Azərbaycan Basketbol Liqasında 10-cu turun oyunları keçirilib. "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilən turun açılış oyununda “Sərhədçi" və "Olimpik Şəki" basketbolçuları qarşılaşıb. Oyunun əvvəlindən üstünlüyü ələ keçirən "Sərhədçi" basketbolçuları rəqibi üzərində 99-80 hesablı qələbə qazanıb.
Turun növbəti görüşü “Neftçi” və “Sabah” komandaları arasında olub. Fəallıqları ilə fərqlənən “Sabah” basketbolçuları rəqib komanda üzərində 99-81 hesablı qələbəyə seviniblər.
Turun digər oyununda isə “AAAF Xırdalan” və “Gəncə” basketbolçuları üz-üzə gəliblər. Xırdalan təmsilçisi üstünlük nümayiş etdirərək 85-71 hesablı qələbə qazanıb və turnir cədvəlinin ilk pilləsinə şərik olub.
Turun sonuncu oyunu Astara Olimpiya İdman Kompleksində gerçəkləşib. “Zirvə Astara” doğma azarkeşlər önündə paytaxt təmsilçisi NTD-ni qəbul edib. Qarşılaşma Bakı komandasının 92:81 hesablı qələbəsi ilə yekunlaşıb.