Niyaməddin Paşayev: “Aşağı yaş qruplarına cəlb olunan idmançılar taekvondomuzun sabahıdır”

Niyaməddin Paşayev: “Aşağı yaş qruplarına cəlb olunan idmançılar taekvondomuzun sabahıdır”

“Ötən ilin dekabr ayında bütün yaş qrupları üzrə Azərbaycan çempionatları və birincilikləri keçirildi. Bu yarışın yekununa əsasən yığmaların heyəti müəyyənləşdi. Artıq yeni ilə yenilənmiş komanda ilə start vermişik.

Bu sözləri federasiyanın mətbuat xidmətibə müsahibəsində Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev deyib.

Onun sözlərinə görə, əsas hədəf idmanın bu növünün daha da inkişafı, bölgələrdə kütləviləşməsi və populyarlaşması ilə yanaşı, iştirak edəcəkləri bütün yarışlarda Azərbaycan adını daim uca tutmaqdır. Ötən il taekvondoçularımızın 101 medal əldə etdiyini xatırladan dünya çempionu 2023-cü ildə də idmançılardan yüksək nəticələr gözlədiyini deyib: “Bu il bizim üçün çox məsuliyyətli bir il olacaq. Çünki qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir. Kişi və qadınlardan ibarət komandalar yanvarın 5-dən təlim-məşq toplanışına start veriblər. Turnirlərdə taekvondoçularımız uğurlu iştirak etmək üçün istirahət etmədən hazırlıqlarını səylə davam etdirirlər. Beynəlxalq yarışlarda mübarizəyə fevral ayından başlayacağıq. Kişilərdən ibarət milli komanda qardaş ölkə Türkiyənin açıq çempionatında, həmçinin İstanbulda təşkil olunacaq “Prezident kuboku”nda iştirak edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində hazırlıq keçən qadın taekvondoçularımız isə fevralın 10-da toplanışın ilkin mərhələsini başa vuracaqlar. Onlar ardınca Cənubi Koreyada hazırlığa başlayacaq, sonra bu ölkənin açıq çempionatında güclərini sınayacaqlar. Hədəflərimiz və istəklərimiz yüksəkdir. Çalışırıq ki, həmişə olduğu kimi, ölkəmizi layiqincə təmsil edib, daim üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıraq”.

N.Paşayev bu il qadın taekvondoçularımızdan yeni uğurlar gözlədiyini də qeyd edib. Əvvəllər də Azərbaycan millisində işləmiş Sun Mi Parkın yenidən əsas komandaya baş məşqçi təyin edilməsi məhz bu səbəbdəndir: “İnanıram ki, xanım taekvondoçularımız onun rəhbərliyi ilə daha yüksək nəticələr qazanacaqlar. Komandanın daha uğurlu çıxışı üçün lazımi şərait yaradılıb və bu il bunun nəticəsini yenidən görəcəyimizə ümid edirik”.

Federasiyanın vitse-prezidenti kişilərdən və qadınlardan ibarət millilərdə nəsildəyişmə prosesinə də toxunub. Hər iki komandaya gənc və perspektivli taekvondoçular cəlb olunub və bu, yığma tam komplektləşənə qədər davam edəcək: “Məqsədimiz beynəlxalq turnirlərdə onları sınamaq və əsas rəsmi yarışlar üçün bütün çəkilərdə ən güclünü müəyyənləşdirməkdir. Böyüklərdən ibarət yığmalarla yanaşı, aşağı yaş qrupları üzrə milli komandalara da xüsusi diqqət yetirilir. Uğura gedən yol məhz yeniyetmə idmanından başlayır. Aşağı yaş qruplarına cəlb olunan idmançılar taekvondomuzun sabahıdır. Biz də sabahımızı daha işıqlı etmək üçün onlara xüsusi diqqət yetirir, təməlin daha möhkəm olması üçün federasiyadan asılı olan hər şeyi edirik. İnanırıq ki, ötən ili rekordlarla başa vuran yeniyetmə və gənc taekvondoçularımız böyük yaş qruplarında da uğurlarını davam etdirəcəklər”.

ATF rəsmisi parataekvondoçularımızın da il ərzində layiqli çıxış edəcəklərinə inam ifadə edib. O, idmançılarımızın əla formada olduğunu deyərək, iştirak edəcəkləri yarışlarda özlərini yaxşı tərəfdən göstərəcəklərinə inandığını bildirib.

Vitse-prezident müsahibəsində 2023-cü ili gərgin və məsuliyyətli edəcək səbəblərdən biri də Bakıda təşkil olunacaq dünya çempionatı olduğunu deyib: “Bu il paytaxtımızda taekvondo üzrə dünya çempionatı keçiriləcək. Mundial bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Məsuliyyətli, eyni zamanda gərgin qrafiklə işləyəcəyik. Məşqlərin bəhrəsini dünya çempionatında görəcəyimizə, taekvondoçularımızın Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Sonra isə Paris-2024 Yay Olimpiya Oyunlarında bu uğuru davam etdirməliyik”, - deyə Niyaməddin Paşayev bildirib.