145 ölkənin taekvondoçuları Bakıda dayanq üzərinə çıxacaqlar

145 ölkənin taekvondoçuları Bakıda dayanq üzərinə çıxacaqlar

Mayın 29-dan iyunun 4-dək Bakıda təşkil olunacaq taekvondo üzrə dünya çempionatına qeydiyatdan keçən iştirakçı ölkələrin sayı açıqlanıb. Bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov yarışa hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib.

Federasiya rəsmisi yarış üçün paytaxtımıza 145 ölkədən minə yaxın idmançının təşrif buyuracağını bildirib: “Bu yarış pandemiyadan sonra ölkəmizdə keçiriləcək ən irimiqyaslı yarışlardan biridir. Əgər biz bundan əvvəl taekvondo üzrə dünya çempionatlarına ev sahibliyi edən ölkələrə nəzər yetirsək həmin ölkələrin həm ərazi, həm də əhali baxımından Azərbaycandan böyük olduğunu görərik. Bu mötəbər yarışın Azərbaycanda keçirilməsi ölkə rəhbərliyinin idmana və idmançılara göstərdiyi diqqət və qayğının təzahürüdür”

Qeyd edək ki, “Öz gücünü alovlandır” şüarı altında sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə və ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti təşkil olunacaq.