Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu olimpiadada şübhəsiz ki, ən böyük azarkeş kütləsi fransalılardan ibarətdir. Yerli idmansevərlər bir əsrdən sonra yenidən möhtəşəm Olimpiya Oyunlarının öz ölkəsində keçirilməsindən məmnun görünürlər. Fransalı azarkeşlər yarışların keçirildiyi tribunalarda əksəriyyət təşkil edirlər. Bu isə doğma azarkeşlər önündə mübarizə aparan idmançıların çıxışlarına əlavə stimul verir. Lakin idman mübarizəsində qəbul olunmuş qaydalar dəyişməz olaraq qalır. Fransalı azarkeşlərin dəstəyinə baxmayaraq, rəqib idmançıların göstərdiyi ustalıq sayəsində yerli azarkeşlər öz idmançılarının məğlubiyyəti ilə barışmalı olurlar. Biz bunun cüdo yarışları zamanı bir daha şahidi olduq. Paris-2024-ün açılış mərasimi zamanı ölkəmizə qarşı qərəz nümayiş olunmasına baxmayaraq, cüdoçumuz Hidayət Heydərovun finalda fransalı Joan Benjamin Qabanı məğlub edərək Olimpiya çempionu adını qazandı. Azərbaycan atleti bununla sübut etdi ki, hər şey idmançının öz əlindədir. Tatami üzərində əldə olunan qələbəyə azarkeş istəsə də, istəməsə də ən yaxşı halda şahidlik edə bilər. Hidayət Heydərovun möhtəşəm qələbəsi qərəz nümayiş etdirən yerli azarkeşləri himnimizi ayaq üstə dinləməyə məcbur etdi və onlar Azərbaycanın üçrəngli bayrağını ən yüksək zirvədə seyr etməli oldular. Budur əsl fədakarlıq, vətənpərvərlik və əzmkar mübarizədən doğan reallıq. Bu Olimpiya Oyunlarında fransalı azarkeşlərin məcburiyyət qarışısında qalıb, bizim idmançıların uğurlarını dəstəklədiklərinin də şahidi olduq. Belə bir hadisə qadınlardan ibarət 8 komandanın iştirakı ilə keçirilən 3x3 basketbol yığmalarının mübarizəsində Azərbaycan və Çin millilərinin oyununda baş verdi. Bu görüşdə yerli azarkeşlər Azərbaycan təmsilçilərini dəstəkləyirdilər. Bu “doğmalığ”ın əsas səbəbi ondan ibarət idi ki, basketbolçu qızlarımız çinli rəqiblərinə qalib gəlsin, Fransa millisinin 6 ən yaxşı komandadan biri olması üçün imkan yaransın. Bu səbəbdən də həmin görüşdə qalib gələn basketbolçularımızın səbətə atdığı hər bir top böyük coşğu ilə qarşılanırdı.
Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları heç də azarkeş dəstəyindən kənarda qalmayıb. Parisə yollanan Azərbaycan nümayəndə heyətinin üzvləri arenalarda idmançılarımızı sona qədər izləyirlər. Müxtəlif idman federasiyalarının rəsmiləri, Parisdə yaşayan həmyerlilərimiz və Fransa paytaxtına yollanan azarkeşlərimiz də idmançılarımızı «Azərbaycan» sədaları altında qələbəyə səsləyirlər. Bu isə öz növbəsində birliyin və Vətən sevgisinin bariz nümunəsidir. Biz dünyanın hər yerində birlikdə güclüyük. Bizi birləşdirən isə azərbaycançılıq ideyası, vətənpərvərlik hissləri və milli-mənəvi dəyərlərimizdir. İnanırıq ki, bundan sonra da, dünyanın idman arenalarında Azərbaycanın dövlət himni səsləndiriləcək, bayrağımız daim zirvələrdə dalğalanacaq.
Ölkəmizin idmançılarına dəstək birliyin və Vətən sevgisinin bariz nümunəsidir