Ölkəmizdə ağırlıqqaldırma idman növünün böyük ənənələri var. Maraqlı və geniş tarixi olan bu idman növündə müxtəlif illərdə adlı-sanlı idmançılar yetişib. Onların arasında Süleymanov qardaşlarının adlarını qeyd etməmək mümkün deyil.
Belə ki, Süleymanovlar ailəsi Azərbaycanda, bəlkə də, bütün dünyada ən böyük idmançı ailələrindən biri hesab olunur. Onların arasında ağırlıqqaldırma və güləş növləri üzrə mükafatçılar yer alıblar. Ağırlıqqaldırma idman növü haqqında geniş məlumatı olanlar Hafiz və Elxan Süleymanovu yaxşı tanıyırlar. Bir vaxtlar ölkəmizi dünya, Avropa, Olimpiya Oyunlarında təmsil edən bu qardaşlardan sonra böyük idman dünyası Zülfüqar Süleymanovu tanımağa başlayıb. İdmançı karyerasına güləşlə başlamasına baxmayaraq, sonradan ağırlıqqaldırmanı seçən Zülfüqar qısa zaman ərzində böyük nailiyyətlər əldə edib. O, milli komandamızın heyətində bir sıra nüfuzlu yarışlarda mükafatçılar sırasında yer alıb. Lakin bu nailiyyətlər 2014-cü ildən etibarən kölgə altında qalıb. Milli komandamızın heyətində yer alan və qadağan olunmuş preparatdan istifadədə təqsirləndirilən Zülfüqar Süleymanov Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) tərəfindən ömürlük diskvalifikasiya olunub. Bu qərarla heç cür barışmayan idmançımız, təəssüf ki, təxminən 10 il gözləməli olub. Bu müddət ərzində böyük idmandan kənarda qalan Zülfüqar beynəlxalq federasiyaya müraciət edib. Ötən il edilən bu müraciət bir neçə gün əvvəl öz layiqli cavabını yazılı şəkildə tapıb. Bu barədə daha ətraflı məlumatı “Olimpiya dünyası” qəzeti olaraq, idmançımızla əlaqə saxlayıb, öyrəndik. Beynəlxalq Federasiyadan aldığı məktub barədə danışan Zülfüqar Süleymanov bunları deyib: “2023-cü ilin noyabr ayında qərara aldım ki, Beynəlxalq Federasiyaya məktub ünvanlayım. Həmin vaxt ali quruma Məhəmməd Jalud yeni prezident təyin olunmuşdu. Şəxsən bu məktubu şəxsi elektron ünvanına və whatatsapp nömrəsinə göndərdim. Bununla kifayətlənmədim. Qardaşım Elxan Süleymanov dünya çempionatına beynəlxalq hakim kimi yollanmışdı. Fürsətdən istifadə edib, məktubu yazılı şəkildə ona verdim. Elxan həmin yarışda bu məktubu Məhəmməd Jaluda təqdim etdi. Məktub ötən ay keçirilən iclasda geniş müzakirə edilib. Antidopinq nümayəndələri və hüquqşünasların geniş müzakirəsi sonda öz səmərəsini verib. Bir neçə gün öncə məktub aldım. Oxuyanda sevindim. Təsəvvür edə bilməzsiniz ki, həmin an hansı hissləri keçirirdim”.
Zülfüqar Süleymanov onu da qeyd edib ki, haqqında çıxarılmış qərar əldə etdiyi nailiyyətləri kölgə altına almışdı. “Uzun illərdir ki, qadağan olunmuş preparatdan istifadə edən idmançı kimi, təqsirləndirilirdim. Haqqımda verilmiş sərt qərarı heç cür həzm edə bilməzdim. Biz böyük idmançı ailəsinin üzvləri hesab olunuruq. Qardaşlarım hər zaman idmanda təmiz və ədalətli olublar. Onların timsalında mənim heç vaxt belə vasitələrlə irəli getmək fikrimiz olmayıb. İdman bizim həyat tərzimiz və təmiz adımızdır. Ağırlıqqaldırma idman növü daim diqqət mərkəzində olub. Daim Beynəlxalq Antidopinq Agentliyi (WADA) bunu diqqətdə saxlayır. Ömrünün 25 ilini idmana həsr edən Zülfüqar Süleymanovun dopinqdən istifadəsi qeyri-mümkündür. Dörd dəfə Avropa mükafatçısı olmuşam. Həmin yarışlarda üç dəfə bürünc, bir dəfə gümüş medala yiyələnmişəm. Həmçinin III İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıyam. İdmanda göstərdiyim xidmətlərim dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Bir daha qeyd edim ki, bu nailiyyətlərimin kölgədə qalmasını, adımın dopinqdən istifadədə ittiham olunmasını istəmirdim. Şükürlər olsun ki, istəyimə də çatdım”, - deyə o vurğulayıb.
Zülfüqar Süleymanov idmanda ömürlük diskvalifikasiyanın ləğvindən sonra gələcək planlarından da danışıb. Qeyd edib ki, uzun illərdən bəri yiyələndiyi təcrübəni yeniyetmə və gənc idmançılarla bölüşmək fikrindədir. “Çox istəyirəm ki, öz bilik və bacarıqlarımı yenidən gənc nəsillə bölüşüm. Ağırlıqqaldırma elə bir idman növüdür ki, müəllimsiz bu idman növü ilə məşğul olmaq çətindir. Azərbaycan Ağırlıqqaldırma Federasiyasına (AAF) müraciət edəcəyəm. İnanıram ki, yenidən məşqçilik fəaliyyətimi bərpa etmək üçün mənə şərait yaradılacaq. Bir sözlə, özümü idmansız və ağırlıqqaldırmasız təsəvvür edə bilmərəm”, - deyə o, əlavə edib.
Anar Əhmədov