Oktyabrın 21-də Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası keçirilib. Tədbirdə Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının prezidenti Luçiano Rossi, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Aleksandr Ratner, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Mariana Vasileva və 50-yə yaxın Avropa ölkəsinin nümayəndələri iştirak ediblər.
İki ildən bir keçirilən Assambleyada növbəti illərdə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr üçün səsvermə prosesi, federasiyaların inkişaf istiqamətləri üzrə müzakirələr həyata keçirilib. Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasında səsvermə prosesi zamanı 2026 və 2027-ci illərdə atıcılıq üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adları müəyyənləşib. Qərara əsasən, 2026-ci ildə güllə atıcılığı üzrə qitə birinciliyi Estoniyada, stend atıcılığı yarışı isə Yunanıstanda təşkil olunacaq. Səsvermənin nəticəsinə əsasən, 2027-ci ildəki Avropa çempionatı müvəqqəti təsdiqlə Finlandiyaya həvalə olunub. Buna səbəb isə bu ölkədə hələlik atıcılıq kompleksinin tam hazır olmaması ilə əlaqədardır. 2026-cı ildə kompleksə son baxış keçirildikdən sonra yekun qərar veriləcək.