Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət gənclərin vətənpərvərlik ruhunda böyüməsinə zəmin yaradır

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət gənclərin vətənpərvərlik ruhunda böyüməsinə zəmin yaradır



Vətənpərvərlik böyük bir məfhumdur.
Bu sadəcə orduda xidmət etmək deyil.
Vətənə sadiq olmaq, Vətəni sevmək, t
orpağa bağlı olmaq - budur vətənpərvərlik.
Heydər Əliyev

İnsanın vətənpərvərlik hissinə malik olması onun ən ali əxlaqi-mənəvi məziyyətləri arasında birincilərdən hesab olunur. Çünki vətənpərvərlik dedikdə onun əsas komponentləri - doğulduğun torpağı, yaşadığın ölkəni sevmək, onun uğrunda çalışmaq, onu qorumaq kimi keyfiyyətlərlə yanaşı, insanın ləyaqətlilik, əqidəlilik, vicdanlılıq, sədaqətlilik xüsusiyyətləri də başa düşülür. Bu da təbiidir. Axı Vətən müqəddəsdir. Onun qədrini bilməliyik, çətinliklərinə dözməliyik. Belə bir deyim var: "Torpağı qoruyarsan Vətən olar, qorumazsan kəfən”.Vətən sevgisi, vətənə sədaqət, onun çiçəklənməsi üçün çalışmağa hazır olmaq ən çətin anlarda insanların qüvvələrini vahid məqsəd - vətənin azadlığı, xilası naminə səfərbər edir. Azərbaycan gəncliyi doğma yurdun bütövlüyü uğrunda, vətənimizin torpaqlarının azadlığı uğrunda mübarizəyə hər an hazırdır. Ordumuzun əsasını təşkil edən gənclər hərb sənətinə dərindən yiyələnməsi belə deməyə əsas verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1997-ci il fevralın 2-də ölkənin gənclər təşkilatlarının nümayəndələri ilə görüşündə demişdir: "Orduda xidmət edən gənclər bizim dəyərli vətəndaşlarımızdır. Onların əksəriyyəti gənclərdir. Onlar vətəni qoruyurlar, düşmənlə üzbəüz mövqedə dayanırlar, Azərbaycanın müstəqilliyini qoruyur və möhkəmləndirirlər. Lazım gələn anda məhz onlar doğma torpaqlarının azad olunması üçün ilk addımı atacaqlar”. Bu çıxışdan sonra hərbi qulluqçulara, silahlı qüvvələrimizdə üç ildən artıq xidmət edən hərbçilərə güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi, hərbi təhsil müəssisələrinin müdavimləri üçün təqaüdlərin artırılması, milli qəhrəmanlara, şəhid ailələrinə, müharibə əlillərinə qayğının gücləndirilməsi böyük vüsət aldı. Yeni ailə qurmuş gənc hərbçilərin mənzil problemlərinin tədricən aradan qaldırılması sahəsində atılan addımlar cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb, gənclərin hərbi xidmətə və zabit peşəsinə olan marağını xeyli artırıb.
Bu gün qəhrəman oğullarımızın qəsbkar erməni işğalçılarına qarşı döyüşlərdə qazandıqları misilsiz qəhrəmanlıqlar əsl vətənpərvərlik tərbiyəsidir. Onlar müharibə cəbhələrində igidliklə vuruşaraq, doğma respublikamızın ərazi bütövlüyünü qoruyub saxlamaq üçün öz canlarını qurban veriblər. Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri işğal altında olan torpaqlarımızı azad etmək, etnik təmizləmə siyasətindən əziyyət çəkən insanların həyat səviyyəsini yaxşılaşdımaq, yurd-yuvalarından didərgin salınmış soydaşlarımızı öz ata-baba torpaqlarına qaytarmaqdır. Bu məsələnin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olmaq üçün bütün imkanlardan istifadə edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, hələlik sülh potensialı tükənməyib: "Azərbaycanın işğal altında olan torpaqları sülh yolu ilə azad edilməsə, o zaman başqa vasitələrdən istifadə olunacaq”.
Ümummilli lider Heydər Əliyev respublikamızın inkişaf istiqamətini dəqiq müəyyənləşdirməklə, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmiş effektiv siyasət kursu həyata keçirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi üçün var gücü ilə çalışmışdır. Bu siyasət bu gün Azərbaycan Prezidenti tərəfindən ləyaqətlə davam etdirilir. İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı qətiyyətli, güclü arqumentlərlə ingilis dilində etdiyi səlis və parlaq çıxışlarında ölkəmizin haqq səsi daha qabarıq şəkildə əks olunur. Qarabağ müharibəsinin başlıca səbəbləri və əsl səbəbkarı haqqında, separatçı qüvvələrin ört-basdır etməyə çalışdıqları həqiqəti İlham Əliyev analoqu olmayan formada bütün dünyaya bəyan etmiş, doğma yurduna ürəkdən bağlı olduğunu bir daha sübut etmişdir.
1998-ci ilin martında ABŞ-ın paytaxtı Vaşinqtonda "Azərbaycandan keçən Avrasiya nəqliyyat dəhlizi” mövzusunda geniş seminar keçirilirdi. Seminarda ABŞ paytaxtında akkreditə olunmuş səfirlər və digər yüksək vəzifəli diplomatlar, ABŞ hökumətinin, Amerikanın ən nüfuzlu şirkətlərinin, kütləvi informasiya vasitələrinin və elmi dairələrin nümayəndələri iştirak edirdilər. Seminarda çıxış edən İlham Əliyev Azərbaycanın haqq səsini mötəbər tribunadan dünyaya çatdırdı: "Azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirilmişdir. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxartmaq və fiziki cəhətdən məhv etmək yolu ilə bu ərazilərdə mifik "Böyük Ermənistan dövləti” yaratmaq idi. Bizim torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmasına, ölkə əhalisinin bir milyondan çoxunun qaçqın kimi də yaşamasına, yüzlərlə məktəbin, mədəniyyət ocaqlarının, abidələrin, xəstəxanaların dağıdılmasına, minlərlə dinc vətəndaşın - uşaqların, yaşlıların, qadınların öldürülməsinə baxmayaraq, biz sülh tərəfdarıyıq”.
İlham Əliyev Vaşinqton görüşlərini başa çatdırdıqdan sonra Asiya Cəmiyyətinin Kaliforniya Mərkəzi və Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən Los-Anceles şəhərində təşkil olunmuş seminarda iştirak etmişdir. Məlum olduğu kimi, Los-Anceles ABŞ-da erməni diasporunun ən güclü mərkəzlərindən biridir. Diaspor öz nüfuzundan istifadə edərək, burada ictimai rəyi Ermənistanın xeyrinə formalaşdırmaq üçün fəal iş aparır, rəsmi və işgüzar dairələrdə güclü dayaqlar yaratmağa çalışır. Bu şəhərin yerləşdiyi Kaliforniya ştatının iqtisadi həyatında mühüm mövqeyə malik olan ermənilər hər vasitə ilə Azərbaycanın haqq işinə zərbə vurmağa, Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizi əsassız olaraq günahlandırmağa cəhd göstərirlər. Elə buna görə də Azərbaycanın haqq səsinin, real vəziyyətin ABŞ ictimaiyyətinə çatdırılması baxımından Los-Ancelesdə keçirilən seminarın xüsusi əhəmiyyəti var idi. Onu da qeyd etmək lazımdır ki, İlham Əliyev belə yüksək səviyyəli beynəlxalq tədbirdə çıxış edən və bu ştatda geniş yayılmış "erməni mifi”nə ağır zərbə vuran ilk azərbaycanlı idi. İlham Əliyev Los-Ancelesdəki erməni diasporunun liderlərinə, erməniləri öz şəxsi maraqlarının, "Böyük Ermənistan” yaratmaq kimi sərsəm ideyanın girovuna çevirmiş daşnak tör-töküntülərinə ciddi mesaj göndərdi: "Birdəfəlik başa düşmək lazımdır ki, Dağlıq Qarabağı heç bir ölkə, heç bir qurum müstəqil dövlət kimi tanımayacaq. Azərbaycan da indi düşdüyü vəziyyətlə heç vaxt razılaşmayacaqdır. Azərbaycan öz torpaqlarının bir hissəsinin zəbt edilməsinə razı ola bilməz. Ermənistan silahlı qüvvələri zəbt etdikləri torpaqlarımızı gec-tez tərk etməlidirlər”. İlham Əliyevin məsələni bu cür kəskin şəkildə qoyması Amerika ermənilərini narahat etməyə bilməzdi. Bunu, hər şeydən əvvəl, Los-Ancelesdə dərc olunan ermənipərəst qəzetlərin yazdıqları məqalələrdən bilmək olardı. Həmin qəzetlər yazırdılar ki, bu cür qətiyyətli və güzəştsiz addımı yalnız Heydər Əliyev məktəbini bitirmiş insan ata bilər.

Ölkəmizin haqq səsi bütün dünyaya çatdırılır

Azərbaycanın dünyada hörmət və nüfuzu getdikcə artır, ölkəmiz bir çox beynəlxalq təşkilatların üzvüdür. Ölkə dünya birliyində getdikcə mövqeyini daha da möhkəmləndirir. Ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən vaxtdan qurumun Assambleyasında iştirak edən parlament nümayəndə heyətimiz və nümayəndə heyətinin rəhbəri İlham Əliyev bu mötəbər beynəlxalq məclisdə Azərbaycan həqiqətlərini, ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalmasını, bir milyondan çox soydaşımızın öz ata-baba yurdundan qovularaq məcburi köçkünə çevrilməsini dəfələrlə dünya ictimaiyyətinə çatdırmışdır. Azərbaycan Prezidenti vətənpərvər bir insan kimi, öz xalqını, millətini sevən vətəndaş kimi mövqeyini bildirmiş, ölkənin mənafeyini, maraqlarını müdafiə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2001-ci ilin sentyabr ayında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan parlament nümayəndə heyətinə rəhbərlik edərək, şuranın iclasında Azərbaycanın bir sıra ciddi problemlərinin səsləndirilməsinə nail olmuşdur. O, erməni qəsbkarlarının törətdikləri cinayətləri, onların Dağlıq Qarabağı narkotik maddələrin istehsalı mərkəzinə çevirdiklərini və xüsusilə ermənilərin beynəlxalq terrorizmlə əməkdaşlığını faktlarla sübuta yetirmişdir: "Mütəşəkkil cinayətkarlığın artmasının mühüm səbəblərindən biri müvafiq dövlət strukturlarının bu sahəyə az nəzarət etməsi və ya bəzən nəzarət etməməsidir. Azərbaycan bu məsələdən xüsusilə narahatdır. Çünki Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən biri məhz bizim ərazidir. "Dağlıq Qarabağ Respublikası” deyilən ərazidə nəinki Azərbaycanın hakimiyyət orqanlarının, bu cinayətkarlıqla mübarizəyə məsul beynəlxalq təsisatların da heç bir nəzarəti yoxdur. "Dağlıq Qarabağ Respublikası” deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Bu fakt ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Narkotiklərlə məşğul olan işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər. Onları "Dağlıq Qarabağ Respublikası”nın bədnam rəhbərləri müdafiə edir. Həmin rəhbərlər narkotiklərin satışından gələn pulları Azərbaycanın işğal olunmuş ərazisini əldə saxlamaq və muzdlulara haqq ödəmək üçün istifadə edirlər.
Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət proqramı "respublikanı” "çirkli pulların” yuyulması əməliyyatları sayəsində məşhurlaşdırmışdır.
Ermənilər Dağlıq Qarabağın ərazisində silahlı birləşmələrə təlim keçirlər, bu birləşmələr terrorizmə qarşı mübarizə üzrə beynəlxalq konvensiyaların nəzarətindən tamamilə kənardadır.
Elə bilirəm ki, Avropa Şurası bu məsələyə və eləcə də Avropa Şurasının üzvü olan bir dövlətin, yəni Ermənistanın Avropa Şurasının üzvü olan digər dövlətin - Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlaması faktına öz münasibətini bildirməlidir. Terrorizmə qarşı necə mübarizə aparmalı? Bu, indi beynəlxalq ictimaiyyət üçün də ən vacib mövzudur. Terrorizmə qarşı ən yaxşı mübarizə yollarından biri qanunsuz zonaların ləğv edilməsidir. Məlum olduğu kimi, bu zonalar terrorçuların gizlənməsi, düşərgələr və bazalar yaradılması üçün ən əlverişli ərazilərdir”.
Azərbaycan dövlət başçısı bu qanunsuz zonaların birinin, özünü "respublika” elan etmiş Dağlıq Qarabağ ərazisi olduğunu, bu "respublika”nın beynəlxalq icma tərəfindən tanınmadığını vurğulamasıdır: "Dağlıq Qarabağ ərazisi uzun müddət müxtəlif terrorçu təşkilatlar tərəfindən istifadə edilmişdir. Dağlıq Qarabağ ərazisi qanunsuz silah satışı, narkotik xassəli bitkilərin becərilməsi və narkotiklərin daşınması üçün istifadə olunur. Dağlıq Qarabağ ərazisi tamamilə nəzarətsiz ərazidir. Bu ərazi Avropa məkanında qara ləkədir və beynəlxalq hüquq qanunları bu ərazidə işləmir”.
Avropa Şurası Parlament Assambleyasında İlham Əliyevin təşəbbüsü və ideya müəllifliyinə söykənən qərarların qəbul edilməsi və bu qərarların Azərbaycan siyasətinin prioritetlərinin müəyyən olunmasında real təsir imkanları da müzakirələrin intensivləşməsinə səbəb olmuşdur.
Bunun nəticəsidir ki, Assambleyada təsdiq edilmiş 9063 nömrəli sənəddə deyilir:
1. 1988-ci ildə başlanmış, sonra isə Ermənistan tərəfindən Azərbaycana qarşı işğalçılıq siyasətinə çevrilmiş Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının təxminən 20 faizi işğal olunmuşdur.
2. 10 aprel 2001-ci il tarixində bəyan edilmiş məlumata görə, həmin hücumun nəticəsində xeyli azərbaycanlı itkin düşmüşdür. İtkin düşənlərin bir qismi sonradan azad olunmuşdur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, itkin düşənlərdən 176 nəfəri ermənilər tərəfindən öldürülmüşdür.
3. Lakin hal-hazırda daha vacib məsələ ondan ibarətdir ki, Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində xeyli sayda əsir saxlanılır. Onların arasında mülki şəxslər də var.
4. Azərbaycan və Ermənistan Avropa Şurasının tam hüquqlu üzvləridir və Avropa Şurasının üzvü olan ölkənin ərazisində heç bir insan hüququna malik olmayan çoxsaylı hərbi əsirlərin saxlanılması faktı hec cür qəbul edilə bilməz.
5. Əsirlikdən azad olunmuş şahidlərin dediklərinə görə, əsirlərin hüquqları kobud şəkildə pozulur, onlara lazımi tibbi xidmət göstərilmir.
6. Assambleya Nazirlər Kabinetinə müraciət edərək bildirib ki, o, üzv olan dövlət - Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində Avropa Konvensiyasında qeyd olunmuş insan hüquqlarının yerinə yetirilməsini Ermənistandan tələb etsin.
7. Assambleya Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinə müraciət edərək xahiş edir ki, o, həmin problemin nizamlanmasında çıxış yolunu tədqiq edən məruzəçini tezliklə təyin etsin.
Avropa Şurası Parlament Assambleyasının sessiyasında "Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və məcburi köçkünlərin vəziyyəti” məsələsi geniş müzakirə olunmuşdur. Bu barədə miqrasiya, qaçqınlar və demoqrafiya komissiyasının sədrinin məruzəsi dinlənilmişdir.
Ərazilərimizin 20 faizinin işğal altında olmasını bildirən məruzəçi bu ərazilərdən silah gücünə çıxarılmış məcburi köçkünlərlə yanaşı, Ermənistandan qovulmuş 250 min azərbaycanlının, 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətini tərk etməyə məcbur olmuş 50 min məhsəti türklərinin də Azərbaycanda qaçqın kimi məskunlaşdıqlarını xüsusi vurğulamışdır. Avropa Şurası Parlament Assambleyasında ölkəmizlə bağlı belə bir məruzə ilə çıxış edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə nüfuzundan, onun əsl həqiqətləri ortaya çıxarılmasında atdığı qətiyyətli addımlarından xəbər verir.
Hazırda gənclərin hərb sənətinə cəlb olunması işi yüksək səviyyədə həyata keçirilir
Müasir dövrdə gənc nəslin hərtərəfli inkişafında hərbi-vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Tərbiyənin bu növünün həyata keçirilməsi nəticəsində gənclərə və məktəblilərə vətənə sədaqət, onun müdafiəsinə daim hazır olmaq hissləri aşılanır. Bunların pedoqoji cəhətdən düzgün təşkili üçün bir sıra sınanmış və özünü doğrultmuş forma, o cümlədən vasitələrdən geniş istifadə edilməkdədir. Gənclər və yeniyetmələr dözümlülük, cəldlik, qıvraqlıq, çeviklik kimi fiziki-iradi keyfiyyətlərə, atıcılıq, kəşfiyyatçılıq, rabitəçilik və s. hərbi bacarıq və vərdişlərə yiyələnirlər. Bu isə onların gələcəkdə ordu sıralarında mətin addımlar atmalarının başlıca şərti kimi qiymətləndirilir.
Azərbaycan dövləti ölkəmizdə hərbi-vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsinə, gənclərin geniş şəkildə bu tədbirə qoşulmasına, bununla da vətənimizin müdafiəsinə hazır olan gənc nəslin tərbiyə edilməsi işinə böyük diqqət yetirir. Hər bir gənc hərbi işi öyrənməyə, vətəninə hədsiz sədaqətli olmağa, var qüvvəsini, əgər lazım gələrsə, həyatını da vətən üçün verməyə hazır olmağa borcludur. Sevindirici haldır ki, bu gün Azərbaycan gəncliyinə məhz bu keyfiyyətlər aşılanır. Uşaqların hərb sənətinə göstərdikləri dərin marağı nəzərə alaraq, bu işi daha da təkmilləşdirmək və genişləndirmək dövlətimizin əsas məqsədlərindən biridir. Hazırda gənclərin hərb sənətinə cəlb olunması işi yüksək səviyyədə həyata keçirilir. Şübhəsiz ki, düşmənə cəsarətlə qarşı durmaq, çətinlikləri qorxmadan dəf etmək üçün sağlam olmaq, güclü təlim almaq, hədəfi sərrast vurmağı, bacarmaq lazımdır. Məhz buna görə də ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki hazırlığı üçün hərtərəfli şərait yaradılıb. Sağlam gənc nəsil isə vətənin ləyaqətli keşikçisi deməkdir. Bütün bunları nəzərə alan Azərbaycan dövləti hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması üçün xüsusi proqramlar hazırlayıb. Gənclərin hərbi hazırlıqları bu proqramlar çərçivəsində həyata keçirilir. Hazırda məktəblərdə, müxtəlif təşkilatlarda uşaqlara xüsusi proqram vasitəsilə hərbi bacarıq və vərdişlərin aşılanmısı gücləndirilib. Müharibə şəraitində yaşayan vətənimizdə bu, çox vacib məsələdir. İndi, demək olar ki, bütün məktəblərdə hərbi dərslər yüksək səviyyədə, peşəkar müəllimlər tərəfindən keçirilir. Bu gün hər bir məktəbli gələcək əskər kimi hərb sənətinin müxtəlif incəliklərinə yiyələnir. Dövlətimiz gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi qayğı ilə yanaşması hazırkı dövrümüzdə ən önəmli məsələdir. Çünki torpaqlarımız işğal altındadır. Biz doğma yurdumuzu azad etmək üçün hər an hazır olmalıyıq. Dövlətimiz gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ilə yanaşı, onların fiziki sağlamlıqlarının qorunmasına, məişət problemlərinin həllinə də xüsusi diqqətlə yanaşır.
2005-ci ildə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı” Azərbaycan gəncliyinə dövlət qayğısının əyani sübutudur. Həmin proqramda Azərbaycan gəncliyinin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, sosial müdafiəsinin, məşğulluğunun, təhsilinin təminatı, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi önə çəkilir. Gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi, müasir qloballaşma əsrində öz güc, bilik və bacarıq potensialını dövlət mənafeyinə xidmətə sərf edən mütəşəkkil qüvvə kimi formalaşdırılması və digər məsələlər həmin proqramda əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Gənclər və İdman Nazirliyinin hazırladığı "Elektron gənclik” layihəsi əsasında erməni faşizminin 1905-1907-ci, 1918-1920 və 1988-1993-cü illərdə ölkəmizin müxtəlif bölgələrində törətdiyi ağlasığmaz vəhşiliklərin, 7 rayonumuzun və Dağlıq Qarabağın erməni işğalına məruz qalmasının, bir milyondan artıq azərbaycanlının doğma yurdundan qovulmasının dünya dövlətlərinin parlamentlərinə, kütləvi informasiya vasitələrinə, beynəlxalq təşkilatlara çatdırılması çox müsbət haldır. Bu məlumatların ümumilikdə 20 mindən artıq ünvana çatdırılması gənclərimizin yüksək vətənpərvərliyinin əyani sübutudur. Respublikamızın rayonlarında hərbi-vətənpərvərlik klubları fəaliyyət göstərir. Hərbi xidmətə çağırılan gənclər üçün xüsusi "Tövsiyə, yaddaş” kitabçalarının hazırlanması və onların ordu sıralarına ilə "silahlandırılıb” yola salınması artıq ənənəyə çevrilib.
Azərbaycanlıların soyqırımı və erməni terroru haqqında buraxılmış tarixi sənədlər toplumunun gənclər arasında geniş yayılması, "Şahin” və "Cəsurlar” hərbi idman oyunlarının, "Hünər” devizi altında vətənpərvərlik mahnıları festivalının keçirilməsi gənclərin düşmənə nifrət, doğma torpağa məhəbbət ruhunda tərbiyə olunmasında, hərb sənətinə maraq və meyillərinin güclənməsində əvəzsiz rol oynamaqdadır.
Əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu hərbi islahatların möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə ən çətin tapşırığın öhdəsindən inamla gələn peşəkar ordu yaradılmışdır. Göstərilən hərtərəfli diqqət və qayğı nəticəsində hərbi qulluqçuların döyüş ruhu yüksəlmiş, vətəni qorumaq məsuliyyəti, torpaqlarımızı işğalçılardan təmizləmək qətiyyəti güclənmişdir. Ordumuz müasir texnika və silahlarla təchiz olunmuş, hərb elminin son nailiyyətlərini mənimsəmişdir. 2007-ci il iyunun 22-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: "Bizim üçün Dağlıq Qarabağdan başqa heç bir ciddi məsələ yoxdur, təbii ki, bundan istifadə edəcəyik, ordumuzu gücləndirəcəyik, bütün yollarla Ermənistana təzyiq edəcəyik və öz doğma torpaqlarımızı azad edəcəyik... Mən ölkə Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi, bir daha bəyan edirəm ki, ordunun güclənməsi üçün bundan sonra da əlimdən gələni edəcəyəm. Azərbaycan dövləti və onun ordusu kifayət qədər hörmətə malikdir, öz torpaqlarını işğalçılardan azad etmək gücündədir. Ordumuz istənilən vaxt hərb yolu ilə məsələni həll edə bilər”.
Dilqəm Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.