Taekvondoçumuz üçüncü Avropa Oyunlarına lisenziya qazandı

 Taekvondoçumuz üçüncü Avropa Oyunlarına lisenziya qazandı

Rumıniyanın paytaxtı Buxarestdə üçüncü Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri keçirilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Millimizin üzvü Səyyad Dadaşov turnirin qalibi adını qazanıb. 54 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yarımfinalda gürcüstanlı Data Axaladzeni 2:0 hesabı ilə məğlub edib. O, finalda ukraynalı Maksim Manekova da gücünü göstərib. Bu dəfə də 2:0 hesabı ilə qalib gələn Səyyad həm qızıl medala, həm də Krakov-2023-ə lisenziya əldə edib.

Ondan fərqli olaraq, Xanoğlan Kərimov (63 kq) bürünc medalla kifayətlənib. Təmsilçimiz moldovalı Alin Manolu yarışdan kənarlaşdırsa da (2:0), yarımfinalda Kristian Borgenə (Norveç, 0:2) uduzub və üçüncü yeri tutub.

Yarışın sonuncu günündə Azərbaycan millisi daha bir medal qazanıb. Yığmamızın heyətində Həmidreza Bədriəliabadi (+87 kq) fəxri kürsüyə yüksəlib. Yarımfinalda italiyalı Mattia Molinə 1:2 hesabı ilə məğlub olan təmsilçimiz bürünc medala sahib olub.

Beləliklə, yarışa 4 taekvondoçu ilə yollanan komandamız 3 mükafata yiyələnib. Azərbaycan millisi bu nəticə ilə komanda hesabında ikinci yeri tutub.

Qeyd edək ki, ölkəmiz Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) turnirdə iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.