Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb. Bakı vaxtı ilə saat 21:30-da başlayan mərasim ilk dəfə olaraq stadiondan kənarda - Sena çayının ətrafında təşkil olunub.Mərasimdə əvvəlcə iştirakçı ölkələrin paradı olub. Sena çayında gəmilərlə keçirilən parada ilk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları paraddan keçib. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəliblər. Azərbaycan idmançıları paradda 16-cı sırada yer alıblar. Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandırıblar.
Qeyd edək ki, Azərbaycan Olimpiya komandası Paris-2024-də 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunur. Olimpiya Oyunlarına avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.