Milli Gimnastika Arenasında bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışının açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən “Ocaq Sport" klubunun İdarə Heyətinin sədri Vəfa Bakarova klubun 2013-cü ildə təsis edildiyini bildirib. O qeyd edib ki, bu müddət ərzində klubdaxili yarışlar və açıq çempionatlar keçirilib. “Ocaq Sport”un yetirmələri müxtəlif gimnastika növlərində milli komandalara cəlb olunub, irimiqyaslı beynəlxalq yarışların mükafatlarını qazanıblar.
Yarışın startından əvvəl gənc idmançıların nümunəvi çıxışları olub.
Qeyd edək ki, birinci “Ocaq” beynəlxalq kuboku yarışı noyabrın 27-dək davam edəcək. On üç ölkədən 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərində güclərini sınayacaqlar.