Azərbaycan Basketbol Liqasında XII turun oyunları keçirilib. Turun açılış oyununda “AAAF Xırdalan” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda qalib əlavə vaxtda müəyyənləşib. "Sərhədçi" basketbolçuları matçdan 78:75 hesablı qələbə ilə ayrılıblar.
Turun növbəti oyunu çempionatın liderləri sayılan “Sabah” və NTD komandaları arasında keçirilib. Oyunun sonunda geri dönüş edən NTD basketbolçuları rəqibi üzərində 79:75 hesablı qələbə qazanaraq çempionatın vahid lideri olublar.
Günün digər oyununda “Neftçi” və “Gəncə” basketbolçuları üz-üzə gəliblər. Bərabər mübarizə şəraitində davam edən oyunun yekunda paytaxt klubu rəqibi üzərində 81-78 hesablı qələbə qazanıb.
Turun bağlanış oyunu yanvarın 8-də Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara” və “Olimpik Şəki” komandaları arasında keçirilib. Oyun meydan sahiblərinin 85:80 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ABL-də 13-cü turun oyunları yanvarın 11, 14 və 15-də keçiriləcək.