Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır

Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır


Azərbaycan dövləti vətəndaşlarının uğurlu gələcəyini təmin etmək üçün onların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məqsədyönlü siyasət aparır. Bu gün milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz yüksək səviyyədə qorunur, tariximiz dərindən öyrənilir. Bəşəriyyətin yeni dəyərlər qazandığı XXI əsr və onun reallıqları xalqımızın, millətimizin və müstəqil dövlətimizin qarşısında müəyyən vəzifələr qoyur. Heç şübhəsiz, bunlardan biri, bəlkə də, ən vacibi gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsidir.
Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının siyasi və iqtisadi hüquqlarını müdafiə eməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Dövlət gənclərin sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürüb. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması Azərbaycan dövlətini ciddi düşündürür. Məhz buna görədir ki, bu gün uşaqlarımız və gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz dərindən öyrənilir. Gənc nəsil vətənə, yurda məhəbbət ruhunda tərbiyələndirilir. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanlı olmaq və vətənpərvərlik hissini daha da gücləndirir. Araşdırmalar göstərir ki, doğma torpağa bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsl insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Öz xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insanda milli mənlik şüurunu inkişaf etdirmək mümkün deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz. Vətənpərvərlik doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etmək, öz dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənlik şüuruna malik olmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni əsirgəməməkdir.
Vətənpərvərlik tərbiyəsi uşaqların milli mənlik şüurunun formalaşması və inkişafına, həmçinin onun dünya görüşünə, həyat hadisələrini düzgün dərk etməsinə rəvac verir. Bu baxımdan, hər bir yeniyetmə və gənc bütün varlığı ilə vətənini sevməli, ona ürəkdən bağlı olmalıdır. Əgər doğulduğun torpağa bağlısansa, yaşadığın ölkənin sədaqətli vətəndaşısansa, doğma vətəninin keşiyində ürəklə dayanırsansa, onun rifahı naminə var gücünü səfərbər edirsənsə, deməli, sən əsl vətənpərvərsən.
Hər bir fərdin şəxsiyyət kimi formalaşmasında, onun əsl insan kimi yetişməsində fiziki tərbiyə və idmanın böyük rolu var. İdman yeniyetmə və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik və mübarizlik hisslərinin formalaşmasında xüsusi rol oynayır. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil. Doğulduğu torpağa, elə-obaya bağlı olan hər bir gənc vətənini ürəkdən sevir, ona bağlı olur. "Vətənpərvərlik” böyük məfhumdur. "Vətənpərvərlik” deyəndə biz anaya, torpağa, təbiətə məhəbbət, bağlılıq hisslərini başa düşürük. Vətənpərvərlik tərbiyəsi uşaqların milli mənlik şüurunun, dünya görüşünün formalaşması və inkişafına, həmçinin, onun, onun həyat hadisələrini düzgün dərk etməsinə imkan verir.
Sevindirici haldır ki, xalqımız vətənpərvərlik hisslərinin tərbiyəsinə xüsusi əhəmiyyət verir. Müxtəlif sənət, peşə sahibləri arasında apardığımız sorğunun nəticələri dediklərimizi sübut edir.

Mehdi Əsədov (fəlsəfə doktoru):
- Milli mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini ifadə edir. Ölkəmizdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ümummilli lider Heydər Əliyevin əsas diqqət mərkəzində olan ən vacib məsələlərdən biri olmuşdur. Ulu öndər gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət ayırırdı. Azərbaycanın müstəqilliyi, gələcək müqəddəratı, uşaq və gənclərin sağlamlığı, sağlam gənc nəslin yetişməsi üçün bu, son dərəcə vacib məsələ idi.
Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra xalqımızın qarşısında duran əsas vəzifələrdən biri uşaq və gənclərin sağlam və vətənpərvər ruhda böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyəsi məsələsi oldu. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi üçün bütün lazımi tədbirlər həyata keçirildi. Bu gün ulu öndərin uzaqgörən siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mütəşəkkil şəkildə davam etdirilir. Ölkə rəhbəri daim gənclərin problemləri ilə maraqlanır, onlar üçün müvafiq şərait yaradır. Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələrdə, fesivallarda, olimpiadalarda iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqları nəslin yetişdirilməsi həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub. İndi Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar. Müxtəlif sahələrdə, o cümlədən idmanda gənc nəslin nümayəndələri özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya bəyan edirlər.

Saleh Məmmədov (ehtiyatda olan zabit):
- Gənc nəslə dövlət səviyyəsində göstərilən diqqət və qayğı onların vətənpərvər ruhda böyümələrinə, formalaşmasına şərait yaradır. Uşaqlarda vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuz üçün güclü əsgər kimi yetişməsinə zəmin yaradır. Bu gün ölkəmiz müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizi erməni təcavüzkarları tərəfindən işğal edilib. Bu baxımdan gənclərimizin hərbi-vətənpərvərlik vərdişlərinə yiyələnmələri, ordumuzun döyüş hazırlığının artırılması günümüzün aktual məsələlərindəndir. Bu gün ölkəmizin fiziki cəhətdən sağlam, çevik, cəsur, iradəli, mətin, idman vərdişlərinə yiyələnmiş gənclərə böyük ehtiyacı vardır. Təcrübə göstərir ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, layiqli vətəndaş kimi yetişməsində fiziki tərbiyənin və idmanın böyük rolu var. Sirr deyil ki, vətənin keşiyində yalnız fiziki cəhətdən sağlam gənclər dayana bilərlər. Ordu sıralarına çağırılan hər bir azərbaycanlı gənc, eyni zamanda, mənəvi cəhətdən də sağlam olmalıdır.
Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, onların vətənin sadiq keşikçilərinə çevrilmələrinə şərait yaradır. Gənclərin vətənpərvərlik, vətənə, dövlətə sədaqət və onun ərazi bütövlüyünün qorunması ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir.
Uşaqlarda kiçik yaşlarından vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuza güclü əsgər kimi yetişməsinə əlverişli şərait yaradır. Məhz bu amil Azərbaycan Milli Ordusunun inkişafına, onun sıralarının mətin, dözümlü və cəsur əsgərlərlə təmin olunmasına xidmət edir.

Elmira Cəfərova (tarix müəllimi):
- Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir. Ordu tarixən həmişə dövlət üçün, xalq, millət üçün çox əziz olmuşdur. Ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Ona görə də Azərbaycanda dövlət müstəqilliyimizin bərpa olunmasını və Azərbaycan Silahlı Qüvvələrinin Gününü böyük iftixar hissi ilə qeyd edir və bununla bir daha həm vətəndaşlarımıza, həm də bütün dünyaya bəyan edirik ki, müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var. Həqiqət bundan ibarətdir ki, Azərbaycanda ordu quruculuğu dərhal, milli ordu, silahlı qüvvələr yaradılması haqqında 1991-ci ilin oktyabr ayında qəbul olunmuş qərar əsasında yaranmağa başlasa idi, bəlkə də, Ermənistan-Azərbaycan münaqişəsində biz indi belə ağır vəziyyətə düşmə və çətinliklərlə rastlaşmazdıq. Təəssüflər olsun ki, o vaxt böyük səhvlərə, xəyanətlərə yol verilib. Ona görə Azərbaycan müstəqilliyini əldə edib, dövlətini qurarkən və Ermənistanın bir neçə il əvvəl ölkəmizə qarşı başladığı təcavüzün qarşısını almağa çalışarkən onun mütəşəkkil, peşəkar ordusu olmayıb.
Təbii ki, peşəkar ordunun yaranması bir ayda, yaxud bir ildə başa çata bilməz. Ancaq zamanın tələbləri bəzən elə vəziyyət yaradır ki, bir ildə görülən işi bir ayda görmək lazım gəlir. Bu, mümkündür. İlk illərdə ordu quruculuğu sahəsində böyük səhvlərin buraxılmasına ordu yaradılmasına gec başlanılmasına baxmayaraq, son illər bu sahədə aparılan işlər Azərbaycanda mütəşəkkil, güclü, qüdrətli ordu, silahlı qüvvələr yaratmağa imkan verib. Bu, Azərbaycanın 20 illik müstəqillik dövründə ən əsas nailiyyətlərdən biridir. Azərbaycanın dövlət müstəqilliyi əldə olunandan sonra indiyə qədər keçdiyi tarix, yaşadığı günlər hamıya məlumdur. Azərbaycan xalqı, onun yaratdığı dövlət və silahlı qüvvələr böyük sınaqlardan, çətinliklərdən keçərək, böyük itkilər verərək, Azərbaycanın dövlət müstəqilliyini ilbəil yaşadıb, möhkəmləndirib, inkişaf etdirib və artıq indi dönməz vəziyyətə gətirib çıxarıb. Biz bu gün ordumuzun vəziyyətindən məmnun ola bilərik. Ancaq hələ ordunu tam yüksək səviyyəyə qaldırmaq, müasir tələblərə, beynəlxalq standartlara çatdırmaq və silahlı qüvvələri, həqiqətən, məğlubolmaz etmək üçün bundan sonra çox iş görməliyik. Buna bizim indi imkanlarımız var. Ən böyük imkanımız bizim vətənpərvər, vətəninə, müstəqil dövlətinə sədaqətli əsgərlərimizdir, gənclərimizdir.

Arif Ağayev (vəkil):
- Hərbi-fiziki tərbiyə gənclərimizə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılayır. Erməni təcavüzkarlarının respublikamıza qarşı apardığı elan olunmamış müharibə göstərir ki, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi daha da gücləndirilməlidir. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev bu məsələləri hər zaman diqqətdə saxlayırdı. Bu gün Azərbaycanda sağlam əhval-ruhiyyə, ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri sağlam, yüksək ideallarla yaşayan, xalqına, vətəninə, torpağına hədsiz sədaqət hissləri ilə çalışan gənclərin almasıdır. Sevindirici haldır ki, Azərbaycan gəncliyi doğma torpağına sədaqət nümayiş etdirir. O, heç vaxt unutmur ki, nə olursa, olsun, vətənə, xalqına, dövlətinə sədaqətli olmalı, cəmiyyətdə özünə layiq yer tapmalıdır. Müstəqil Azərbaycan gənc nəslə ən böyük töhfədir. İnsan öz evini, övladlarını, ata-anasını, adi bir əşyasını qoruduğu kimi, hər bir azərbaycanlı gənc də doğma torpağını göz bəbəyi kimi, qorumalıdır. Bu gün Azərbaycan hərbi qüdrətə malikdir.
Gənclərin vətənə və dövlətə sədaqət, respublikanın ərazi bütövlüyünün müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir. Sevinirik ki, ordu sıralarında yer alacaq gənclərimiz fiziki cəhətdən sağlam yetişdirilir, həmçinin vətənpərvər ruhda tərbiyə olunurlar. Orta məktəbi bitirən və həddi-buluğa çatan gənclərimiz hərbi xidmətə çağırılırlar. Onların hər birindən yüksək fiziki hazırlıq, silahla davranış bacarığı və dözümlülük tələb olunur. Məhz bu baxımdan, hərbi idman oyunlarına hazırlıq çərçivəsində gənclərin silahla davranış bacarığına yiyələnməsinə xüsusi diqqət ayrılır. Gənclərimizin vətənpərvər ruhda böyüməsində, xalqımızın, dövlətimizin sadiq keşikçisi kimi yetişməsində hərbi idman oyunlarının xüsusi rolu var. Onların vətənpərvərlik tərbiyəsində orta ixtisas məktəblərinin rolu danılmazdır. Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini, milli mənlik şüurunun formalaşmasını hərbi idman oyunları vasitəsilə həyata keçirmək daha məqsədəuyğundur. Hərbi idman oyunları gənc nəslə öz doğma vətəninə hədsiz sədaqət göstərmək, vətəni şüurlu və fəal tərzdə sevmək imkanı yaradır. Vətənpərvərliyin mühüm əlamətlərindən biri olan hərbi-vətənpərvərlik tərbiyəsi məktəblilərə doğma vətəni dərin məhəbbətlə sevməyi öyrədir.

Xanım Quliyeva (həkim):
- Vətənpərvərlik təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu vətəndə yaşayırıq.
Azərbaycan gəncliyi inkişaf edir. Gənclərimiz bütün sahələrdə nailiyyətlər qazanırlar. Azərbaycan gənclərinin uğurlu sədaları xarici ölkələrdən gəlir. İstər təhsil, istərsə də idman sahəsində gənclərimiz özlərini dogruldurlar. Bu, vətənə olan sevgidən, vətənpərvərlikdən yaranır. Minlərlə ogul və qızlarımız vətən uğrunda canlarından keçiblər. Şəhidlik isə ən uca zirvədir. Vətənpərvərlik böyük hissdir və şəhidlər məhz vətənpərvər insanlardır.
Cəmiyyətdə vətəni üçün əllərindən gələni əsirgəməyən gənclər çoxdur. Belə gənclərin ürəyi vətən eşqi ilə çırpınır. Azərbaycanın hər qarış torpagı ugrunda hər an əllərinə silah alıb döyüşməyə hazırdırlar. Bunlar o insanlardır ki, vətəni dərk edirlər.
Vətənpərvərlik ruhu, milli mənlik şüuru ailədən başlayaraq təhsil ocaqlarına qədər gənc nəsilə aşılanmalıdır.
Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqları qorumaq, Heydər Əliyev ideyalarına sadiq qalmaq hər birimizin müqəddəs borcudur.

Nüsrət Əliyev (Qarabağ döyüşlərinin iştirakçısı):
- Vətəni sevmək yalnız əlinə silah alıb döyüşə atılmaq deyil. Bu mənada, hər bir Azərbaycan gənci tutduğu vəzifəsindən asılı olmayaraq, vətəninin qədrini bilməli, ona sədaqətlə yanaşmalı və bayrağını uca tutmalıdır. Milli dəyərlərimizə həmişə hörmətlə yanaşmaq hər birimizin borcudur. Azərbaycanın gəncləri bu vətən üçün şəhid olublar. Bu gün Şəhidlər xiyabanı ancaq matəm günlərində ziyarət ediləcək bir yer deyil. Uşaqlar, yeniyetmələr və gənclər hər gün buranı ziyarət etməli, torpaqlarımız uğrunda canlarından keçən insanları unutmamalıdırlar.
Uşaqlara vətənpərvərlik hissini az yaşlarından aşılamaq lazımdır. Bu gün məktəblərdə vətənpərvərlik mövzusunda müsabiqələr keçirilir. Bu müsabiqələr və hərbi idman oyunları gənclərimizin hərbi ruhda böyüməsində müstəsna rol oynayır. Belə yarışların onların hərbiyəqədərki hazırlıq dövrünə və onların təfəkkürünə böyük xidməti var.
Bu gün ordu quruculuğunda aparılan işlər, mətin oğulların vətənə sədaqət andı, şücaəti, nizam-intizamı, işğal altında olan torpaqlarımızın azad olunacağı gündən xəbər verir.
Sevindirici hal ondan ibarətdir ki, indi özünü hərbi peşəyə həsr etmək istəyən gənclər ilbəil artır. Ona görə ki, vaxtilə biz müstəqil olmadığımız zaman - sovet hakimiyyəti dövründə Azərbaycan gəncləri hərbi sahəyə o qədər də həvəslə yanaşmırdılar. Ancaq indi müstəqil Azərbaycanda və xüsusən orduda qanun-qayda yaradılandan sonra hərbi peşəni mənimsəmək və özünü hərbi peşəyə həsr etmək istəyən gənclərimizin sayı çoxalıb. Bu, bizim ordumuzun bu günü və gələcəyi üçün əhəmiyyətlidir.
Ordumuz bu gün Azərbaycanın müstəqilliyinə yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır. Zəngin, qüvvətli və müstəqil Azərbaycan ordusu xalqımızın qürur mənbəyidir. Vətənin müdafiəsində dayanan şanlı vətən oğullarının vəzifəsi çətin olduğu qədər də müqəddəsdir.
Bu gün Azərbaycan milli ordusunda on minlərlə gənc vətənə sədaqətlə xidmət edir. Dövlətimiz onların xidmətini və bu gün Azərbaycan ordusunun sıralarında olmasını, ölkəmizin ərazisinin, torpaqlarının keşiyində durmasını yüksək qiymətləndirir. Azərbaycanın milli ordusunun güclənməsi, qüdrətlənməsi hər bir vətəndaş üçün, hər bir gənc, uşaq üçün lazımdır. Çünki biz öz vətənimizi, müstəqil dövlətimizi, respublikamızı daim qorumaq qüdrətinə malik olmalıyıq. Azərbaycan milli ordusunun möhkəmlənməsi və inkişaf etməsi bu gün dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biridir. Bizim ordumuz möhkəmlənir. Bu, vacib amildir. Çünki Azərbaycan ordusu bu gün və gələcəkdə ola biləcək hər hansı bir təcavüzün qarşısını almağı bacarmalıdır.
Anar Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.