İstər evdə, istər idman salonunda velosiped sürmək kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı vasitədir.
Uşaqlıqda velosipedi olmayan insan çətin tapılar. Bir sözlə, iki təkərli və faydalı nəqliyyat vasitəsinə aludəçilik hər birimizin həyatında olub. Velosiped sürmək, həm də ucuz başa gələn məşqdir. Evinizə bütöv bir trenajor dəsti almaq sizə baha başa gələ bilər, nəinki bir velosiped. Nizamlı edilən bütün fiziki fəaliyyətlər kimi velosipedə minmək də əzələlərinizi nizamlı işlədir, düzgün nəfəs almanızı təşkil edir və bədəninizə elastiklik qazandırır. Bu idman növü eyni zamanda, həddindən artıq kilo almaq, xolesterol, şəkər xəstəliyi və yüksək təzyiq kimi narahatlıqların qarşısını alır. Hər zaman səhifələrində idman və sağlam həyat tərzinin təbliğinə geniş yer verən “Olimpiya dünyası” qəzeti bu dəfə sizə velosipeddən istifadənin faydaları haqqında məlumatlar təqdim edəcək.
Velosipedlə
arıqlayın
Velosipedə minmək kalori yandıraraq çəkinizi azaltmaq üçün çox faydalıdır. Böyük əzələlər işlədiyi üçün 65 kq çəkisi olan insan bir saat ərzində orta sürətli velosipedlə təxminən 500 kalori yandırmış olur. Həm də velosipedə minmək oynaqların həddindən artıq yük qaldırmadığı üçün hər yaşda olan insanlar üçün ideal bir məşqdir.
Ürək
sağlamlığınızı
qoruyun
Məşq etmək sadəcə arıqlamaq deyil, eyni vaxda sağlam və formada qalmaq üçün də əhəmiyyətlidir. Nizamlı olaraq ürək damarlarını məşq etdirən insanlar daha uzun ömür yaşayırlar. Sağlam ağciyərlərə sahib olmaq astma kimi tənəffüs xəstəliklərinə qarşı mübarizədə müqavimət deməkdir. Orta və ya yüksək sürətli velosipedə minmək ürək döyüntüsünün sürətini artırır və formada qalmağa kömək edir.
Əzələlərinizi
inkişaf
etdirin
Velosipedə minmək hərəkətli və ya sabit bir velosiped üzərində edilən müqavimətli idman növüdür. Ayaqlarınızla pedalları çevirərkən əzələlərinizi inkişaf etdirirsiniz. Diz əzələləriniz kimi böyük əzələlərinizi inkişaf etdirir, maddələr mübadiləsi sürətini artırırsınız. Əzələlər hərəkət edə bilmək üçün kaloriyə ehtiyac duyur və buna görə də nə qədər çox əzələniz varsa, o qədər çox kalori yandırırsınız. Velosipedə minmək eyni vaxtda diz və ayaq biləyi əzələlərini də gücləndirir.
Revmatizm və oynaq ağrılarından şikayət edirsinizsə, ən yaxşı vasitə velosiped sürməkdir. Müəyyən müddətdən sonra siz kürək və oynaq ağrılarının azaldığının şahidi olacaqsınız.
Daha çox
oksigen
Maşın yerinə velosipedlə yol qət etdiyimiz hər kilometrdə karbonmonoksid, karbondioksid, azot və benzin kimi qazlara daha az məruz qalırıq. Təbii nəqliyyat vasitəsi olan velosipeddən istifadədə belə zəhərli qazlardan qurtulmuş oluruq. Velosipedi əsas, ana yollarda deyil, daha az nəqliyyat vasitəsinin keçdiyi yaşıl yollarda sürsəniz, yaxşı olar.
Beləliklə, velosiped sayəsində daha çox məşq edəcək, daha çox oksigen alacaqsınız. Üstəlik tıxaclarda vaxt itirmədiyiniz üçün əsəbləriniz pozulmayacaq.
Velosipedlə
vaxta və pula
qənaət
Velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etsəniz, benzin yerinə kalori itirəcəksiniz. Bu da benzin və parketmə xərclərinin azalması deməkdir. Bundan başqa, avtomobil sürmək əvəzinə velosipeddən istifadə edərək pulunuza da qənaət etmiş olursunuz.
Tıxaca düşmədən, metro, tramvay və avtobus kimi nəqliyyat vasitələri gözləmədən, gedəcəyiniz yerə çox qısa zamanda çatmaq mümkündür.
Stresdən
uzaq
Velosipedə minmə əsnasında edilən nizamlı və ritmik hərəkətlər insanları gündəlik həyatlarında məruz qaldıqları bütün mənfi təsirlərdən uzaqlaşdırır və rahatlaşdırır. Hərəkət halındakı bədən, 30-40 dəqiqə sonra endorfin ifraz etməyə başlayır. Bu da adamın özünü xoşbəxt hiss etməsi mənasını verir!
Şəhəri yenidən
kəşf edəcəksiniz
Velosipedlə yol qət edəndə şəhəri daha fərqli bir baxışla kəşf etmək mümkündür. Dar küçələrə girərək hər yeri daha yaxından araşdıra bilər, avtomobil istifadə edərkən diqqət etmədiyiniz bir çox detalı fərq edə bilərsiniz.
Daha
təhlükəsiz
Velosipedlə avtomobillərin arasından asanlıqla keçərək yolda digər nəqliyyat vasitələrinə görə daha təhlükəsiz hərəkət edəcəksiniz. Bu nəqliyyat vasitəsinin maşınlara görə 8 qat daha etibarlı olduğu bilinir. Buna görə velosipeddən istifadə edənlərin sayının artması yol qəzalarını nisbətini də azaldır.
Ətraf mühiti
qoruyun
Velosipedə minmək enerji məhsuldarlığı baxımından ən yaxşı nəqliyyat vasitəsidir.
Motorlu nəqliyyat vasitələri istixana qazlarının yayılmasının ən fundamental səbəbini meydana gətirir. Bir adamın bir il boyunca qısa məsafəli yollarda velosipeddən istifadə etməsi, 500 kq-dan 1 tona qədər bir miqdarda karbon qazının yayılmasının qarşısını alır. Beləliklə, velosipeddən istifadə etmək sağlamlığımıza faydalı olduğu kimi, eyni zamanda təbiəti də qoruyur.
Velosiped dünyadakı bir çox insanın da ən sevdiyi nəqliyyat növüdür.