Azərbaycan dövləti gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə diqqətlə yanaşmış və ona həyat üçün əhəmiyyətli məsələ kimi baxmışdır. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq hissi yaradır. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Xalqımız şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə qürur duymuşdur. İgid, cəsur, vətənini sevən həmvətənlərimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini qorumağa hazır olan, onu sevən mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunələrinin ön plana keçməsi vətənpərvərlik tərbiyəsi işində mühüm rol oynayır.
Bu gün müstəqil respublikamızın inkişafı, ilk növbədə, böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində cəmiyyətin və ailənin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədə alırlar. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, davranış qaydaları, vətən sevgisi kimi keyfiyyətləri qazanırlar.
Dövlətimizin əsas məqsədi kamil şəxsiyyət, insan, vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, onun mənafeyini gözləyən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan insan yetişdirmək deməkdir.
Əsl vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqların mənəvi tərbiyəsini qiymətləndirmək üçün onlara yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, böyüklərə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətləri uyğun qiymətləndirilməli və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Azərbaycan xalqı müharibəni arzulamır və həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi-vətənpərvərlik ruhunda tərbiyə, sadəcə, gənclərin ölkəmizin sərhədlərini qoruması naminə həyata keçirilir
Ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Heydər Əliyev bu barədə demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Şübhəsiz ki, hər bir gəncin, eləcə də hər bir vətəndaşın vətənpərvərliyi onun dövlətimizin atributlarının kəsb etdiyi mənanı dərindən öyrənməsində də öz əksini tapır. Yəni hər bir insan dövlət atributlarının mənasını bilməli, bununla yanaşı həm də, ona hörmət etməlidir. Çünki, bayraq, gerb və himn hər bir dövlətin müqəddəs rəmzləridir.
Azərbaycan Respublikasının dövlət bayrağı
Dövlətin rəsmi fərqləndirici əlamətlərindən biri dövlət bayrağıdır və onun təsviri, əsasən, konstitusiyada qanunvericiliklə təsbit olunur. Dövlət bayrağı, eyni zamanda, məxsus olduğu dövlətin suverenlik rəmzidir. Azərbaycan Respubiikasının dövlət bayrağı 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan milli dövlət tributlarındandır. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Azərbaycan İstiqlal Bəyannaməsini qəbul edərək, onun müstəqilliyini elan edib. Bakı şəhəri bolşevik-daşnak qruplaşmalarının əlində olduğu üçün həmin il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli hökuməti və Milli Şurası Gəncədə yerləşdirilib. Qeyri-sabit siyasi vəziyyətlə bağlı 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının yeddinci iclasında bütün qanunverici və icra hakimiyyətinin Azərbaycanın Müvəqqəti hökumətinə verilməsi haqda iki qərar qəbul edib.
Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan müvəqqəti Hökumətinin 24 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ aypara və səkkizgüşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilib.
Milli hökumətin tanınmasına nail olmaq üçün dövlət bayrağının dəyişdirilməsi qərara alınıb. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası olub və burada onun milli bayraq haqqında məruzəsi dinlənilib. Həmin iclasda dövlət bayrağı haqqında aşağıdakı qərar qəbul edilib:
"Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin”. Azərbaycan Respublikasının müstəqillik qazanmasından xeyli əvvəl, Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən qəbul edilib. 1920-ci il mayın 3-də endirilmiş müqəddəs bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasət və dövlət xadimi prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək, yüksəklərə qaldırılıb.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının dövlət bayrağı haqqında Azərbaycan Respubukasının Qanunu”nu qəbul edib. Bu Konstitusiya qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq edilib və bu istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başlayıb. Bu gün milli tərbiyə və təhsilimizin, milli ideologiyamızın qarşısında duran ən vacib məsələlərdən biri milli bayrağımızın tarixini, onun rəng palitrasının və üzərindəki simvonların məna və funksiyalarını təbliğ etməkdən, uşaqlara gənc nəslə öyrətməkdən ibarətdir.
Azərbaycanın dövlət bayrağı "trikolor” ("üç rəngli”) bayraqlar sırasına daxildir. Müasir dövrdə bir çox dövlətlərin də bayraqları "trikolor”dur. Lakin bizim milli bayrağımız dünyada mövcud olan "trikolor”lardan rəng düzümü ilə bərabər, üzərində digər simvonların olmasına görə də fərqlənir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif dövrlərə və dövlətlərə məxsus bayraqlardakı eyni rəng müxtəlif məna və funksiya daşıya bilər.
Dövlət bayrağımızda 3 rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini bildirən "türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Huseynzadədir. Onun fikrincə, TÜRKLƏŞMƏK milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, İSLAMLAŞMAQ islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdiriiməsi, MÜASİRLƏŞMƏK isə Avropa elm və texnikasının nailiyyətlərini öyrənib onun nəticələrini öz milli elm və mədəniyyətinin inkişafına istiqamətləndirmək, demokratiya ənənələrindən istifadə etmək deməkdir. Dövlət bayrağımızdakı qırmızı zolaq üzərindəki rəngli aypara və ağ rəngu səkkizguşəli ulduz rəmzləri Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyunun 21-də Gəncədə qəbul etdiyi qırmızı rəngli və üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının üçrəngli milli bayrağımızda kiçildilmiş formasından ibarətdir. Görkəmli şairlərimiz milli bayrağımıza ideya-məzmun cəhətdən diqqəti cəlb edən şeirlər həsr ediblər.
1919-cu ilin aprel ayında Parlament binası üzərində dalğalanan üçrəngli bayrağa həsr etdiyi "Azərbaycan bayrağına” adlı şeirində görkəmli şairimiz Əhməd Cavad yazmışdır:
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!
Dövlət atributlarına, o cümlədən milli bayrağımıza xalqın qəlbində məhəbbət hissi oyadaraq təsəvvürlərdə, şüurlarda onların müqəddəsliyinin milli varlığımıza hopması günümüzün ən vacib məsələlərindən biridir. Qəhrəmanlar oylağı, igidlər yatağı, yeraltı və yerüstü sərvətlərinin zənginliyi, coğrafi mövqeyinin əlverişliliyi ilə seçilən gözəl bir diyarın başı üzərində onun öz milli simvolu olan bayrağın dalğalanması şair və yazıçılarımızın qəlbini fərəhlə doldurub və onlar bu bayrağı qəlbən vurulduqlan sevgililərinə bənzədiblər. Bu hal mərhum şairimiz Cəfər Cabbarlının şerlərində də diqqəti cəlb edir. O, Azərbaycan bayrağına həsr etdiyi "Sevdigim” şerində dövlət bayrağının çoxmənalı rənglərini belə təsvir edir:
...Can alıcı bir görkəmlə dağ başında durduqca
Oxşadıqca bahar yeli açıq-dağınıq tellərin.
Nazlı yelin omuzunda saçlarına vurduqca
Birər-birər oxşayırsan bütün Turan ellərin.
Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdigim.
Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının gücləndiyi bir dövrdə - 1990-cı il noyabrın 29-da respublika Prezidenti tərəfindən "Azərbaycan SSRin adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verilib.
Fərmana, müvafiq olaraq, "Azərbaycan Respublikasının dövlət bayrağı haqqında Əsasnamə”də tərtib və təsdiq olunub.
Əsasnamədə qeyd olunur:
l. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
2. Azərbaycan Respublikasının dövlət bayrağı eni bərabər olan üç üfqi zolaqdan ibarət düzbucaqlı parca şəklindədir; üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının icərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
3. Azərbaycan Respublikasının dövlət bayrağı və onun təsviri ölçülərindən asılı olmayaraq, bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəməlidir.
4. Azərbaycan Respublikasının gerbi və himni kimi, Azərbaycan dövlətinin suverenliyi rəmzi olan Azərbaycan Respublikasının dövlət bayrağı da müqəddəs rəmzdir və onun hər cür təhqir edilməsi qanuna əsasən cəzalandırılır.
Azərbaycan Respublikasının dövlət gerbi
Dövlətin möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi sənədlərdə təsvir olunan fərqləndirici nişanı dövlət gerbidir. Dövlət bayrağından fərqli olaraq, ADR dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət tərəfindən müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il mayın 1-də qurtarmalı idi. Müsabiqə Xalq Cumhuriyyətinin rəmzlərinin, orden və medallarının ilk numunələrinin meydana çıxmasını əhatə edirdi. Lakin Demokratik Cümhuriyyətin süqutu, bir çox məsələlərin, o cümlədən müsabiqənin başa çatmasına mane oldu. 1991-ci ildə Azərbaycan Respublikasının yeni milli gerbinin yaradılması üçün müsabiqə elan olundu. Lakin təqdim olunan gerb esgizləri Milli Məclis uzvlərini qane etmədiyi üçün vaxtilə mövcud olmuş gerb layihəsini bərpa etmək məqsədəuyğun hesab edildi. Qəbul olunmuş Azərbaycan Respublikasının gerbi Xalq Cümhuriyyəti dövrünün 1920-ci ildə yaradılmış gerbinin təkrarıdır. Onun kompozisiyası ilk orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallar-alovun, palıd yarpaqları və sünbüllərin təsviri rəssam tərəfindən bir qədər təkmilləş dirilmişdir.
Dövlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır. Səkkizguşəli ulduz Azərbaycanın memarlıq, şəbəkə sənətində geniş istifadə olunan ornament növlərindəndir. Yeri gəlmişkən deyək ki, memar Əcəminin yaratdığı abidələrdə, Bakı Şirvanşahlar Sarayındakı divanxananın ornamentlərində, Pirsaat çayı üzərindəki Xanəgahın naxışlarında ulduz təsvirləri vardır. Qalxan ölkənin hərbi qüdrətini, xalqın qəhrəmanlıq əzmini ifadə edir. Palıd yarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu ifadə edən ənənənin simvollarındandır.
Gerbimizin mərkəzində şölə saçan alovun mahiyyəti M.Ə.Rəsuizadənin Milli Cümhuriyyət Parlamentinin açılış iclasında ifadə olunmuşdur: "Azərbaycan bir atəş mənbəyidir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şoleyi-umid və inam təşkil eyləmişdir. Bu atəş əbədiyyən sönməz bir məşələ təşkil edib də huriyyət və istiqlala doğru getdiyimiz maneəli yolları işıqlandırır” Azərbaycan Respublikası Milli Məclisinin 1993-cu il 19 yanvar tarixli Konstitusiya qanunu ilə Azərbaycan Respublikası dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edilib. 1993-cü il fevralın 23-də isə Azərbaycan Respublikası dövlət gerbi haqqında əsasnamə yaradılıb.
Azərbaycan Respublikasının dövlət gerbi haqqında Əsasnamədə deyilir:
1.Azərbaycan Respublikasının dövlət gerbi Azərbaycan dövlətinin mustəqilliyi rəmzidir.
2.Azərbaycan Respublikasının dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
Azərbaycan Respublikasının dövlət himni
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra ADR-in dövlət bayrağı və dövlət gerbi ilə bərabər, dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı. Qeyd edək ki, "himn” sözü yunanca "təntənəli nəğmə” deməkdir. O, siyasi təbliğatda mühüm vasitə olmaqla müəyyən mütəşəkkillik və səfərbərlik rolu da oynayır. Himnin ifası, əsasən, bayram şənlikləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur. Dövlət himninin mətni və melodiyası elə olmalıdır ki, o, xalqın bütün təbəqələri tərəfindən asan başa düşülsün. ADR dövründə dahi bəstəkarımız Üzeyir Hacıbəyov iki marş yazmışdır.
Dövlət himnimizin qəbulu məsələsi ortaya çıxanda insanların əksəriyyət insan məhz həmin marşlardan birini oranjiman etdirərək, onun himn kimi qəbul edilməsi fikrini müdafiə etdi. Beləliklə, yeni dövlət himnimizin musiqisi yenə Üzeyir Hacıbəyliyə məxsus oldu. Himnimizin mətni isə görkəmli şairimiz Əhməd Cavada məxsusdur. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Dövlət himni haqqında Əsasnamə təsdiq edilib.
Azərbaycan Respublikasının dövlət himni haqqında Əsasnamədə deyilir:
1. Azərbaycan Respublikasının dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Dövlət himninə dərin ehtiram bəsləmək Azərbaycanın hər bir vətəndaşının vətənpərvərlik borcudur.
2. Azərbaycan Respublikasının dövlət himni aşağıdakı hallarda ifa olunur:
- dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların acılışı və bağlanışı zamanı;
- Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr munasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;
- Bütün hallarda Azərbaycan Respublikasının dövlət himni tam ifa olunur.
- Azərbaycan Respublikasının dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.
- Azərbaycan Respublikasının dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur. Ümumtəhsil məktəblərində, texniki-peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının dövlət himninin öyrənilməsinə və ifasına həsr edilir.
- Respublika və beynəlxalq idman yarışları keçirilərkən və s.
Keçən əsrin sonunda milli dövlətçiliyimiz dirçəlmiş, müstəqil Azərbaycan Respublikası dünya dövlətləri sırasında layiqli yer tutmuşdur. Bayrağımız, gerbimiz, himnimiz ictimai-siyasi və mədəni həyatımızın bütün sahələrində geniş yayılmış, Konstitusiya qanununun tələblərinə uyğun respublikamızın bütün ərazisində və beynəlxalq miqyasda bərqərar olmuşdur. Azərbaycan Respublikası dövlət rəmzlərinin statusu 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında müəyyənləşdirilmişdir.
Sevindirici haldır ki, ölkəmizin gənc nəsli dövlət atributlarımıza hörmətlə yanaşır, bu müqəddəs rəmzləri hər zaman uca tuturlar. Bu isə bir başa vətənpərvərlikdən, vətən sevgisindən xəbər verir.
Hürrü Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.