Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Açılış mərasimi ilk dəfə olaraq stadiondan kənarda - Sena çayının ətrafında təşkil olunub.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin (MOK) viste-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev də izləyib.
Azərbaycanın Olimpiya komandası ölkələrin paradında 16-cı sırada yer alıb. Paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.
Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edir.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.