Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın beşinci günündə Azərbaycan komandasının daha üç idmançısı mübarizə aparacaq. Təmsilçilərimiz cüdo və boks yarışlarında güclərini sınayacaqlar. Bakı vaxtı ilə saat 12:00-da start götürəcək cüdo yarışlarında komandamızın açılış mərasimindəki bayraqdarı Gültac Məmmədəliyeva (-52 kq) və Yaşar Nəcəfov (-66 kq) tatami üzərinə çıxacaq. G.Məmmədəliyevanın ilk rəqibi Anqelika Delqado (Amerika Birləşmiş Ştatları) olacaq. Yaşar Nəcəfov isə ilk mərhələdə serbiyalı Strahinya Bunçiçlə qarşılaşacaq.
Boks yarşlarında Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Alfonso Dominqes (92 kq) ilk görüşünə çıxacaq. Mübarizəyə 1/8 finaldan başlayacaq dünya çempionumuzun ilk rəqibi kubalı Xulio Sesar la Krus olacaq. Görüş Bakı vaxtı ilə 18:18-dən etibarən başlayacaq.
Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris-2024-də Azərbaycan Olimpiya komandası 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edir.