsaslandırılıb. Yeniyetmə və gənclərin hərbi idman oyunları bir çox hərbçiləri və tədqiqatçıları da düşündürən məsələdir. Mütəxəssislər hesab edirlər ki, ordu və donamma üçün nümunəvi, tərbiyəli döyüşçü yetişdirilməli, onlar öz intizamlılığı, mədəni inkişafı və siyasi tərbiyəsi ilə nümunəvi əsgər olmalıdırlar. Belə bir fikri əsas götürən tədqiqatçılar bu keyfiyyətləri gənclərdə möhkəmləndirən hərbi oyunların müntəzəm keçirilməsini vacib sayırlar. Çünki belə oyunlarda uşağın fiziki qüvvəsi artır, əli möhkəmlənir, bədəni çevik, gözü daha iti olur, düşüncəsi, zirəkliyi, təşəbbüskarlığı inkişaf edir. Oyun zamanı uşaqlarda təşkilatçılıq vərdişləri əmələ gəlir, dözümlü olmaq, şəraiti nəzərə almaq bacarığı və s. formalaşır. Tədqiqatçılar hərbi oyunların şagirdlərə dəqiqlik, məsuliyyət, tapşırığı vaxtında icra etmək kimi keyfiyyətlər tərbiyə etməsini, onlara şaqraq yeriş, düzgün, şux dayanmaq, doğru danışmaq, nəzakətli və təvazökar olmaq kimi xüsusiyyətlər aşıladığını sübut ediblər. Tədqiqatçıların və hərbçilərin yüksək qiymətləndirdikləri hərbi idman oyunları məktəb tədbirlərinin əsasını təşkil edir. Azərbaycan dövləti ölkəmizdə hərbi idman oyunlarının inkişaf etdirilməsinə məktəblərin geniş şəkildə bu tədbirə qoşulmasına, bununla da vətənimizin müdafiəsinə hazır olan gənc nəslin tərbiyə edilməsi işinə böyük diqqət yetirir. Hər bir gənc hərbi işi öyrənməyə, vətəninə hədsiz sədaqətli olmağa, var qüvvəsini, əgər lazım gələrsə, həyatını da vətən üçün verməyə hazır olmağa borcludur. Sevindirici haldır ki, bu gün Azərbaycan gəncliyinə məhz bu keyfiyyətlər aşılanır. Uşaqların hərbi oyunlara göstərdikləri dərin marağı nəzərə alaraq, bu işi daha da təkmilləşdirmək və genişləndirmək məktəb rəhbərlərinə bir vəzifə kimi tapşırılıb. Hazırda uşaqların hərbi oyunlara cəlb olunması işi yüksək səviyyədə həyata keçirilir. Şübhəsiz ki, düşmənə cəsarətlə qarşı durmaq, çətinlikləri qorxmadan dəf etmək üçün sağlam, güclü təlim almaq, hədəfi sərrast vurmağı, əla üzməyi bacarmaq lazımdır. Məhz buna görə də ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki hazırlığı üçün hərtərəfli şərait yaradılıb. Şəraitin olması isə uşaqların idman zallarına axınını artırıb. Onlarda öz sağlamlığını qorumaq, öz xarakterini möhkəmlətmək arzusu yaranıb. Sağlam gənc nəsil isə vətənin ləyaqətli keşikçisi deməkdir. Bütün bunları nəzərə alan Azərbaycan dövləti hər vasitə ilə hərbi idman oyunlarını genişləndirmək, məktəblilərin bu sahədəki maraqlarını ödəmək məqsədilə xüsusi proqramlar hazırlayıb. Hərbi idman oyunları məhz bu proqramlar çərçivəsində həyata keçirilir.
Azərbaycan məktəblərində hərbi idman oyunlarının keçirilməsinin uzun tarixi vardır. Respublikamızın məktəblərində bu məsələnin bir sıra spesifik inkişaf yolu olub. Orta ixtisas məktəblərində əvvəllər "Skaut", "Sokol" kimi uşaq idman təşkilatları fəaliyyət göstərib. Düzdür, bunlar o qədər də geniş fəaliyyət dairəsinə malik olmayıb. Lakin bir sıra uşaq təşkilatlarının formalaşmasında, sonralar uzun illər ərzində tam fəaliyyət göstərməsində qeyd olunan həmin uşaq təşkilatları təməl rolunu oynayıb. Bu təşkilatların hər ikisinin iş məzmununda hərbi idman oyunları bu və ya digər şəkildə öz əksini tapıb. Hazırda məktəblərdə, müxtəlif təşkilatlarda uşaqların hərbi idman oyunlarına cəlb edilməsi, onlara hərbi bacarıq və vərdişlərin aşılanmısı gücləndirilib. Müharibə şəraitində yaşayan vətənimizdə bu, çox vacib məsələdir. İndi, demək olar ki, bütün məktəblərdə hərbi idman oyunlarında iştirak etmək üçün xüsusi dəstələr yaradılıb. Həmin dəstələrin üzüvlərinin, o cümlədən digər məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinə, onlarda milli şüurun inkişafına diqqətlə yanaşılır. Bu gün respulikamızın bütün məktəblərində "Cəsurlar", "Şahinlər" və digər hərbi idman oyunları keçirilir. Bu oyunlar yarandığı ilk gündən gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb etməkdədir. Qeyd olunan hərbi idman oyunları respublikamızda hər il üç mərhələdə keçirilir. Birinci mərhələ rayon daxilində aparılır və orada qalib gəlmiş dəstə zona yarışlarına göndərilir. İkinci mərhələ zonalar üzrə keçirilir. Birinci yeri tutan komanda respublika final yarışlarında iştirak hüququ qazanır. Finalda zonaların hərəsindən yalnız bir qalib dəstə iştirak edir. Şübhəsiz ki, bu oyunların gənclərin hərb sənətinə yiyələnməsində, onların fiziki hazırlığında xüsusi əhəmiyyəti var. Belə ki, hərbi idman oyunlarında iştirak edən hər bir məktəbli həm idmançı kimi qələbə uğrunda mübarizə aparır, həm də gələcək əskər kimi hərb sənətinin müxtəlif incəliklərinə yiyələnir.
Oyun prosesində əxlaqi keyfiyyətlər necə yaranır və inkişaf edir?
Məktəblərin işində geniş yer tutan hərbi idman oyunları uşaqların mənəvi inkişafına, onlarda əxlaqi keyfiyyətlərin təşəkkül tapmasına necə təsir göstərir? Oyun prosesində əxlaqi keyfiyyətlər necə yaranır və ya inkişaf edir? Bu keyfiyyətlərin oyun gedişində təşəkkül tapmasının psixoloji mexanizmi necədir və onların yaranıb möhkəmlənməsinə təsir göstərən amillər nədən ibarətdir? Bu suallara cavab tapmaq üçün hərbi idman oyunlarının uşaqlarda əxlaqi keyfiyyətlərin təşəkkülü, inkişaf və möhkəmlənməsinə necə təsir göstərməsini araşdırmaq vacibdir. Lakin tədqiqatçılar hesab edirlər ki, mühüm əxlaqi keyfiyyətlər hesab olunan vətənpərvərlik, iradə, mərdlik, kollektivçilik, yoldaşlıq, intizam, doğruçuluq və düzgünlüyün inkişafı və möhkəmlənməsində hərbi idman oyunlarının oynadığı rolu araşdırmaqla da bu suallara cavab vermək mümkündür.
Məlumdur ki, insan ən mürəkkəb xüsusiyyətlərə malik olması ilə bütün canlılardan fərqlənir. İnsanın fəaliyyəti düşüncənin, adətlərin, iradənin və hisslərin tamlığından ibarətdir. Bunu düzgün dərk edən tərbiyəçi-müəllim yeniyetmələrə və gənclərə hərtərəfli təsir etməlidir ki, nəticədə, həm düşüncəyə, iradəyə, adətlərə, həm də hisslərə təsir göstərmiş olsun. Yalnız təsirləri bu cür vəhdətdə birləşdirdikdə milli mənlik şürunu tərbiyə etmək olar və nəticədə, gənc nəsildə vətənpərvərlik hissləri əmələ gələr. Mütəxəssislərin fikrincə, tərbiyəçi-müəllimin təsirli vasitələrdən istifadə etməsi yalnız şüurun deyil, eyni zamanda biliyin, qüvvənin, adətin, bacarığın, uyğunlaşmanın, cəsarətin, sağlamlığın möhkəmlənməsinə təkan verir. Bəs hərbi idman oyunlarında bu dörd amil (düşüncə, iradə, adətlər, hisslər) vəhdətdə öz əksini necə tapır və bunların birgə təsiri nədən ibarətdir? Məlumdur ki, hərbi idman oyunları öz mürəkkəbliyi ilə uşaqların zehnini, iradəsini, həm də hisslərini oyadır və onlarda müsbət xüsusiyyətlərin yaranmasına kömək edir. Yəni belə əlverişli imkanlar hərbi idman oyunlarında olduqca çoxdur. Bunu bir oyun nümunəsində daha aydın görə bilərik. Tərbiyəçi "Bayrağın altında" hərbi idman oyununu keçirmək üçün əvvəlcə hazırlıq işləri aparır. Bu mərhələdə oyunun məqsədini izah edir, vəzifələri başa salır, uşaqlarda bunun üçün psixoloji hazırlıq yaradır. Oyunun gedişi zamanı uşaqlar bir sıra çətinliklərlə üz-üzə gəlməli, kollektiv məqsəd uğrunda birgə mübarizə aparmalı olurlar ki, bu da onlarda iradənin möhkəmlənməsinə kömək edir. Oyun vaxtı eyni hərəkətlər dönə-dönə təkrar olunduğu üçün müsbət vərdişlər yaranır. Digər tərəfdən, burada hisslərə də üstünlük verilir. Belə ki, hərbi oyun həmişə emosional şəraitdə keçirilir. Bununla da, hərbi idman oyununda zehni fəaliyyət, iradə, adətlər və hisslər birgə, tam halda tərbiyə olunub, möhkəmlənir. Bu, hər şeydən əvvəl, əxlaqi keyfiyyətləri gənclərdə möhkəmləndirə biləcək ünsürlərin hərbi idman oyunlarının tərkibində zəngin olması ilə əlaqədardır. Hərbi idman oyunları gənclərdə bir sıra müsbət keyfiyyətlər tərbiyə etmək vəzifəsini daşımaqla uşaqlarda əxlaqi keyfiyyətlərin yaranmasına da kömək edir. Digər tərəfdən, oyun öz quruluşu və keçirilmə qaydası ilə gənclərin əxlaqi təsəvvürlərinə, iradəsinə, hisslərinə eyni vaxtda təsir göstərir. Hərbi oyunların əxlaqa belə təsir göstərməsi onun bir sıra psixoloji vəziyyətləri ilə əlaqədardır. Ümumiyyətlə, bu oyunlar bir sıra müsbət əxlaqi məzmun daşıyır:
1. Vətəni müdafiə etmək, kollektivçilik, yoldaşlıq, məqsədə çatmaq, çətinliklərə dözmək və s. Uşaqlar oyunda iştirak etməklə bu keyfiyyətlərə sahib olurlar. Bununla da, onlar özlərində olan bir sıra zəif cəhətləri aradan qaldırırlar. Əxlaqi keyfiyyətlərin belə formada təkrar ifadə olunması uşağın beynində müsbət izlər salır, şəxsiyyətin təşəkkülünə təsir göstərir, şüurunun inkişafına yardım edir.
2. Oyun uşağın böyük zehni fəallığı ilə keçir: uşaq bütün mühakiməsini, fərasətini, diqqətini işə salır və qarşıya qoyulmuş vəzifəni həll etmək üçün iradəsini səfərbər edir. Belə fəallıq prosesində oyunun daşıdığı əxlaqi məzmun gənclərdə şəxsiyyətin formalaşmasına qüvvətli təsir göstərmək üçün əlverişli zəmin yaradır. Tədqiqatçılar hesab edirlər ki, oyunlarda fəaliyyət göstərən hər bir uşaq özündə hisslər, arzular oyandırmaq, bu arzunu həyata keçirməyə çalışmaq, öz təxəyyülünü yaradıcılıqla əks etdirmək barədə düşünür. O, başqa uşaqlarla ünsiyyətə girir və bu yolla özündə ictimai davranış vərdişlərini inkişaf etdirməyə həvəs göstərir.
3. Hər bir oyunda uşağı oyunun qaydalarına tabe olmağa məcbur edən tələblər qoyulur. Möhkəm qayda və polad intizam hərbi idman oyunlarındakı əxlaq normalarının uşaq şəxsiyyətində möhkəmlənməsinə və xüsusən onun iradəsinin təşəkkül tapmasına xidmət edir.
4. Oyunlar yaşlıların müsbət davranışlarını təqlid etmək üçün geniş imkanlara malikdir. Hərbi idman oyunlarının bu cəhətdən dairəsi daha genişdir. Bu oyunlarda müəllimlər, dəstə rəhbərləri və hərbi rəhbərlər yaşlı nəslin nümayəndələri kimi iştirak edir və gənclərin hərəkətlərinə istiqamət verirlər. Uşaqlar oyunlarda iştirak edən yaşlı nəslin nümunəvi davranışlarını, kollektivə münasibətlərini, intizama tabe olmalarını, bir-birinə yoldaşlıq köməyi göstərmələrini görür və bu müsbət hərəkətləri təqlid edərək özlərində əks etdirirlər.
5. Hərbi idman oyunlarının gənclərin əxlaqına və şüuruna təsir etməsinin bir mühüm psixoloji cəhəti də oyunun müsbət emosional şəraitdə keçməsi ilə bağlıdır. Oyunda müsbət reaksiya yaradan hərəkətlərin zənginliyi, bunların tez-tez təkrar edilməsi, oyundan-oyuna dəyişilməsi onun tərbiyəedici təsirinin daha da qüvvətləndirilmiş olur.
Viktorinalar məktəblilərin hərb sənətinə
olan marağını artırır
Hərbi idman oyunları uşaqda ümumi psixoloji fəallıq yaradır və onların şəxsiyyətinə müsbət təsir göstərir. Nəticədə, hərbi idman oyunları uşaqlarda əxlaqi davranışın təşəkkülündə qüvvətli rol oynayır. Müşahidələr və təcrübələr göstərir ki, məktəblərdə hərbi idman oyunlarından həmişə geniş şəkildə istifadə olunub. Bu oyunlar özünün bütün məzmunu ilə gənclərdə vətənpərvərlik hissinin inkişafına təsir göstərir. Məsələn, "Cəsurlar" oyununda iştirakçılar hərbi and içirlər. Hərbi and isə məlum olduğu kimi hərbi qulluqçuların üzərinə müəyyən vəzifələr qoyur. Daha doğrusu, and içmiş hər bir əsgər müəyyən edilmiş qaydalardan azacıq da olsa kənara çıxa bilməz. O, söylədiyi andı vicdanla və şüurlu şəkildə yerinə yetirməyə borcludur. Söylənilmiş and həmin şəxsin varlığına hakim kəsilir və bu onu bütün qəlbi ilə vətən uğrunda mübarizəyə sövq edir. "Cəsurlar" hərbi idman oyununun dəstəsi təşkil olunarkən bura qəbul edilən məktəblilər vətənə sadiq olacaqlarına, and içərək deyirlər: "Mən respublikamızın gənc hərbiçilərinin sırasına daxil olarkən təntənəli surətdə and içirəm ki, yaxşı oxuyacağam; respublikamızın silahlı qüvvələrinin döyüş yolunu öyrənəcəyəm; komandirin əmrlərini tez və dəqiq yerinə yetirəcəyəm; hərbi işi, hərbi texnikanı və silahları səylə öyrənəcəyəm; respublikamıza sadiq olacağam; hərbi sirri qoruyacağam; doğruçu, intizamlı olacağam; əgər gənc hərbiçinin andını pozsam qoy mənə yoldaşlarımın nifrəti nəsib olsun". Uşaqlar öz yoldaşları ilə birlikdə təntənəli mərasim şəraitində, üçrəngli bayrağın altında and içirlər. Bu isə onların vətən sevgisinə böyük təsir göstərir. Məsələnin bu cəhətinin psixoloji təsirini düzgün qiymətləndirən müəllimlər iştirakçılar arasında vətənpərvərliklə bağlı geniş izahat işi aparır. Bu, onlarda vətənə sədaqət hissini tərbiyə etməklə, çətinliklər zamanı mətanət və mərdlik göstərməyə ruhlandırır. Hərbi idman oyunlarında təşkil olunan viktorinalar da gənclərin vətən haqqındakı təsəvvürlərini aydınlaşdırmağa və dərinləşdirməyə xeyli kömək edir. İştirakçı məktəblilərin hərb sənəti, ordumuz barədə hansı məlumatlara malik olduqlarını öyrənmək üçün viktorinaları aşağıdakı məzmunda təşkil etmək məqsədə uyğundur:
1. Azərbaycan ordusunun ildönümü nə üçün hər il iyunun 26-da qeyd olunur?
2. Azərbaycanın milli qəhrəmanlarından kimləri tanıyırsan?
3. Bayrabımızın rəngləri hansı mənanı ifadə edir?
4. Azərbaycanın milli qəhrəmanına verilən medal necə adlanır?
Viktorinalardakı sualların qoyuluşundan göründüyü kimi, gənclər axtarışlar aparıb mənbələr əsasında vətən və onun igid oğulları haqqında təsəvvürlərini zənginləşdirməli olacaqlar. Bu yolla öyrənilmiş faktlar uşaqların vətənpərvərlik tərbiyəsinin nəzəri əsaslarını daha da möhkəmləndirir. Nəzəri biliklər isə gələcək praktik vərdişlərin əsası deməkdir. Hərbi idman oyunları həm də gəncləri əməli surətdə vətəni müdafiə etməyə hazırlayır. Tədqiqatçılar hesab edirlər ki, vətənpərvərlik tərbiyəsində yalnız ideyaya əsaslanmaq kifayət etmir. Ola bilər ki, hansısa məktəblinin vətənpərvərlik haqqında düzgün təsəvvürü, görüşləri olsun, lakin o, düzgün əsil vətənpərvər kimi böyüməsin. Belə məqamlarda təcrübəli müəllimlər, hərbi rəhbərlər köməyə çatmalıdırlar. Bu da məlumdur ki, vətən dara düşəndə onun müdafiəsi üçün bacarıqlı, qorxmaz cəsarətli insanların köməyinə ehtiyac duyulur. Gənclər həmin anlara hazır olmaqdan ötrü müəyyən vərdişlərə yiyələnməlidirlər. Belə ki, hədəfi düz nişan almaq, sərrast atəş açmaq, hərbi texnikadan baş çıxarmaq, kəşfiyyata getmək, dözümlü olmaq, düşmənə sirr verməmək və s. kimi vərdişlərə yiyələnmiş gənclər müharibə zamanı vətəninə olan dərin məhəbbətini göstərmiş olur. Hər bir Azərbaycan vətəndaşında belə bacarıqlar məktəb yaşından tərbiyə olunub, möhkəmləndirilməlidir. Bu baxımdan, məktəblərdə tədris olunan gənclərin çağrışaqədərki hazırlığı proqramında bir sıra hərbi bacarıq və vərdişlərin (hərbi işin əlifbası olan masqalanmaq, rabitə, kəşfiyyat, kompasla iş, çətinlikləri mərdliklə dəf etmək və s.) icrası göstərilib. Bunlar isə hərbi idman oyunlarında öz əksini daha geniş tapıb. Hərbiləşdirilmiş oyunların məzmununda verilmiş bacarıqlar - silahdan istifadə etmək, mülki müdafiə siqnallarını vermək və bu əsasda davranmaq, radiostansiya ilə rabitə yaratmaq kimi bacarıq və vərdişlər gəncləri vətənin müdafiəsinə hazırlayır. Hərbi idman oyunları bu sahədə başa vasitələrdə bir sıra üstünlükləri ilə fərqlənir. Belə ki, bu bacarıqlar və vərdişlər hərbi məşğələ və məşqlərdə cansıxıcı formada yox, oyun əsasında keçirilir. Bu gənclər tərəfindən maraqla, yüksək həvəslə qəbul edilir. Məsələn, hərbi idman oyunlarında dəstələrdən birinə "düşmənin" yerləşdiyi qərargahı müəyyənləşdirmək, bura kəşfiyyat qrupu göndərmək, kəşfiyyat qrupunun məlumatlarını radio siqnalları ilə öz qərargahlarına vermək və nəhayət, "düşmən qərərgahına" hücum edərək onu darmadağın etmək tapşırılır. Oyunun gedişində bir sıra hərəkətlər: pusquda dayanmaq, masqalanmaq, kəşfiyyata çıxmaq, morze siqnalı ilə rabitə yaratmaq, tələ qurmaq və s. tələb olunur. Bu hərəkətləri bacaranlar "düşmən" üzərində qələbə çalaraq öz məqsədlərinə nail olurlar. Digər oyunun şərtinə görə isə "düşmən" dəstəsi sakit bir şəhərə (qonşu düşərgəyə) ədalətsizcəsinə hücum edir və şəhərin dinc əhaləsinə divan tutur. Bu an şəhərin sakinləri yüksək vətənpərvərlik nümunəsi göstərərək silaha sarılıb şəhərlərini qoruyurlar. Onlar vətənpərvərlik üçün lazım olan bir sıra bacarıqlar sayəsində düşmənin rabitə əlaqəsini kəsmək, onların silahlarını ələ keçirmək, "düşmən"in hərbi qərərgahlarını partlatmaq, planların ələ keçirmək və s. sahədə qalib gəlirlər. Bu kimi bacarıq və vərdişlərlə zəngin olan hərbi idman oyunlarının hər bir iştirakçısı vətənimizin müdafiəsinə əməli olaraq hazırlanır. Digər tərəfdən, bu oyunlar iştirakçılarda düşmənə nifrət, vətənə məhəbbət hissini artırır, oyunçularda xarakterin möhkəmlənməsində də əhəmiyyətli rol oynayır. Vətənpərvərlik hər kəsdən sağlam bədən, möhkəm əzələlər, mətin iradə tələb edir. Bu cəhətdən də, hərbi idman oyunları özünün idman formasını mühafizə edərək oyunçuların əzələlərini, ürək, qan-damar sistemini tənzimləyir və onların fəaliyyətini nizama salır. Əlbəttə, hərbi idman oyununun bütün bu qeyd olunan vətənpərvərlik təsiri iştirakçı gənclərə ayrı-ayrılıqda yox, vəhdətdə təsir göstərir və onları bir vətənpərvər kimi tərbiyə etməyin təməlini qoyur.
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.