Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları Azərbaycan idmançıları üçün tarixi nəticə ilə əlamətdar oldu. Belə ki, ilk dəfə bir olimpiadada iki qızıl medal qazanan cüdoçularımız bu nəticə ilə Yaponiya yığmasından sonra ikinci yeri tutdu. Komandamıza medalları Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) qazandırdı. Hidayət Heydərovun çempionluq sevinci onun şəxsi məşqçisi Tərlan Həsənovun da xatirəsində ən unudulmaz günlərdən biri kimi qalacaq. O, artıq özünün də “Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində dediyi kimi, 52 illik məşqçilik fəaliyyətindən sonra nəhayət ki, yetirmələri arasında Olimpiya çempionu oldu. Təcrübəli mütəxəssis Tərlan Həsənovla müsahibəmizi oxuculara təqdim edirik.
- Tərlan müəllim, yetirməniz Hidayət Heydərov Parisdə Azərbaycana ilk olimpiya qızılını qazandırdı. Bu münasibətlə şəxsi məşqçisi kimi Sizi də təbrik edirik. Yəqin ki, bu uğuru ondan çoxdan gözləyirdiniz?
- Hidayət 6 yaşından cüdo məşqlərinə gəlib. Artıq onun 27 yaşı var. Düzdür, o yığma komandanın üzvü olduğuna görə onunla fəal şəkildə məşğul ola bilmirəm. Amma ona bütün tapşırıqlarmı verirəm. Hidayət Azərbaycanın ən perspektivli cüdoçularından biridir. Buna görə də 80 illik yubileyimdə söz verdim ki, mən Olimpiya çempionu yetişdirmədən bu dünyadan köçməyəcəyəm. Hidayət Parisdə çətinliklə də olsa rəqiblərini bir-bir məğlub edərək, Olimpiya zirvəsini fəth etdi, verdiyi sözün üstündə dayandı. Üzərindəki məsuliyyəti yaxşı dərk edirdi. Ona olan etimadları doğrultdu. O, yetirmələrim arasında yeganə idmançıdır ki, bu zirvəyə çatıb. Bütün bunlar 21 il ərzində qazandığı təcrübədən irəli gəlir. O, bu illər ərzində iki dəfə yeniyetmələr arasında Avropa, gənclər arasında dünya çempionu olub. 4 dəfə böyüklər arasında Avropa, dünya və Olimpiya çempionu adını qazandı. Yığma komandanın məşqçilərinin, xüsusən də Elnur Məmmədlinin səyləri özünü doğrultdu. O, deyirdi ki, Elçin İsmayılovun üçqat Avropa çempionu rekordunu qıracağam. Dediyini də etdi, bu il dördqat Avropa çempionu adını qazandı. Bundan başqa dünya və Olimpiya çempionu olacağına söz vermişdi, sözünün üstündə dayandı. Hidayət xüsusi xarakterli idmançıdır. Qarşısına nəyisə məqsəd qoyursa, nə olursa olsun, o məqsədə çatmağa nail olur. Məqsədi Azərbaycanın ən görkəmli idmançısı olduğunu sübut etmək idi. Azərbaycanda heç bir idmançı, bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olmayıb. O, bunu bacardı.
- Siz onunla Parisə getməmişdiniz. Kadrlardan da görünür ki, evinizdə çıxışını izləyib qələbəsinə sevinirsiz. Maraqlıdır, onu olimpiadaya yola salanda nələri tövsiyə etdiniz?
- Paris-2024-ə yollanmazdan əvvəl onun üçün xüsusi proqram hazırlamışdım. Ona xüsusi olaraq 13 tapşırıq vermişdim. Nələrin üzərində işləmək lazım olduğunu yazmışdım. Formasını itirməməsi, xırda nüanslara diqqət etməsi, səhvlərə yol verməməsi və kumi katalarda rəqibi qabaqlaması üçün nə lazımdırsa hər birini izah etdim və olimpiadaya yola saldım. Onu Parisə yola salanda dedim ki, rəqiblərinin hamısı sənə qarşı hazırdırlar, bir səhvini gözləyirlər. Heç bir rəqibinə fürsət vermə. Bir nömrəli cüdoçusan və növbəti dəfə bunu sübuta yetir. Hidayət hər yarışa gedəndə ona gün təyin edirəm ki, həmin gündən etibarən çəkisinə nəzarət etsin. Demək olar ki, hər dəfə yarış üçün 10-12 kilo çəki salır. Tərəzidən çıxandan sonra ona zəng etdim. Qorxudan görüntülü zəng edə bilmədim. Çünki əgər həmin vaxtı çəkisini sala bilmədiyini görsəydim ruhdan düşərdim. Bu ruh düşkünlüyü ona da təsir edə bilərdi. Səsindən hiss etdim ki, hər şey qaydasındadır. Onun səsi, danışığı mənə ruh verdi.
- Qələbədən sonra Hidayətlə danışa bildiniz?
- Çempion olduqdan sonra təbrik etmək üçün ona zəng etdim. Amma telefonu açmadı. Səhər 4-də, sübh namazı vaxtı mənə zəng edərək üzrxahlıq etdi. Həmin vaxt ölkə başçısı cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın onu telefonla təbrik etdiyini dedi. Cənab Prezidentimiz İlham Əliyevə və Mehriban xanım Əliyevaya Los-Anceles-2028-ə də yüksək səviyyədə hazırlaşaraq, ikinci dəfə Olimpiya çempionu adını qazanacağına söz verdiyini dedi. Soruşdum ki, bu çəkidə, dedi bəli 73 kiloqramda.
- Yəqin ki, Hidayət uşaq yaşlarında dəcəl olub. Onu necə yola gətirirdiniz?
- Hidayət uşaqlıqda çox dəcəl olsa da hər zaman sözümə qulaq asıb. Mən onunla yalnız çəkisinə görə mübarizə aparmışam. Mənə hər zaman deyirdilər ki, Tərlan müəllim, onun saçını qırxdırın. Amma mən onlara cavab verirdim ki, onun saçı mənə mane olmur, bu, onun imicidir. Lakin bir gün “Masters” turnirində onun saçı açıldığına görə hakimlər hansoku-make verdilər. Çağırdım yanıma dedim ki, gördün, saçın sənə mane oldu. Sənə görə məyus oldum ki, niyə saçına görə məğlubiyyətlə üzləşdin. Ondan sonra saçını qırxdırdı. Sözüm odur ki, mən məşğul olduğum idmançıları uşaqlıqda sındırmıram.
- Hidayət Olimpiya çempionu olmaqla, Sizin ən böyük arzunuzu reallaşdırdı. Bu anı çoxdan gözləyirdiniz. Olimpiya çempionunun məşqçisi olmaq necə bir hissdir?
- Buna qədər yetirmələrimin yetişdirdiyi idmançılar arasında Olimpiya çempionu və mükafatçısı olmuşdu. Amma mən Olimpiya çempionu verə bilməmişdim. Hidayət əgər bu olimpiadada gümüş və ya bürünc medal qazansa idi, bunun mənim üçün sevinci olmayacaqdı. Elə Hidayət üçün də. Bilirdim ki, belə bir şans bir də ələ düşməyəcək. Onu qorumaq, istirahətinə fikir vermək, müəyyən vərdişlərdən çəkindirmək həqiqətən də böyük bir iş idi. Əsl əzmkarlıq və xarakter ortaya qoydu. Mən bu qələbəni 52 il gözləmişəm. Mənim Hidayətdən də istedadlı idmançılarım olub. Amma təəssüf ki, onları həyat, pis mühit və “dostlar” sındırıb, məndən alıb. Bəziləri başqa müəllimin yanına qaçıb gedib, bəzilərini isə valideynləri təhsilə yönəldib. Amma Hidayət ilk dəfə 6 yaşında yanıma gəldi və 27 yaşında Olimpiya çempionu oldu. Yadıma gəlir ki, keçən il yanıma gəlib dedi ki, Tərlan müəllim 26 yaşım var, amma hələ də dünya çempionu olmamışam. Ona təsəlli verdim, inandırdım ki, sən bunu bacaracaqsan. Dünya çempionatında finala çıxanda sevincindən ağladı. O, finala çıxanda hər zaman qalib gəlir. Finalların adamıdır Hidayət. Onun üçün gümüş və bürünc medal yüksək nəticə sayılmamalıdır.
- Hər bir idmançının eniş dövrü olur. Hidayətdə də belə bir dövr var idi. Onu necə geri qaytara bildiniz?
- Ötən olimpiada qabağı, ruh düşkünlüyü oldu. Ona 81 çəkidə güləşməyi təklif etsələr də, buna razı olmadı. Amma onu yenidən yavaş-yavaş özünə qaytara bildim. Zamanla hər şeyin düzələcəyini başa saldım. İnanırdım ona. Bilirsiniz, idmançı eqoist olmasa heç nə edə bilməz. Hidayət üçün məğlubiyyət faciəyə bərabərdir. O, uşaqlıqdan uduzanda oturub ağlayırdı. Olimpiada qabağı dizində zədə var idi. Həkimlər əməliyyat olunmağı məsləhət görmüşdülər. Amma bu əməliyyat onu yarım il geri salacaqdı. Belə qərar verdik ki, müalicə ilə davam edək. Şükür ki, nə Avropa, nə dünya, nə də Olimpiya Oyunlarında zədələnmədi.
- Tərlan müəllim, maraqlıdır, Parisə yollanan 9 cüdoçumuzdan hansı nəticələri gözləyirdiniz? Ümumiyyətlə, sizcə hansı idmançılar ümidləri doğrultmadılar?
- Komandamızdan qızıl medalı Hidayətdən və Zelim Kotsoyevdən gözləyirdim. Elcan Hacıyevin də mükafatçılar sırasına düşəcəyinə inanırdım. O son Avropa çempionu kimi bu Oyunlara yollanmışdı. Amma görünür, olimpiada təcrübəsinin və psixoloji hazırlığının az olması ona mane oldu. Yaşar və Balabəy də perspektivli cüdoçulardır. Amma onlar olimpiadanın psixoloji yükünü çiyinlərində saxlaya bilmədilər. Olimpiya Oyunlarında atmosfer fərqli olur. Hidayət özü də etiraf edirdi ki, ilk iki görüşdə həyəcandan tutulmuşdu. Amma əsas odur ki, start həyəcanını boğa biləsən. Hidayət finalda risk etdi. O, finaldakı fəndi ömründə ikinci dəfə idi ki, işlədirdi. Bu, onun fəndi deyil, Rüstəm Orucovun, digər tələbəm Məmmədəli Mehdiyevin fəndidir. Fransalı cüdoçu ondan başqa fəndləri gözləyirdi, bunu yox. Onun qələbəsi mənə stimul verdi. Hidayət, Olimpiya çempionluğunu bacardısa deməli, necə deyərlər, onun qabına nə isə qoya bilmişəm. Bu, Azərbaycan idmanının, Cüdo Federasiyasının qələbəsi, son illər görülən işlərin bəhrəsi idi. Bu, tək mənim deyil, həm də yığma komandanın və onun üzərində əziyyəti olan məşqçilərin qələbəsidir. Mən ondan Los-Anceles-2028-də də eyni uğuru təkrarlamağı gözləyirəm. Bunun üçün onunla bu yaxınlarda görüşüb, öz tövsiyələrimi verəcəyəm. Onu qorumaq lazımdır. Ulduz xəstəliyinə tutulmasına yol verməməli və qələbələrinin ardını gətirməsini təmin etməliyik.
Azər Əlizadə