"İlk dəfədir ki, Olimpiya Oyunlarında iştirak edirəm. Bunun üçün də bir qədər həyəcanlı idim"
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının badminton yarışlarında mübarizə aparan təmsilçimiz Keişa Fatimə Zəhra deyib.
İlk görüşdə məğlub olan badmintonçumuz növbəti mərhələyə qələbə üçün çıxacağını qeyd edib.
“İlk olimpiadam olduğu üçün bir qədər həyəcanlı idim. Rəqibim reytinq cədvəlinin altıncı pilləsində qərarlaşıb. Parisə medal qazanmaq üçün gəldiyini gizlətmirdi. İlk görüşdə məğlub oldum. Çalışacağam ki, növbəti oyunda daha yaxşı çıxış edim”, - deyə badmintonçumuz bildirib.
Qeyd edək N qrupunda yer alan idmançımız ilk görüşündə çinli He Bin Çzyao ilə qarşılaşıb. Görüş rəqib idmançının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Badmintonçumuz növbəti oyununu iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmorla qarşılaşacaq.