Azərbaycan milli komandası 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ilk oyununu keçirib. B qrupunda yer alan yığmamız Macarıstan seçməsi ilə qarşılaşıb. Görüş rəqib komandanın 21:6 hesablı qələbəsi ilə başa çatıb.
Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparır.
Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.