Azərbaycan Olimpiya komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti gümüş medalını qazanıb. Bu uğura 92 kq çəki dərəcəsində çıxış edən boksçumuz Alfonso Dominqes nail olub. Mübarizəyə 1/8 finaldan başlayan dəri əlcək ustamız ilk mərhələdə kubalı ikiqat Olimpiya çempionu Xulio Sesar la Krusa qalib gəlib. 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan), yarımfinalda isə Enmanuel Reyes Playa (İspaniya) qalib gələn Alfonso Dominqes adını finala yazdırıb. Bu mərhələdə boksçumuzun rəqibi özbəkistanlı Lazizbek Mullojonov olub.
Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə məğlub olan boksçumuz Paris-2024-ün gümüş medalına sahib çıxıb.
Bununla da Tokio-2020-də bürünc medal qazanan Alfonso Dominqes Azərbaycan idman tarixinə iki Olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.
Daha əvvəl komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.