Sentyabrın 16-17-də Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə trek velosipedi üzrə Bakı Kubokunun II mərhələsi keçirilib.
Respublika Velotrekində baş tutan yarışda 2005-2008-ci il (26 nəfər), 2009-cu il (19 nəfər) və 2010-2011-ci il (17 nəfər) təvəllüdlü oğlanlar mübarizə aparıblar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın birinci günü idmançılar QİT-200 m (hərəkətlə) və yerindən 1 dairə, ikinci günü isə təqiblə fərdi ötüşmə (2 km) və skretç (24 dairə) növlərində güclərini sınayıblar.
2005-2008-ci il təvəllüdlü oğlanların yarışında Tural İsrafilov (ROEQİUGVM, 12.75/25.00/02.38.20) bütün növlər üzrə ən yaxşı göstəricilərə imza ataraq birinci yerlərə layiq görülüb.
2009-cu il təvəllüdlü oğlanların mübarizəsində isə Çingiz İsayev (ROEQİUGVM, 14.15/28.30/03.07.04) QİT-200 m (hərəkətlə), yerindən 1 dairə və təqiblə fərdi ötüşmə növlərində qızıl medallar qazanıb. Bu yaş kateqoriyasında skretç növü üzrə Rüstəm Rəcəbli (Təhsil RİM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Cavid Baxşıyev (ROEQİUGVM, 15.09/31.80) QİT-200 m (hərəkətlə) və yerindən 1 dairə növlərində birinci yerlərdə qərarlaşıb. Bu yaş kateqoriyasında təqiblə fərdi ötüşmə növündə Ümid İsmayılov (ROEQİUGVM, 03.21.43) qızıl medal qazanıb.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.