Dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu, əvəzolunmaz xoşbəxtlikdir. Azərbaycan xalqı üçün Azərbaycanda xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qəhrəmanlığın, hünərin ən möhtəşəmi Vətən naminə edildiyindən, dahi rəhbərimiz Heydər Əliyevin xalq yolundakı tarixi xidmətləri vətən və dövlət, millət və xalq naminə göstərilən bütün xidmətlərin fövqündə dayanır. Vaxtilə yunan filosoflarından biri deyib ki, ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaq. Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil də məhz onun Azərbaycan miqyasında bu üç dəyəri bir araya gətirməyi bacarmasıdır. Heydər Əliyevin tarixi xidmətləri, xilaskarlıq, quruculuq missiyası, dahiliyi, həyata keçirdiyi siyasi, iqtisadi, sosial, mədəni islahatlar xalqımızın firavan yaşamasına səbəb oldu. İllər ötdükcə ümummilli liderimiz Heydər Əliyevin əzəmətini daha aydın dərk edir, qoyub getdiyi tarixi irsinin, ideyalarının yüksək dəyərlərini dərindən anlayırıq. Xalqların taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərə layiq olduqları əsl qiyməti vermək, onların vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri obyektiv dəyərləndirmək son dərəcə məsuliyyət tələb edən məsələdir. Belə gerçəklik fonunda qələmə alınan xatirələr, siyasi, elmi mülahizələr Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin böyüklüyünün miqyası barədə dolğun təsəvvür yaradır.
Şərəfli və mənalı ömür yolunun 34 ilini xalqının nicatına həsr etmiş ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndərimiz xalqımızın dövlətçilik şüurunun müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarmışdır.
Bu müdrik şəxsiyyətin bütün fəaliyyəti boyunca milli amil aparıcı xətt kimi özünü büruzə verir. Heydər Əliyev siyasi fəlsəfəsinə görə, milli amil ölkənin iqtisadi-siyasi, sosial-psixoloji, mədəni həyatının potensialını hərəkətə gətirən, ona stimul verən mexanizmdir. Ulu öndərimiz çıxışlarında hər zaman vurğulamışdır ki, müstəqil dövlət quruculuğunun nailiyyətini təmin edən əsas şərtlərdən birincisi məhz mənəvi-siyasi irsin varisliyidir. Bu siyasi irs mənəvi dəyərlərimizin qorunmasını, cəmiyyətin bütün potensialını milli maraqlar üzərində səfərbər edilməsini özündə əks etdirir.
Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti doğma vətəni düçar olduğu bəlalardan xilas etdi, ölkəmizi fəlakətə aparan təhlükəli proseslərin qarşısını aldı, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytardı. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı yaranmış, ictimai-siyasi sabitlik pozulmuş, xaos və anarxiya, hərc-mərclik mühiti formalaşmış, vətəndaş qarşıdurması dərinləşmiş, qanunçuluq və hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Bu sarsıntı və təlatümlər təsdiqlədi ki, yalnız dəmir iradəyə, geniş siyasi dünyagörüşə malik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır tarixi missiyanın öhdəsindən gələ bilər. Məhz böyük öndərimizin rəhbərliyi altında hakimiyyət böhranı qısa müddətdə tam aradan qaldırıldı. Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirdi, demokratik dəyərlərin təminatına zəmin yaratdı. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyi təmin edildi. Bütöv, kamil şəxsiyyət kimi Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də məhz onun siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə tapınması, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışması olmuşdur. Yüksək humanizm, şəxsiyyətə inam və hörmət, vətənpərvərlik prinsiplərini önə çəkən Heydər Əliyev Azərbaycan gəncliyinin yüksək səviyyədə inkişafı üçün əlindən gələn əsirgəməmişdir.
Azərbaycan istiqlalının, Azərbaycançılıq məfkurəsinin, milli müstəqilliyimizin dayaq nöqtəsi, enerji mənbəyi, hərəkətverici qüvvəsi olan xilaskar Heydər Əliyev ideyaları hər bir Azərbaycan vətəndaşını, bütün dünya azərbaycanlılarını birliyə, bütövlüyə və fədakarlığa çağırır. Bu ideyalar milli azadlığa qovuşan azad, müstəqil Azərbaycanın daha xoşbəxt gələcəyə gedən yollarında ən şərəfli, ən real, ən perspektivli xilaskar qüvvədir. Heydər Əliyev ideyaları fundamental əsaslarda, konseptual genişlikdə azərbaycançılıq məfkurəsinin beyin mərkəzidir. Bu ideyalar Azərbaycan reallığının bütöv tarixi yollarından bəhs edir, bugünün və sabahın, perspektiv gələcəyin yaxın və uzaq yollarını göstərir.
İnsan dünyanı dərk etdikcə vətəninə, torpağına məhəbbəti, sevgisi artır
Müasir tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş bu fenomen insan respublikaya rəhbərliyinin bütün dövrlərində möhkəm təməllərə əsaslanmaqla fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqillik, azadlıq məhfumlarını milli ideologiyaya çevirməyi bacarmışdır.
Bu gün Azərbaycan dövlətinin ən başlıca məqsədlərindən biri uşaq və gənclərin milli mənlik şüurunun və onlarda vətənpərvərlik hisslərinin dünyəvi prinsiplər əsasında formalaşmasına nail olmaqdır. Çünki, milli mənlik şüuru sayəsində insanlar bu və ya digər hadisələrə öz yaradıcı münasibəti münasibətini bildirir. Mütəxəssislər hesab edirlər ki, sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, insan başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru inkişaf etdikcə insanlarda vətənpərvərlik hissləri də güclənir. İnsan dünyanı dərk etdikcə vətəninə, torpağına məhəbbəti, sevgisi artır. Əlbəttə, vətənpərvərlik doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etməkdir. Bu hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Mütəxəssislərin fikrinci, milli mənlik şüuru insanda uşaqlıq illərindən formalaşır. Milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə ifadəsidir. Əlbəttə, milli şüurun formalaşmasında xalqın tarixi, ənənənəsi, onun görkəmli mütəfəkkir və şəxsiyyətləri, həmçinin digər milli atributlar güclü təsirə malikdir. Məhz milli mənlik şüuru sayəsində hər bir milllət, xalq, o cümlədən hər bir fərd tarixin inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edir. Ümumiyyətlə, milli mənlik şüuruna malik vətənpərvər insan mənsub olduğu xalqın, vətəndaşı olduğu ölkənin təəssübünü çəkir. Bu cür insan mənsub olduğu xalqın tarixi keçmişi və ənənələri ilə fəxr edir. Mənlik hissinə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. insani keyfiyyətlər aiddir.
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək, başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da yetərincədir. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır. SSRİ-nin son günlərində xalqımızın Arazın hər iki sahilində sərhəd yürüşü təşkil etməsi, dəmir tikanlı məftilləri qırması göstərdi ki, azərbaycanlılar tarixi ədalətin bərpasına çalışırlar. Özünü Arazın suyuna vurub öz doğma qardaş-bacısına qovuşmağa can atan soydaşlarımız, iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, həftələrlə Araz qırağında toplaşdılar. Gecə-gündüz burada qalan insanlar birləşmək arzusunda olduqlarını, azərbaycanlıların bir millət olduğunu dünyaya bəyan etdilər. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü belə yarandı.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 - Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü məhz həmin dövrdən başlayaraq təntənəli şəkildə bayram edilir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Dekabr ayının şaxtalı-çovğunlu günlərində Araz çayının kənarında toplaşan insanlar öz əməlləri ilə sübut etdilər ki, milli-mənlik şüuru və vətənpərvərlik, həmrəylik hissləri xalqımızın qəlbində daim yaşayır və yaşayacaq.
Müxtəlif ölkələrdə olan diaspor nümayəndəliklərimiz soydaşlarımızı bir araya gətirirlər
Bu il Azərbaycan dövlət müstəqilliyinin 21-ci ildönümünü qeyd etdi. Arxada qalan illlər ölkəmizdə bütün sahələrdə inkişafla xarakterizə oluna bilər. Eyni zamanda, bu inkişaf dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın fəaliyyətinə də aiddir. Xarici dövlətlərdə fəaliyyət göstərən həmyerlilərimiz doğma yurdumuzun başına gələn faciələri bütün dünyaya çatdırmaq üçün birlik, həmrəylik nümayiş etdirirlər. Hazırda soydaşlarımızı bir araya gətirmək üçün müxtəlif ölkələrdə diasporlarımız fəaliyyət göstərir.
Müstəqilliyimizin ilk illərində bir tərəfdən erməni işğalı ilə qarşılaşan Azərbaycan digər tərəfdən güclü erməni diasporunun informasiya blokadasından əziyyət çəkirdi. Həmin dövrdə erməni diasporunun qarşısında dayanan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran diasporadan danışmaq belə mümkün deyildi. Ümumilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə bu sahədə ciddi dönüş baş verdi. Ulu öndərimiz xarici dövlətlərə etdiyi bütün rəsmi və işgüzar səfərləri zamanı həmin ölkələrdəki azərbaycanlılarla görüşüb, onların bir araya gəlməsi, təşkilatlanması üçün öz tövsiyələrini verirdi. Zaman keçdikcə bu sahədə aparılan siyasət öz bəhrəsini göstərirdi. Dünya azərbaycanlıları bir araya gələrək təşkilatlanmağa başladılar. Soydaşlarımızın doğma vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində milli liderin atdığı mühüm addımlardan biri də 2001-ci il noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə sərəncamı oldu. Bu, çox vacib və tarixi bir qərar idi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəlib, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yollarını müzakirə etdilər. Milli lider qurultaydakı çıxışı zamanı soydaşlarımızı daim vətənə bağlı olmağa səsləmişdi: "İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram- gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”. Növbəti qurultay isə Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə keçirildi. Bu qurultay da vacib bir hadisəyə çevrildi və Azərbaycan diasporunun qarşısında yeni vəzifələr müəyyən etdi. Azərbaycan Prezidentinin də diaspor və lobbi quruculuğunda əhəmiyyət verdiyi məsələlərdən biri məhz Türkiyə və Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətidir. Xatırladaq ki, 2007-ci ildə Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin 9-cu Dostluq və Əməkdaşlıq Qurultayının rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev türk diaspor təşkilatlarının bütün dünyada çox böyük tarixi olduğunu, Azərbaycan diaspor təşkilatlarının isə gənc olduğunu vurğulamışdır: "Amma bunlar birləşərək, bir nöqtəyə vuraraq öz məqsədlərinə nail olurlar, ölkələrimizi müdafiə edirlər, ölkələrimizin milli maraqlarını müdafiə edirlər. Biz dövlətlər də öz dəstəyimizlə onları gücləndiririk. Onların orada bütün strukturlarda fəal olması bizim gücümüzdür. Onlar həm iqtisadi sektorda, həm də siyasi müstəvidə - yaşadıqları ölkələrin parlamentlərində təmsil olunmalıdırlar”. Qeyd edək ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiəsində dünya azərbaycanlılarının fəal iştirakını təmin etmək, xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənin mənafeləri naminə vahid amal ətrafında birləşmək əzmini və iradəsini ifadə etmək məqsədi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edib. Həmrəylik Xartiyasının əsaslandığı başlıca prinsiplər Azərbaycan xalqının milli maraqlarının davamlı olaraq müdafiəsi, beynəlxalq hüquq normalarına və Azərbaycan icmalarının fəaliyyət göstərdiyi xarici ölkələrin qanunvericilik aktlarının tələblərinə riayət etmək, başqa xalqların nümayəndələrinə qarşı münasibətdə dini və milli tolerantlıq nümayiş etdirmək və s.
2011-ci ildə isə Bakıda Dünya Azərbaycanlılarının növbəti, üçüncü qurultayı keçirildi. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya (153), Türkiyə (94), Ukrayna (45), Almaniya (45), Gürcüstan (40), ABŞ (24), İsveç (22), Hollandiya (21) yer almışdır. Tədbirə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları qatılmışdılar. Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan, amma Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvləri qonaq qismində dəvət olunmuşdular. Qurultayda xarici ölkələrdə yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi müzakirə edilmişdi.
Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, dünya miqyaslı layihələr həyata keçirir. Dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görməyə maraqlıdırlar. Azərbaycanın etibarlı tərəfdaş imici qazanması dövlətimizin yeritdiyi müstəqil xarici siyasət kursu ilə bağlıdır. Malik olduğu bütün bu üstünlüklər Azərbaycan dövlətinə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara, Azərbaycan diasporuna daha böyük qayğı göstərməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Dünya Azərbaycanlılarının 3-cü Qurultayından keçən dövr ərzində qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib. Bu gün artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrdə dövlətimizi layiqincə təmsil etdiyini deyə bilərik.
Zaur Mehtiyev
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.