Vətənə sevginin əsası ailədə qoyulur

Vətənə sevginin əsası ailədə qoyulur

Haradan başlanır vətən? Vətən sənin suyunu içib, ürəyini sərinlətdiyin durna gözlü bulaqlardan, kəklikotu, əvəlik, quşəppəyi yığdığın yamaclardan, qoyun-quzu otardığın düzlərdən, doğma küçələrdən, səkilərdən, bir sözlə, qoynunda böyüyüb boy atdığın eldən-obadan, şəhərdən başlanır. Vətən də ana kimi doğmadır, əzizdir, sevimlidir. Çünki biz anamızı çox sevirik. O, bizi bu dünyaya gətirən, tərbiyə edib, boya-başa çatdıran müqəddəs varlıqdır. Bizə döşlərindən süd verən, yaxşını-pisdən ayırmağı, böyüyə-kiçiyə hörmət etməyi öyrədən, həyat yollarında düzgün istiqamət göstərən analar yüksək ehtirama və məhəbbətə layiqdirlər. Məhəmməd Peyğəmdər deyirdi: "Cənnət ananın ayaqları altındadır”. 
Ağıllı, tərbiyəli övladlar həmişə ananın qədrini bilirlər. Ananın qədrini bilməyən kəs heç vətənin də qədrini bilməz. Böyük şairimiz Məmməd Araz demişkən: "Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim”. Vətəni sevmək, qədrini bilmək gərəkdir. Yoxsa, bizdən əsl vətəndaş olmaz. İstedadlı şairimiz Abbas Səhhətin misraları ilə desək, "Vətəni sevməyən insan olmaz, olsa da, o şəxsdə vicdan olmaz. Vətənim mənə verdi nanu-nəmək, Vətəni unutmaq məncə, nə demək?”.  
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsi bu gün çox ciddi məsələdir. Azərbaycan xalqının ən böyük Qarabağ dərdi hər birimiz üçün aktual mövzudur. Ölkəmiz müharibə şəraitində yaşadığından bu gün cəmiyyətdə vətənpərvərlik təbliğatının aparılması çox mühüm məsələdir. Bunun üçün ailədə, təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği ön plana çəkilməli, ordumuz, şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında  geniş danışılmalı, mənfur düşmənlə bağlı müxtəlif istiqamətlərdə söhbətlər aparılmalıdır. Bundan başqa mətbuatda bu mövzuda yazılar yazılmalı, radio və televiziyalarda çeşidli verilişlər hazırlanmalıdır. 
Pedaqoqlar uşaqlara vətənpərvərlik hissinin, ilk növbədə, atadan, anadan keçdiyini iddia edirlər və bunda çox haqlıdırlar. Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan və "kiçik dövlət” adlandırılan ailə dövlətin əsasını təşkil edir. Məhz ailə uşağı elə tərbiyə edə bilər ki, o, vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərimizə məhəbbət, düşmənə isə nifrət ruhunda böyüsün. Ailədə uşağa başa salınmalıdır ki, vətənpərvərlik hissi bütün şəxsi maraqlardan üstün olan bir hissdir.   
Hələ qədimdən hər bir azərbaycanlı üçün ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb. Ancaq qloballaşma və inteqrasiya, ictimai inkişaf prosesi cəmiyyətin bütün elementləri kimi, ailəyə də öz təsirini göstərir. Bütün bunlar ailənin formalaşmasına, qadının və kişinin tutduğu yerə, uşaqların tərbiyəsinə təsirsiz ötüşmür. Hər birimiz çalışmalıyıq ki, bütün bu baş verənlər Azərbaycan milli mentalitetinə məxsus ailə dəyərlərinin qorunub saxlanmasına xələl gətirməsin. 
  
   
Milli qəhrəmanlarımızı tanımalıyıq
    
Gəlin etiraf edək ki, Azərbaycan cəmiyyətində, ailələrimizdə hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə deyil və bu, çox ciddi narahatlıq doğurur. Təəssüf ki, ölkəmizdə müharibə getdiyi bir dövrdə bəzi ailələr oğlan övladlarının hərbi xidmətə getməsini istəmir, müxtəlif yollarla uşaqlarını bundan azad etməyə çalışırlar. Azərbaycan torpaqlarının 20 faizinin düşmən tapdağı altında qaldığı bir zamanda buna heç bir azərbaycanlının mənəvi haqqı yoxdur. Bunu bizə Xocalı şəhidlərinin ruhu, əli-ayağı, başı kəsilmiş məzlumların ahı bağışlamaz. Bunu bizə Əlif Hacıyevin, Çingiz Mustafayevin, Canpolad Razyevin, Mübariz İbrahimovun və digər milli qəhramanlarımızın ruhu bağışlamaz. Ən əsası bunu bizə Vətən bağışlamaz.
Acınacaqlı haldır ki, gələcəyimiz olan uşaq və gənclərin əksəriyyəti hələ işğal tarixləri bir yana qalsın, Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu da bilmir. Çoxları Azərbaycanın neçə Milli Qəhrəmanı olduğunu və onların neçəsinin şəhid, neçəsinin isə sağ olduğunu söyləməkdə nəinki çətinlik çəkir, hətta onların adlarını belə bilmirlər. Ürəkağrıdan faktdır ki, bir Milli Qəhrəmanın adını deyə bilməyən bəzi yeniyetmə və gənclər və hətta uşaqlar şou-biznes deyilən təbəqə nümayəndələrinin şəxsi həyatlarını əzbər bilirlər. Belə gənclər şit, bayağı mahnıları sevə-sevə oxumaqdan həzz alırlar. Bəs buna səbəb nədir? Bu məsələ çox aktual məsələdir və bu mənzərənin səbəbkarlarından biri də radio, televiziya və kütləvi informasiya vasitələridir. Çox vaxt telekanallar milli mənlik şüurunun və vətənpərvərlik tərbiyəsinin təbliğatı əvəzinə xalqın zövqünü korlayan verilişlərə, şou-proqramlara üstünlük verirlər. 
    
Şagirdlərə  vətənpərvərlik tərbiyəsi vermək prosesi necə gedir?
   
Müasir dövrümüzdə təhsilin qarşısında duran ən ümdə vəzifələrdən biri də savadlı, bilikli, fəal vətəndaşlar yetişdirməkdir. Bu isə pedoqoji cəhətdən sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsi prosesində reallaşır.  
Ulu öndər, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə qeyd edirdi: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”.   
Təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi, vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada, böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. İbtidai sinif müəllimləri məktəbə qədəm qoyan körpə balaların qəlbində elə ilk günlərdən vətənə məhəbbət aşılamağa çalışırlar. Bu nöqteyi-nəzərdən müəllimlər ibtidai siniflərdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirir, istər dərslərdə, istərsə də sinifdənxaric və məktəbdənkənar tədbirlərdə müntəzəm işlər aparırlar.    
Şagirdlərdə vətənpərvərlik və vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib xüsusiyyətlərindən biri də onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olması və onu yaxşı tanımasıdır. Bu məqsədlə hər bir müəllim, xüsusilə ibtidai sinif müəllimləri istər dərslərdə, istərsə də dərsdənkənar tədbirlərdə vətənimiz, onun zəngin flora və faunası, yeraltı və yerüstü sərvətləri, maddi-mədəniyyət aibədələri haqqında geniş məlumat verməlidirlər. Təcrübələr göstərir ki, ölkəmiz, onun təbiəti, təbii sərvətləri haqqında əxz etdikləri biliklər şagirdlərdə dərin iftixar hissi yaradır, onlarda vətənpərvərlik hisslərini daha da gücləndirir. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar vətənpərvərlik tərbiyəsində mühüm və əhəmiyyətli rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də şagirdlər arasında aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan onlar vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq, azadlıq və müstəqillik uğrunda apardığı mübarizələr haqqında biliklər əldə edirlər və bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da möhkəmləndirir.  
Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətləri haqqında şagirdlərə verilən məlumatlar güclü təsir qüvvəsinə malikdir. İbtidai məktəbin bütün sinifləri üçün çap olunan dərsliklərdə belə məlumatları özündə əks etdirən mətnlər, nağıl və dastanlardan parçalar kifayət qədərdir. Bu baxımdan, dərsliklərdə "Mənəvi dəyərlər”, "Sevimli qəhrəmanlarım”, "Tarixi şəxsiyyətlər”, "Bayramlar və tarixi günlər”, "Hikmət xəzinəsi”, "Mədəni irsimiz” bölmələrində verilmiş bütün mətnlər şagirdlərin vətənəpvərlik tərbiyəsində əsl örnək kimi mühüm rol oynayır. Adıçəkilən bölmələr əsasında uşaqlar həm tarixin müəyyən mərhələlərində xalqımızın həyatında, yadellilərə qarşı mübarizədə, müstəqilliyimizin əldə olunmasında, dövlətçiliyimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynamış qəhrəmanları, tarixi şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyır, həm də  onların həyat və mübarizə yolunu örnək götürərək əsl vətənpərvər kimi yetişirlər. 
   
   
Bizim üzərimizə böyük məsuliyyət düşür
   
Şübhəsiz ki, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında birinci növbədə ailənin, təhsil müəssisələrinin, mətbuatın üzərinə böyük məsuliyyət düşür. Biz ailədə yenicə dil açmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza torpaqlarımızın düşmən tapdağı altında qaldığını, əzəli düşmənimizin kim olduğunu, şəhidlərimiz haqqında, onların nə üçün öldüyünü, onların niyə müqəddəs tutulduğunu, vətənin haradan başlanıb, harada qurtardığını, milli kimliyimizi, milli-mənəvə dəyərlərimizi anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları bir daha yaddan çıxarmasınlar. Necə ki, biz uzun illər dəfələrlə torpaqlarımıza olunan basqınları, xalqımıza qarşı xəyanəti unutmuşuq. Deyirlər, biz unutqan xalqıq, başımıza gələn müsibətləri, fəlakətləri tez yaddan çıxarırıq. Niyə? Buna səbəb nədir? 
Gəlin bir xalq kimi qonşularımız tərəfindən dəfələrlə bizə edilən xəyanəti unutmayaq. 1988-ci ildə ölkəmizə qarşı torpaq iddiası ilə çıxış edən ermənilər öz məkrli və çirkin əməllərini həyata keçirmək üçün dəridən-qabıqdan çıxdılar. Amma uca Tanrı haqqı nahaqqa vermir. Mənfur düşmənin dənizdən-dənizə monoetnik "Böyük Ermənistan” yaratmaq ideyası sonunda məğlubiyyətə uğradı. Düzdür, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır, amma Azərbaycan xalqı Ali Baş Komandanımızın uzaqgörən siyasəti və möhtəşəm qüdrəti sayəsində öz müqəddəs torpaqlarına qovuşacaq, məcburi köçkün və qaçqınlarımız öz evlərinə qayıdacaqlar. Bizim  hər birimiz Azərbaycan xalqına qarşı edilən zorakılığı, bəslənən düşmənçiliyi, nifrəti, kini, qəzəbi unutmamalıyıq və bunları övladlarımıza, gələcək nəslə də anlatmalıyıq. Gəlin uşaqlarımızı əsgərliyə getməklə qorxutmaq əvəzinə, onları doğma Vətənin müdafiəsinə xidmət etmək üçün həvəsləndirək. Onlara başa salaq ki, sən, mən, o - bir sözlə, hər bir azərbaycanlı bu üstündə doğulub boya-başa çatdığımız torpağı qorumasaq, bəs kim qoruyacaq?  Maraqlıdır, niyə qonşu Türkiyədə hər bir gənc əsgəri xidmətə getməyi ilə fəxr edir və şəhid verəndə: "Vətən sağ olsun”, - deyir, amma bizim gənclərin bir hissəsi kişilik, mərdlik məktəbi olan hərbi xidmətdən yayınır. İmkanlı, imkansız ailələr tanıyıram ki, müxtəlif yollarla övladlarını əsgəri xidmətdən saxlayırlar. Düşünürəm ki, torpaqlarımızın işğal altında olduğu bir dövrdə bu cür hərəkət etmək vətənə, Azərbaycan xalqına, şəhidlərimizə, milli qəhrəmanlarımıza qarşı xəyanətdir. 
Bir vaxtlar ANS telekanalında vətənpərvərliklə bağlı uşaq verilişi yayımlanırdı. Verilişin adını dəqiq xatırlaya bilmirəm, amma burada aparıcı uşaqlara "Evinizdə Azərbaycan bayrağı varmı?”, "Sən əlamədar günlərdə evin eyvanına çıxıb bayrağımızı yelləyirsənmi” və s. sullarla müraciət edirdi. Qızım həmin veriliş gedə-gedə məndən soruşdu ki, bizim evdə bayraq varmı? O, məndən Azərbaycanın dövlət müstəqilliyini əks etdirən müqəddəs bayrağımızı evin görünən və yuxarı hissəsindən asmağı xahiş etdi. Bax budur təbliğat, budur vətənpərvərlik tərbiyəsi. Şərt o deyil ki, kütləvi informasiya vasitələri və radio, televiziya bütün günü vətənpərvərlikdən danışsın. Əsas odur ki, bu təbliğat sistemli, düşünülmüş şəkildə aparılsın.       
   
   
Bu günün gəncləri intellektual səviyyəsinə, bacarığına və dünyagörüşünə görə fərqlənirlər 
   
Ata və ana övladının sağlam, ağıllı və tərbiyəli böyüməsini, vətənə, xalqa layiqli insan, əsl vətənpərvər kimi yetişməsini arzu edirlər. Əvvəldə qeyd etdiyimiz kimi, uşağın tərbiyəsində, onun əsl insan kimi formalaşmasında ana böyük məsuliyyət daşıyır. Təsəvvür edin, o, ilk aylardan başlayaraq körpəsinin fiziki inkişafı ilə ciddi məşğul olur: onu masaj edir, uşaq həkiminin buyurduğu müxtəlif fiziki hərəkətləri yerinə yetirir, uşağa düzgün oturmağı, iməkləməyi, ayaq üstə durmağı və gəzməyi öyrədir. Bu, ananın ilkin mərhələdə uşağın fiziki inkişafı üçün çəkdiyi zəhmətdir. Amma uşaqların, xüsusilə kiçikyaşlı uşaqların daha çox sevgi, diqqət və qayğıya ehtiyacı vardır. Müşahidələr göstərir ki, uşaq 3 yaşına kimi normal, yəni mübahisəsiz, sevgi içində, nəvazişlə böyüyərsə, gələcək həyatında nikbin olur, xəstəliklərə daha az məruz qalır.  
Təcrübə göstərir ki, yüksək tərbiyə görmüş ailələrdə böyüyən uşaqlar özünə güvənən və inamlı olurlar. Bu hissləri uşaqlara məhz valideynlər aşılayırlar. Əgər valideynin özünə güvəni varsa, özünü qiymətləndirməyi bacarırsa, onda uşaqlar da bu ruhda böyüyürlər. Pedaqoqlar sübut edirlər ki, 6-7 yaşına kimi uşaqların tərbiyəsinə xüsusilə ciddi fikir vermək lazımdır. Belə ki, bu yaşda xarakterin ana xətti formalaşır. Artıq bu yaşda uşaqların xasiyyətində dəyişikliklər etmək lazım gəlir. Bu zaman uşaqlarda özünü sevmə hissi yaratmaq, onları daxili komplekslərdən azad etmək lazımdır. Məhz bu yaşda valideyn uşağa öz milli soykökü, qədim əcdadları barədə məlumat verir, müstəqil dövlətimizin artibutları - bayrağımız, gerbimiz, himnimiz haqqında danışır. Maraqlıdır ki, özünə inam hissi olan uşaqlar məktəbə gedəndə şüurlu surətdə bura nə üçün gəldiklərini anlayır və yaxşı oxumağa can atırlar. Sonra ali məktəbə daxil olmaq üçün çalışır, daha sonra karyeralarını qurmaq üçün cəhd göstərirlər. Bir sözlə, düzgün tərbiyə almış uşaqlar və gənclər həyatın mənasını başa düşür, vətənə, insanlara gərəkli olmağın qiymətini bilirlər. Onlar üçün vətənə, onun hər qarış torpağına məhəbbət, sevgi hər şeydən üstündür. 
Bəzi ailələr övladlarının gələcəyi üçün, təəssüf ki, doğru yol seçmirlər. İstəmirlər ki, uşaqları əziyyət çəksin, zəhmətə qatlaşsınlar. Belə ailələr imkanları artdıqca uşaqlarının "yağ-bal içində” böyüməsinə çalışır və gələcəkdə özləri və övladlarının taleyi üçün nə qədər problemlər yaratdıqlarının fərqinə varmırlar. Ailələr tərəfindən ərköyün böyüdülən uşaqlar taleyin amansız sınaqları qarşısında sıxılır və əzab çəkirlər. Gəlin uşaqlarımıza düzgün tərbiyə verək. Onları elə tərbiyə edək ki, nə özümüz, nə də onlar peşman olsunlar. Düzgün tərbiyə edilmiş uşaq, şübhəsiz ki, həm vətən, xalq, həm də cəmiyyət üçün gərəkli olacaq. Böyüyə-kiçiyə hörmət etməyən, nizam-intizamsız uşaqdan heç vaxt vətənpərvər olmaz!   
Valideynlər kiçik yaşlarından uşaqlarına vətənə məhəbbət, yurda sevgi hisslərini aşılamalı və onun hər qarış torpağı uğrunda canını əsirgəməməyi öyrətməlidirlər. Uşaqlar insanlara, heyvanlara mərhəmət duyğusunu, insanlıq anlayışını məhz valideynlərdən əxz edirlər.   
Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi və gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün müasir Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-mədəni və digər sahələrində fəal iştirak edirlər. Təqdirəlayiq haldır ki, bu gənclərin arasında dövlətin, xalqın maraqlarını öz şəxsi maraqlarından üstün tutan, dövlətçiliyimizi əks etdirən atributlara görə canını fəda etməyə hazır olanlar kifayət qədər çoxdur.  Bu günün gəncləri intellektual səviyyəsinə, bacarığına, dünyagörüşünə görə fərqlənirlər. Sadəcə, onları düzgün istiqamətə yönəltmək lazımdır. Bu isə hər birimizin borcudur: sənin, mənim və hər birimizin. 
       
Səadət Hakıyeva

Azərbaycan Respublikasının Prezidenti yanında
 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.