Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıb.
109 kiloqram çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 176 kq çəkinin öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionu olub.
Atlet təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.
O, ümumi nəticədə 388 kq (176+212) nəticə ilə yekun sıralamada Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.
Qeyd edək ki, yarışda 43 ölkədən 402 atlet (202 kişi + 200 qadın) mübarizə aparıb.