Taekvondoçularımız Batumidə fərqləndilər

Taekvondoçularımız Batumidə fərqləndilər

Gürcüstanda taekvondo üzrə Batumi açıq turniri keçirilib. Yarışda iştirak edən taekvondoçularımız 12 medala sahib çıxıblar. Masallı Regional Taekvondo Mərkəzinin komandasının hər bir üzvü fəxri kürsüdə yer alıb.

Pünhan Heydərli (33 kq) uşaqların mübarizəsində qalib olub. Yeniyetmələrin yarışında yalnız finalda uduzan Hüseyn Sadıqlı (33 kq) ikinci, Murad Cahangirov (41 kq) üçüncü yeri tutub.

“Alpman” klubu ölkəyə 3 qızıl və 2 bürünc medalla qayıdıb. Uşaqlar arasında Sübhan Rzayev (30 kq), yeniyetmələrdə Əzizə Məmmədova və Səidə Həsənova (47 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Murad Həsənzadə (25 kq, uşaqlar) ilə Orxan Ağazadə (41 kq) bürünc medalla kifayətləniblər.

“Alov” Taekvondo Klubunun məşqçisi Asim Xudiyevin yetirmələrindən Günər Kərimli (27 kq, uşaqlar) ikinci, Mehdi Xudiyev (45 kq, yeniyetmə) üçüncü pillədə qərarlaşıb.

Digər medalları Gündüz Abdullayevin yetirməsi İbrahim Qədimov (54 kq, kişilər, "Azəri" TK) və Vüqar Kərimovun yetirməsi Ülvi Məmmədov (36 kq) əldə ediblər. Onlar müvafiq olaraq, qızıl və gümüş medala sahib olublar.

Beləliklə, klublar 3 yaş qrupu üzrə 5 qızıl, 3 gümüş və 4 bürünc medalla Vətənə qayıdırlar.